Məhkəmə qərarları › İş №e-2-2(113)-2192/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2192/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2192/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 22.640,88 manat məbləğində əsas kredit borcunun, 946,27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 268,08 manat məbləğində cərimə borcunun, cəmi 23.855,23 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 161,57 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 25161***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1, Cavabdeh5,Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2023cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 20% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış razılaşmaların şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 22640.88 manat məbləğində əsas kredit borcu, 946.27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 268.08 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 23855.23 manat məbləğində borcu qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehlər məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 25161***-*******1L nömrəli kredit limitinin açılmasına dair razılaşma imzalanmışdır.

9. Əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh4 ilə 25FİZAM109300103 nömrəli, Cavabdeh3 ilə 25FİZAM134935003 nömrəli, Cavabdeh1 ilə 25FİZAM134934303 nömrəli, Cavabdeh5 ilə 25FİZAM179199306 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

10. Daha sonra tərəflər arasında 24 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 30.000 manat məbləğində kreditin verilməsinə dair kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma imzalanmışdır.

11. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, bankla Cavabdeh2 arasında müqavilə bağlanmış, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin əsas borc üzrə 22.640,8 manat, faiz borcu üzrə 946,27 manat borcu vardır.

20. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22.640,88 manat, faiz borcu üzrə 946,27 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 268,08 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

25. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161,57 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********56 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 161,57 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

27. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 22.640 (iyirmi iki min altı yüz qırx) manat, 88 (səksən səkkiz) qəpik, faiz borcu üzrə 946 (doqquz yüz qırx altı) manat, 27 (iyirmi yeddi) qəpik, cərimə borcu üzrə 268 (iki yüz altmış səkkiz) manat 08 (sıfır səkkiz) qəpik olmaqla, cəmi 23.855 (iyirmi üç min səkkiz yüz əlli beş) manat, 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 (bir yüz altmış bir) manat, 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar