Məhkəmə qərarları › İş №e-2-2(113)-220/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-220/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-220/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh «X5» MMC-yə qarşı «borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Yelo Bank» ASC (bundan sonra – iddiaçı) cavabdeh ««X5» MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.20217-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 473959 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363.96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220131 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü tarixli kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" İKB ASC-dən illik 16%-lə 36 ay müddətinə ******* manat məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli, 2(009)-340/2017 saylı Bakı şəhər Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə “X5” MMC-dən “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 1.993.308.20 manat məbləğində borcun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(103)-8423/2017 saylı qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 340/2017 saylı qətnaməsindən "xxxx" İKB ASC və “X5” MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Hal-hazırda xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə “X5” MMC-nin banka gecikdirilmiş vaxt üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 473959 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabadeh “X5” MMC-nin arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.Vəliyev iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər “X5” MMC, X3 və X2 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması” tələblərinə dair ilkin, “X4” MMC-nin "xxxx" İKB ASC-yə qarşı “ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması” tələblərinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli 2(103)-8423/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər “X5” MMC, X3 və X2 qarşı “kredit borcunun ödənilməsi, tutumanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması” tələblərinə dair ilkin, “X5” MMC-nin "xxxx" İKB ASC-yə qarşı “ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsinin təxirə salınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən "xxxx" İKB ASC və “X5” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi apelyantlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli KBO016 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 13 sentyabr 2017-ci il tarixdən 15 yanvar 2020-ci il tarixədək “X5” MMC-nin əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) olmaqla – 220131 manat borcu vardır. Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" İKB ASC-nin cavabdehlər “X5” MMC, X3 və X2 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması” tələblərinə dair ilkin, “X5” MMC-nin "xxxx" İKB ASC-yə qarşı “ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsinin təxirə salınması” tələbinə dair iş üzrə qətnamə xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 97614/2018-16-2/6228 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün müddətində borcluya vaxt verilmişdir. "xxxx" Bank tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli 870-3/18 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu “X5” MMC-yə məxsus olan bank hesablarına həbs qoyulmuşdur və hesablarda aşkar olunan pul vəsaitləri Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli icra sənədi üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə köçürülmüş pul vəsaitinin "xxxx" İKB ASC-nin bank hesabına köçürülməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 30 iyul 2018-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018 saylı xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan nəqliyyat vasitələri "xxxx" İKB ASC-nin dayanacağına təhvil verilmişdir. Odur ki, icra işinin icrasıyla əlaqədar olaraq həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 97614/18xx-xx/8361 nömrəli məktubdan görünür ki, icra sənədində ipoteka predmeti kimi göstərilmiş FAW markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərrac yolu ilə satışının təmin olunması xahiş olunmuşdur. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli PAİHTD-190 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018ci il tarixli 04 may 2017-ci il tarixli icra vərəqəsi üzrə keçirilən hərracın dayandırılması ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Səbai rayon Məhkəməsinin 2(009)-340/2018 saylı, xx.xx.2017-ci il tarixli qərarı üzrə icraat dayandırılmışdır. İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2020ci il tarixli PAİHTD-605 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli 04 may 2017-ci il tarixli icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli 97614/xx-xx- 15896 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraat dayandırılmışdır. İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2022ci il tarixli KBD9573 nömrəli məktubdan görünür ki, hərrac mərkəzi ləğv edildiyindən hərrac baş tutmamışdır. Odur ki, "xxxx" MMC-yə göndərilmiş sənədlərin qaytarılıması üçün müraciət olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 97614/18-16-15 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli məktubda icra vərəqəsi üzrə “X5” MMC-yə məxsus “Faw” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsi ilə satışını təşkil etmək məqsədilə "xxxx" MMC-yə sifariş verildiyi qeyd edilmiş, lakin hərrac mərkəz ləğv edildiyindən sözügedən hərracın baş tutmadığı məktubda bildirilmiş, bu səbəbdən "xxxx" MMC-yə ünvanlanmış məktubun geri qaytarılması xahiş edilmişdir. Odur ki, məktubun icra edilmədən geri qaytarılması xahiş olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Belə ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri zərər vuran şəxsin təqsirli olmasıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Belə ki, materiallardan müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən şikayət verilmiş, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır, belə ki, hazırkı işin halları üzrə məhkəmə qətnaməsi əsasında müvafiq borc məbləğinin girov predmetinə yönəldilməklə tutulmasına dair prosedur çərçivəsində borclu tərəfindən hər hansı maneə yaradılmamışdır. Bu halın əksini sübut edən hər hansı dəlil isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, icra işinin materiallarında da aşkar edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədi əsasında başlanmış icra işinin materialları Məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, icra sənədi üzrə icraat xx.xx.2020-ci il tarixdə tələbkarın (iddiaçı) ərizəsi əsasında dayandırılmış, onun hazıradək icra sənədi üzrə icraatın təzələnməsinə dair təkrarən icra qurumuna müraciət etmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)- 340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının hərəkətləri hüquqdan suiistifadə kimi qiymətləndirilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra olunmamasına görə cavabdehin təqsirinin olmadığı müəyyən edildiyindən iddia tələbi təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 763,96 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin cavabdeh “X5” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 763,96 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar