Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2185/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarəsi müqaviləsi, icarə haqqının tutulması, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 sentyabr 2016-cı il tarixli 09/71 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2017 - xx.xx.2017-ci il dövrü üzrə 5 957,37 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq sonuncunun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin faktiki əsası olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 09/71 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2929-cu məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 29315,5 kv.m. torpaq sahəsi "xxxx" ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Bundan əvvəl xx.xx.2016-cı il tarixli 09/71 nömrəli icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 63/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2017-ci il tarixə yaranmış 21205 manat məbləğində icarə haqqı borcu tutulmuşdur. Hazırda müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2017 - xx.xx.2017-ci il dövrü üzrə ödənilməli olan 5957,37 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli 3-21-3/2-17152/2024 xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarəhaqqını ödəməkdən imtina etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 700.1-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2185/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 09/71 nömrəli icarə müqaviləsi üzrə pulun tutulmasına dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-63/2018 saylı 27 dekabr 2018-ci il tarixli qüvvəyə minmiş qətnaməsi mövcuddur. İllər keçdikdən sonra yenidən bir dəfə baxılmış tələbə dair iddia qaldırması qanuna ziddir. Belə ki, bu mübahisələr eyni tərəflər arasındadır və iddianın predmetləri də eynidir. İddiaçı iddia edir ki, cavabdehə xx.xx.2016-cı il tarixli 09/71 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2017 - xx.xx.2017-ci il dövrü üzrə ödənilməli olan 5957,37 manat icarə haqqı borcunun ödənilməsi barədə xx.xx.2024cü il tarixli 3-21-3/2-17152/2024 xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Lakin qeyd olunan xəbərdarlıq məktubu torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 09/71 nömrəli xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edildiyi xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə 27162,37 manat məbləğində icarə haqqı borcunun ödənilməsinin təmin olunması barəsində idi. Buradan da göründüyü kimi, xəbərdarlıq məktubu iddiaçının iddia ərizəsində nəzərdə tutulmuş xx.xx.2017 - xx.xx.2017-ci il dövrü üzrə 5957,37 manat ödənilməsi tələb edilən icarə haqqı borcu barəsində deyildir. Həmçinin xx.xx.2016-cı il tarixli 09/71 nömrəli müqavilənin müddəti xx.xx.2017-ci ildə bitmiş və müqavilənin tarixi uzadılmamışdır. Sözügedən icarə müqaviləsinə münasibətdə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin Mülki Məcəllədə 5 il müəyyən olunduğu, Mülki Məcəllənin 374-cü maddəsi və müqavilənin xx.xx.2017-ci ildə bitdiyi və iddiaçının iddia vermək hüququnun ötürüldüyü nəzərə alınsa, iddiaçının iddia vermək müddəti ötmüşdür.
6. Etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 372.2, 374-cü və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, 29 sentyabr 2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin müddəti uzadılmamış, cavabdeh tərəflə yeni müqavilə bağlanmamışdır.
8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verdi, iddia müddətinin ötürüldüyünü bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Torpaq icarəsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək aşağıdakıları müəyyən edir: - İddiaçı ilə cavabdeh arasında 29 sentyabr 2016-ci il tarixli 09/71 nömrəli torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2929-cu məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 29315,5 kv.m torpaq sahəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarənin müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən sonra müqavilənin müddəti uzadılmamışdır. - İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 29 sentyabr 2016-ci il tarixli 09/71 nömrəli torpaq icarəsi müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə hesablanmış 21205 manat icarə haqqı borcunun tutulmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. - Cavabdehin şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qalıq icarə haqqı borcu 5957,37 (27162,37-21205) manat təşkil edir.
13. İddiaçı 29 sentyabr 2016-ci il tarixli 09/71 nömrəli torpaq icarəsi müqaviləsi üzrə xx.xx.2017 - xx.xx.2017-ci il tarixləri əhatə edən dövr üzrə qalıq 5957,37 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə ödənilməsini tələb edir.
14. Cavabdeh iddianın əsassız olduğunu, iddia müddətinin ötürüldüyünü bildirir və iddianın rədd olunmasını xahiş edir.
15. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
16. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
18. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
19. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
21. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
22. Həmin Qanunun 14-cü maddəsinə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
24. Qeyd olunan normaların dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, iddiaçı adıçəkilən müqavilə üzrə iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malikdir, subyektiv hüququ pozulmuşdur və bu pozuntu tələb olunan dövr üçün icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmiş cavabdeh tərəfindən edilmişdir.
25. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
28. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
30. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
31. Məhkəmə icarə müqaviləsi üzrə icra müddətini nəzərə alaraq qeyd edir ki, icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti 2017ci ilin iyul-sentyabr aylarında başlamışdır. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür.
32. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən 29 sentyabr 2016-cı il tarixli 09/71 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı məbləğlərinin tələb edilməsi üzrə iddia müddəti ötürülmüş, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı olmamışdır.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbi üzrə iddia müddəti keçdiyindən həmin tələb rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. İddianın rədd edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehdən tutulmamalıdır.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova