Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2189/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (hovuz və fitnes zalı) əsassız olaraq hesablanmış 9178 manat və 804 manat olmaqla cəmi 9982 məbləğində borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (hovuz və fitnes zalı) X8 ilə X9 arasında bağlanmış 2022-ci il tarixli, 16 saylı icarə müqaviləsinə əsasən sonuncunun icarəsindədir. Həmin obyektin abonent kodu onun adınadır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları obyektə gələrək su sayğacına baxış keçirtmişlər və Su Sayğacının mexaniki hissəsinin üzərində yerləşən plastik hissəsinin (qurğuşun plombun simi keçən hissə) qırıq olduğunu, Su Sayğacının hesablayıcı mexanizmini gövdəyə birləşdirən vintlərin üzərindəki qurğuşun möhürlərin olmadığını, Su Sayğacının hesablayıcı mexanizminin alt hissəsində izlər olduğunu, Su Sayğacının hesablayıcı mexanizmində müdaxilə aşkar olunduğu üçün Su Sayğacı Cavabdeh ASC X11 İdarəsi “X4 Laboratoriyası”na göndərilmişdir. Həmin laboratoriyanın tərtib etdiyi 30522/0273617 nömrəli xx.xx.2023-cü il tarixli Rəyin nəticəsinə əsasən Suölçən cihazın istismara yararsız olmasına dair rəy verilmişdir. Cəmiyyət tərəfindən su sayğaıcına hər hansı müdaxilə olunmamışdır. Bu sayğac cavabdehin nümayəndələri tərəfindən sökülərək təmir olunması üçün laboratoriyaya göndərilərkən Abonent və dövlət plomblarının üzərində olduğu öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq sözügedən rəydən görünür ki, guya Su Sayğacının mexaniki hissəsinin üzərində yerləşən plastik hissəsinin (qurğuşun plombun simi keçən hissə) qırıq olmuş, Su Sayğacının hesablayıcı mexanizmini gövdəyə birləşdirən vintlərin üzərindəki qurğuşun möhürləri olmamış, Su Sayğacının hesablayıcı mexanizminin alt hissəsində izlər olmuş, Su Sayğacının hesablayıcı mexanizmində müdaxilə aşkar olunmuşdur. Həmcinin xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC tərəfindən 23 sentyabr 2023-cü ildə istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 804 manat məbləğində sərfiyyat haqqında ödəniş tapşıırığı göndərmişdir. Cavabdeh ASC 804 manatı hansı hesablamalar əsasında apardığını və hansı sayğacda əldə etdiyini aydın deyildir. Belə ki, onun adına olan abonent kodu üzrə istifadə olunmuş suyun ödənişi “Smart kart” vasitəsilə həyata keçirilib. Yəni karta ödəniş apardıqdan sonra su sərfiyyatı bərpa edilir. Bundan əlavə sözügedən su sayğacı cəmiyyətin ərazisindən kənar ərazidə yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğaca kənar şəxslərin müdaxilə edilməsi halı da mümkündür ki, buna görə cəmiyyət məsuliyyət daşıya bilməz. Cavabdeh tərəfindən yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamış və həmin yoxlama nəticəsində 9178 manat məbləğində borc yazılmışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadan 9178 manat məbləğində borc əsassız hesablanmışdır. Odur ki, qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (hovuz və fitnes zalı) əsassız olaraq hesablanmış 9178 manat məbləğində borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxlamalar keçirilərkən abonentçiyə heç bir məlumat verilməmişdir, aktlar belə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının iddiasının əsassız olmasına dair hər-hansı bir sübut təqdim edilməyib. Sayğaca iddiaçının hər-hansı müdaxiləsi olmayıb. Cavabdeh dedi ki, müdaxilə ilə bağlı foto-video çəkilişləri təqdim edəcək, lakin etməyib. Sayğacın aparılması, qaytarılması, quraşdırılması zamanı abonentçinin iştirakı olmayıb. Sayğac binanın tamam başqa hissəsində yerləşir. Yalnız cavabdeh suyu kəsəndən sonra binanın komendantına müraciət etdikləri zaman biliblər ki, sayğacı götürüb aparıblar. İddianın təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, sənədlərdən görünür ki, cavabdehin istifadə etdiyi obyektdə iki dəfə yoxlama keçirilmişdir, xx.xx.2023-cü il tarixində birinci yoxlama keçirilmiş, buna dair laboratoriyanın rəyi vardır, çıxarılma rəyinin də tarixi xx.xx.2023-cü il tarixlidir. xx.xx.2023cü il tarixində isə laboratoriya rəyi verilmişdir. Həmin rəy əsasında da 9180 manat cərimə məbləği də hesablanmışdır. İkinci yoxlamanın aparılması nəticəsidə sayğaca müdaxilə olunub-olmadığının müəyyən edilməsi məqsədilə yeni sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırılanadək, yəni 25 gün ərzində müəssisə sayğacsız işləmişdir, bu səbəbdən sərfiyyatı sayğaca gedən borunun en kəsiyinə uyğun olaraq hesablanmışdır, 804 manat məbləğ müəyyən edilmişdir. 804 manat məbləğ avqustun 1-dən sentyabr ayının 6-na kimi hesablanmışdır. Birinci də sayğacın işləməsində müdaxilə halı aşkarlanmışdır, plastik hissəsi sınıq olmuşdur, hesablayıcı mexanizimin alt hissəsinə müdaxilə olmuşdur. 2-ci dəfə isə sayğacdan keçməyən xətt aşkarlanmışdır. Birinci yoxlama reyestrdə qeydiyyatdan keçməmişdir. Yusifov Vasif adlı şəxs sayğacın götürülməsi ilə bağlı aktı imzalamaqdan imtina etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Cavabdeh ASC-nin X11ı idarəsinin “X5 Laboratoriyası”nın xx.xx.2023-cü il tarixli rəyinə əsasən S.C-nın mexaniki hissəsinin üzərinə yerləşən plastik hissəsi (qurğuşun plombun simi keçən hissə) qırıq olduğu, S.C-nin hesablayıcı mexanizmini gövdəyə birləşdirən vintlərin üzərindəki qurğuşun möhürləri olmadığı, S.C.-nin hesablayıcı mexanizminin alt hissəsində izlər olduğu və hesablayıcı mexanizmində müdaxilə aşkar olunduğu qeyd olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən X1 istifadəyə görə 804 manat borcu olduğu qeyd olunmuşdur.
8. Sahibkarlıq sahəsində aparılan yoxlamalın vahid məlumat reyestrində əldə edilmiş KY231968753 saylı çıxarışa əsasən sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi üçün xx.xx.2023-xx.xx.2023-cü dövrləri əhatə edən sahibkarlıq subyektində yoxlama keçirildiyi qeyd olunmuşdur.
9. 051577 saylı abonent haqqında məlumatdan göründüyü kimi 2023-cü ilin avqust ayı üzrə iddiaçıya sudan və çirkab sulardanistifadəyə görə 4590 manat olmaqla 9180 manat, 2023-cü ilin sentyabr ayı üzrə isə 402 manat olmaqla cəmi 804 manat məbləğində borc hesablanmışdır.
10. 29.08.2023-cü il tarixli abonentin məlumatlarından əldə edilmiş çıxarışa əsasən X3 9047,29 manat borcu olduğu qeyd olunmuşdur.
11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək su sayğacına baxış keçirtmişlər və Su Sayğacının mexaniki hissəsinin üzərində yerləşən plastik hissəsinin (qurğuşun plombun simi keçən hissə) qırıq olduğunu, Su Sayğacının hesablayıcı mexanizmini gövdəyə birləşdirən vintlərin üzərindəki qurğuşun möhürlərin olmadığını, Su Sayğacının hesablayıcı mexanizminin alt hissəsində izlərin olduğu, Su Sayğacının hesablayıcı mexanizmində müdaxilə aşkar olunduğu üçün Su Sayğacı Cavabdeh ASC X11 İdarəsi “X4 Laboratoriyası”na göndərilmişdir. Həmin laboratoriyanın tərtib etdiyi 30522/0273617 nömrəli xx.xx.2023-cü il tarixli Rəyin nəticəsinə əsasən Suölçən cihazın istismara yararsız olmasına dair rəy verilmişdir. 051577 saylı abonent haqqında məlumatdan göründüyü kimi 2023-cü ilin avqust ayı üzrə iddiaçıya sudan və çirkab sulardanistifadəyə görə 4590 manat olmaqla 9180 manat, 2023-cü ilin sentyabr ayı üzrə isə 402 manat olmaqla cəmi 804 manat məbləğində borc hesablanmışdır.
14. Hazırda İddiaçı ona əsassız hesablanmış cəmi 9982 manat məbləğində borcun silinməsini məhkəmədə mübahisələndirmişdir.
15. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
17. İşin hallarından göründüyü kimi Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən (qanunsuz qoşulma) istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
18. Belə ki, məhkəməyə sadəcə Cavabdeh ASC-nin X11ı idarəsinin “X6 Laboratoriyası”nın xx.xx.2023-cü il tarixli rəyi təqdim edilmiş və həmin rəyə əsasən S.Cnın mexaniki hissəsinin üzərinə yerləşən plastik hissəsi (qurğuşun plombun simi keçən hissə) qırıq olduğu, S.C-nin hesablayıcı mexanizmini gövdəyə birləşdirən vintlərin üzərindəki qurğuşun möhürləri olmadığı, S.C.-nin hesablayıcı mexanizminin alt hissəsində izlər olduğu və hesablayıcı mexanizmində müdaxilə aşkar olunduğu qeyd olunmuş, buna görə də cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
19. Bundan əlavə cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş çıxarış iddia tələbinin imtinası üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, adıkeçən çıxarışda sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edildiyi qeyd edilsə də, buna dair tərtib edilmiş akt və həmin aktın hansı tarixdə olması işin halları ilə müəyyən edilməmiş və cavabdeh tərəfindən də sübuta yetirilməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
23. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
24. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
25. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
27. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
29. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
30. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
31. Hazırkı işin hallarından isə görünür ki, cavabdehin bildirdiyi kimi birinci yoxlama (nəticəsi olaraq 9180 manat borc) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır, ikinci mübahisəli (804 manat) borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınsa da həmin yoxlamaların qeyd olunan tarixdə keçirildiyi və buna dair tərtib edilmiş hər hası akt hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
32. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
33. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 9982 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
34. Göründüyü kimi cavabdeh orqan qanunsuz yoxlama aparmaqla iddiaçıya 9982 manat məbləğində su borcu hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 9982 manat məbləğində borc əsassız olduğundan silinməlidir.
35. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə hesablanmış cəmi 9982 manat məbləğində borc 051577 saylı abunə hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova