Məhkəmə qərarları › İş №e-2-2(113)-219/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-219/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-219/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli, 100-60255/KM№-li kredit müqaviləsinin ləğv edilməsi, ondan məcburi qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2.500.000 manat, kredit müqaviləsinin müddətinin bitdiyi-15 sentyabr 2017-ci il tarixə faiz borcu üzrə 192.916,42 manat, kredit müqaviləsinin müddətinin bitdiyi-15 sentyabr 2017-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 2.527.091,35 manat, cəmi 5.220.007,77 manat kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin (2 ədəd) qeydə alınması üçün 2x10 manat dövlət rüsumu və 2x20 manat xidmət haqqı), ümumilikdə 5.220.097,77 manat pulun tutulması, Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 101.1 kv.m., tikintialtı sahəsi 118.3 kv.m., torpaq sahəsi 0.30964 ha., olan 1 mərtəbəli qeyri-yaşayış binasına və cavabdeh “Cavabdeh1 ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən, ümumi tikili sahəsi 2822,4 kv.m. və torpaq sahəsi 0.50988 ha.-dan ibarət olan Əmlak Kompleksinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 5.220.097,77 manat məbləğində borcun ödənilməsi; 1-ci Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 101.1 kv.m., tikintialtı sahəsi 118.3 kv.m., torpaq sahəsi 0.30964 ha., olan 1 mərtəbəli qeyri-yaşayış binasının və 2- ci Cavabdeh1 ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən, ümumi tikili sahəsi 2822,4 kv.m. və torpaq sahəsi 0.50988 ha.-dan ibarət olan əmlak kompleksinin məcburi boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 06.04.2021-ci il tarixdə iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehin kredit üzrə bank qarşısında öhdəliyi olmadığından iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar