Məhkəmə qərarları › İş №e-2-2(113)-2206/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2206/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2206/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 01 mart 2022-ci il tarixinə olan əsas icarə haqqlarının 138.848,92 manat (ƏDV daxil), pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə 109.737,21 manat dəbbə pulunun, kommunal xərclər 12.844,96 manat, vəkilə çəkilmiş xərclər 1.200 manat, cəmi 262.631,09 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi və 552,63 manat dövlət rüsmunun cavbdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə cavabdeh "xxxx" MMC icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, 25 E ünvanda yerləşən "xxxx" MMCnin binasının birinci mərtəbəsində ümumi sahəsi 422 (dörd yüz iyirmi iki) kv.m olan qeyriyaşayış sahəsinin (restoran və mətbəx sahəsi) icarə müddəti müqavilənin 4.1-ci bəndinə əsasən 31 avqust 2028-ci il tarixdək müəyyənləşdirilmişdir. 25 aprel 2018-ci il tarixli, 040- OB/18 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixə olan mövcud borc icarə borcu 138.848,92 manat (ƏDV daxil) kommunal xərclər 12844,96 AZN (ƏDV daxil) cəmi 151.693,88 manatdır. (ƏDV daxil) "xxxx" MMC-yə borcun könüllü ödənilməsinə dair xx.xx.2021-ci il tarixli Ç21-055 nömrəli və xx.xx.2022-ci il tarixdə Ç22-016 nömrəli məktublar göndərilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, Ç-22-018 nömrəli pretenziya göndərilərək, "xxxx" MMC-yə olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəmə qabağı pretenziyanı almış olsa da bu günə kimi borc ödənilməmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən icarəçi icarə müddətinin başa çatdığı tarixdə icarə obyektini 20 (iyirmi) ardıcıl təqvim günü müddətində boşaltmağı və onu sanitar-gigiyenik norma və qaydalara uyğun olaraq və şəxsi əmlakından azad şəkildə təhvil-təslim aktı əsasında icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə üzrə icarə müddətinin başa çatması və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi zamanı icarəçi icarə obyektini vaxtında tərk etmədikdə (fors major halları istisna olmaqla) və icarəyəverənə təhvil vermədikdə, icarəyəverən icarəçidən icarə müddətinin başa çatmasından icarə obyektinin faktiki təhvil verilməsinə qədər olan müddətə görə ikiqat həcmdə icarə haqqı ödəməyi tələb etmək hüququna malikdir və icarəçi bu tələbi icra etməyə borcludur. İcarəçi tərəfindən icarə obyektinin boşaldılması və icarəyəverənə təhvil verməsinin istənilən belə gecikdirilməsi bu müqavilə üzrə icarə müddətinin uzadılması hesab edilə bilməz. Müqavilənin 9.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə və bu müqaviləyə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 6.3.7-ci bəndinə əsasən icarəçi pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə icarəyəverənin tələbi ilə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,3 % həcmində dəbbə pulu ödəyir. Müqavilənin 5.4-cü bəndinə əsasən icarə haqqının aylıq ödənişi hər ayın əvvəli 5 (beş) iş günündən gec olmayaraq avans ödənişi şəklində ödənildiyini nəzərə alaraq, icarəçi tərəfindən ödənilməli olan dəbbə pulunun cəmi 109.737,21 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə restoranların fəaliyyətinə ya icazə verilməmiş, ya da məhdudiyyətlərlə fəaliyətinə icazə verilmşdir. Daha sonra isə müharibə dövrü başlamış və bunun nəticəsində restoran fəaliyyət göstərməmişdir. Qarşı tərəf qabaqcadan heç bir məlumat vermədən icarə obyektini qıfıllamış, içəridə olan cavabdehə məxsus malların götürülməsinə icazə verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC və "xxxx" MMC arasında imzalanmış qeyri-yaşayış sahəsinin icarəsinə dair 040-OB/18 nömrəli 25 aprel 2018-ci il tarixli müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri Xətai r-nu 25 E Nobel prospektində yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr kitab N9 68, vərəq 6521-da, qeydiyyat nömrəsi ********** xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan binanın (bundan sonra – “bina”) birinci mərtəbəsində ümumi icarə sahəsi 422 (dörd yüz iyirmi iki) kv.m olan və mərtəbə planında göstərilən restoran və mətbəx sahəsini, (bundan sonra – “icarə obyekti”) icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 422 (dörd yüz iyirmi iki) kv.m faydalı sahədir. 5.1-ci bəndə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği ƏDV daxil olmadan 75.960,00 (yetmiş beş min doqquz yüz altmış) manat təşkil edir. Bu məbləğə icarə obyektindən istifadəyə görə 50.640 (əlli min altı yüz qırx) manat icarə haqqı və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 25.320 (iyirmi beş min üç yüz biyirmi) manat xərclər. İcarəçinin avtomobilləri üçün müəyyən edilmiş, binanın zirzəmi parkinqində 3 (üç) və binanın önündə 1 (bir) parkinq yerinin icarə haqqısı da həmin məbləğə daxildir. 5.2-ci bəndə əsasən 5.1-ci bənddə göstərilən icarə haqqı məbləğinə elektrik və istilik enerjisinə görə ödənişlər, bütün telekommunikasiya xidmətləri və ödəmə mənbəyindən tutulan vergi daxil deyildir. 5.7-ci bəndə əsasən istismar xərcləri (binanın və binaya bitişik ərazinin təmizlənməsi, binadan zibilin götürülməsi, binanın idarə edilməsi xidmətləri, binanın mühəndis-texniki infrastrukturundan istifadə, icarə obyektinin havalandırılması və s. xidmətlər üzrə ödənişlər və binanın mühafizə xidmətlərinin yeri bu müqavilənin 5.1-ci bəndində göstərilən məbləğə daxildir. 5.8-ci bəndə əsasən elektrik, istilik enerjisi, isti və soyuq su təchizatına görə ödənişlər müvafiq sayğacların göstəricilərinə əsasən icarəçi tərəfindən aylıq həyata keçiriləcək. "xxxx" MMC və "xxxx" MMC 1 sentyabr 2018 tarixindən 31 avqust 2021 tarixinədək binanın yeraltı dayanacağının 50, 51, 52 nömrəli avtodayanacaq yeri və binanın qarşısında 1 avtomobil üçün yerin ayrılmasını razılaşdırmışdır. “icarəyə verən” "xxxx" MMC, “icarəçi” "xxxx" MMC olmaqla tərtib edilmiş 040-OB/18 saylı, 25 aprel 2018-ci il tarixli qeyri-yaşayış icarə sahələrinin təhvil-təslim aktına əsasən Bakı şəhəri 25 E Nobel prospektində yerləşən binanın birinci mərtəbəsində sahəsi 422 kv.m təşkil edən qeyri yaşayış tipli icarə sahəsi təhvil verilmişdir. 040-OB/18 saylı, 25 aprel 2018-ci il tarixli müqaviləyə 30 may 2018 tarixli əlavə 3-ə əsasən 89 kv. m olan 2 anbar "xxxx" MMC-nin adına 1 iyun 2018-ci il tarixindən 31 avqust 2021 tarixinədək icarəyə verilmişdir. xx.xx.2019 tarixli 63 nömrəli məktubla "xxxx" MMC-nin direktoru "xxxx" MMC-nin direktoruna müraciət edərək, 040-OB/18 saylı, 25 aprel 2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürülmüş 14 kv.m yardımçı sahənin 14 mart 2019-cu il tarixdən etibarən icarəsinə xitam verilməsini xahiş etmişdir. “14 saylı” Vəkil Bürosu və "xxxx" MMC arasında imzalanmış 25 fevral 2022-ci il tarixli 247 nömrəli müqaviləyə əsasən 1.200 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli 000İPX122073232F saylı ödəniş tapşırığına əsasən 1.450 manat 14 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. xx.xx.2022 tarixli 78 nömrəli ödəniş tapşırığına əsasən 400 manat mediasiya xərci Bakı 6 saylı X1 hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixindən etibarən müxtəlif tarixlərdə "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli 040-OB/18 saylı müqavilə üzrə elektron qaimələr göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli 040-OB/18 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliklərini tam icra etsə də cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş icarə haqqlarını tam olaraq ödəməmişdir. Cavabdeh iddia tələbini “COVİD-19” pandemiyası, eləcə də 2020-ci ilin 27 sentyabrında başlayan müharibə nəticəsində restoran fəaliyyətinin dayandırılması, eyni zamanda restorana buraxılmaması ilə mübahisələndirmişdirmişdir. Məhkəmə iddia tələbinin 01 mart 2022-ci il tarixinə olan əsas icarə haqları və kommunal xərclərə aid hissəsinə münasibətə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında olan müqavilədən və məhkəməyə təqdim edilmiş iş materiallarından məlum olur ki, icarə müqaviləsi üzrə aylıq icarə ödənişi 7.469,40 (ƏDV daxil) manat olmuşdur. Bundan əlavə məlum olur ki, iddiaçı tərəfindən 2022-ci ilin yanvar və fevral ayları üzrə icarə haqqı tərəflər arasında imzalanmış müqavilənin 8.2-ci bəndi əsasında ikiqat hesablanmışdır. Həmin müqavilənin 8.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə icarə müddətinin başa çatması və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi zamanı icarəçi icarə obyektini vaxtında tərk etmədikdə (fors major halları istisna olmaqla) və icarəyəverənə təhvil vermədikdə, icarəyəverən icarəçidən icarə müddətinin başa çatmasından icarə obyektinin faktiki təhvil verilməsinə qədər olan müddətə görə ikiqat həcmdə icarə haqqı ödəməyi tələb etmək hüququna malikdir və icarəçi bu tələbi icra etməyə borcludur. İcarəçi tərəfindən icarə obyektinin boşaldılması və icarəyəverənə təhvil verməsinin istənilən belə gecikdirilməsi bu müqavilə üzrə icarə müddətinin uzadılması hesab edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunun məzmunundan, həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə verdiyi izahatından aydın olur ki, müqaviləyə xx.xx.2021-ci il tarixdən etibarən müqavilənin 11.2.3-cü bəndi əsasında xitam verilmişdir. Həmin müqavilədən aydın olur ki, 11.2.3-cü bənddə qeyd olunmuşdur ki, icarəçi ümumi icarə haqqının bu müqavilənin 5.4-cü bəndində göstərilən müddətdə ödənilməsini 30 gündən artıq müdddətdə gecikdirdikdə icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 2022-ci ilin yanvar və fevral ayları üzrə icarə haqqını ikiqat hesablamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-dən 138.848,92 manat (ƏDV daxil) icarə haqqı, 12.844,96 manat kommunal xərcləri tutulmalıdır. Digər tərəfdən cavabeh geri qaytarılan qarşılıqlı iddia ərizəsində hesablanmış icarə haqqları və kommunal xərclərin fors-major hallarda yarandığını qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia tələbinə olan münasibəti ilə razılaşmayaraq qeyd edir ki, hər iki tərəfin imzaladığı müqavilənin 10.2-ci bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, bu müqavilənin 10.1.-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 (on) gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Cavabdehin qeyd etdiyi hallar müqavilənin icra edilməməsi üçün o halda əsaslı hesab oluna bilərdi ki, bununla bağlı qarşı tərəfə müqavilədə nəzərdə tutulmuş qaydada məlumat verildiyini sübuta yetirmiş olsun. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərildiyini və cavabdeh tərəfindən hər-hansı etirazın bildirilməməsini nəzərə alaraq, hesab edir ki, qeyd olunan hallar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas ola bilməz. Bundan əlavə iddiaçı 109.737,21 manat dəbbə pulunun ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları əsas götürərək, məhkəmə 10.000 manat dəbbə pulunun tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçı tərəfindən 1.200 manat vəkilə ödənilmiş xərcin iş materialları ilə öz təsdiqini tapdığını, iddia tələbinin əsas borc hissəsində təmin edildiyini nəzərə alaraq, hesab edir ki, qeyd olunan məbləğ də cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəfdir. Məhkəmə mediasiya xərclərinin və dövlət rüsumunun məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 152,63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən 25 aprel 2018-ci il tarixli, 040-OB/18 saylı müqavilə üzrə 138.848,92 manat (ƏDV daxil) icarə haqqı, 12.844,96 manat kommunal xərclər, 1.200 manat vəkilə ödənilmiş məbləğ, 10.000 manat dəbbə pulu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 152,63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar