Məhkəmə qərarları › İş №e-2-2(113)-2207/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2207/2020

20.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2207/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-nin İddiaçı MMC-yə əsassız hesablanmış 30158,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx” ASC İddiaçı MMC-nin Qusar rayonu Qalacıq kəndi ərazisində yerləşən kənd təsərrüfatı müəssisəsinə gələrək illik yoxlama adı ilə ilk öncə orada olan sayğacların sökülərək onlara hər hansı müdaxilənin olub-olmamasının aydınlaşdırılması məqsədilə laboratoriyaya göndərilməsini həyata keçirmiş, laboratoriyaların rəyləri təmiz və qüsursuz gəldikdən sonra, yəni hər hansı müdaxilənin olmadığı öz təsdiqini tapdıqdan sonra, Şimal RETSİ-nin əməkdaşları yenidən əraziyə gələrək bu dəfə cərəyan transformatorlarını yoxlamalı olduqlarını bahənə edərək transformatorlara baxış keçirmiş və yekunda əsassız olaraq İddiaçı MMC-yə qarşı xx.xx.2020-ci tarixli AKT R №033933 saylı akt tərtib etmişlər. Daha sonra 30000 manat-lıq elektroin qaimə göndərərək həmin məbləğin pozuntu tipli ödənişə cəlb olunmasını əsas gətirərək borc məbləği kimi ödənilməsini tələb etmişlər. Həmin akta cavab olaraq onu deyə bilərlər ki, İddiaçı MMC-nin əməkdaşları tərəfindən nə sayğaclara nə də cərəyan transformatoruna heç bir müdaxilə edilməmişdir. Ona görə də məhkəməyə tərəflərindən müvafiq iddia ərizəsi ilə müraciət edərək, hesablanmış əsassız borc məbləğinin silinməsi barədə müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişlər. Aktda yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Aktda yazılanlar həqiqətə uyğun olmadığından MMC-nin əməkdaşı da həmin akta imza atmaqdan imtina etmişdir. Beləliklə, 30158,82 manatlıq borc məbləği qanunsuz hesablanmışdır. Hazırda mübahsiələndirilən Aktda yazılıb ki, naqillər hər iki tərəfdən açıqdır. Sual yaranır ki, bu naqillər hansı səbəbdən açıqdır və bu açıq olma kimin təqsirindəndir? Açıq olan yerləri “xxxxxxxx” ASC-nın öz mütəxəssisləri bağlayırlar, onlar yox. Həmin naqil uclarını onların əməkdaşları bağlayıb plomblayırlar. Belə çıxır ki, əgər bağlanmada və plomblanmada problem vardırsa, deməli bu onların əməkdaşlarının səhvidir. Əgər hər hansı səhv vardırsa, bu səhv onlara məxsusdur, MMCnin əməkdaşlarına deyil. Plomblar yerindədirsə, hansı müdaxilədən söhbət gedə bilər. Deməli, düzgün plomblama cavabdehin əməkdaşları tərəfindən aparılmamışdır ki, indi gəlib öz əməkdaşlarının səhvlərini müəssisəyə yazmağa çalışırlar. Aktda qeyd edilən növbəti absurd məqam Sayğacın ekranında üst örütüyün açılma işarəsi, qıfıl işarəsi göstərilməsi barədə yazılmış qeyddir. Yenə sual yaranır ki, üst örtük də plomblanırsa, əgər bu plomb da salamatdırsa, hansı müdaxilədən söhbət gedə bilər. Əgər hansısa plomb düzgün vurulmayıbsa bunda onların günahı nədir ki, 30000 civarında cərimə kəsilir?! Aktda faktiki və sayğac göstəriciləri də qeyd edilir ki, PF=167 Kvt yəni K güc və faktiki göstərici. Bu sayğacdan kənar göstəricidir. Yəni yoxlama zamanı bu transformatorun 167 Kvt güclə işləməsi göstərilmişdir. PS=167 KVT PS – sayğac göstərici deməkdir. Yəni sayğacın göstəricisidir. Bu isə o deməkdir ki, hər 2 göstərici 167-yə bərabərdir. Deməli faktiki yüklə sayğacın göstərdiyi yük bir-birinə bərabərdir. Belə olan halda oğurluq və müdaxilə yoxdur deməkdir. Həmçinin sayğacın az göstərməsi barədə məlumat da yoxdur. Yoxlama və sınaq nəticəsində hər iki göstərici bərabər eyni rəqəmi göstərdiyi halda cavabdeh qurumun əməkdaşları qərəzli şəkildə bizi müdaxilədə ittiham edirlər, absurd isə orasıdır ki, barəmizdə tərtib etdikləri aktda yoxlama göstəricilərinin qanunauyğunluğunu qeyd edirlər. Aktın tələb qrafasında isə yazılıb ki, cərəyan transformatoru yenidən plomblansın, bağlansın və naqillər yenisi ilə əvəz edilsin deyə göstəriş verilir. O cümlədən, elektrik sayğacları yenidən yoxlanmalıdır. Deməli, sayğaclar yoxlanması üçün laboratoriyaya getməlidir. Laboratoriyada yoxlama olmalı və həmin yoxlamnın rəyi gəlməlidir. Bu rəylər olmadan, bu rəylər əvəzinə müəssisəyə 30000 manatlıq qaimə gəlir. Necə oldu ki, laboratoriyanın rəyi gəlmədi, amma qaimə gəldi. Bundan başqa 30158,82 manat rəqəm hesablanıb. Hörmətli cavabdeh qurum nəyi necə hesabladı ki, 30158,82 manat qənaətinə gəldi. Yəni bir sözlə hesab edirlər ki, bütün qeyd etdikləri xüsusatlar, istər akta dair istərsə də hesablamanın metodu ilə bağlı məhkəmə araşdırmasının predmeti olmalıdır. Bundan başqa enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh “xxxxxxxx” ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində (Qussar rayonu Qalacıq kəndində yerləşən kənd təsərrüfatı müəssisəsi) istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyətinin yoxlanması- yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacına baxış keçirərək “müdaxilə” adı ilə pozuntu aktı yazmaq, sonrada abonent hesabına yüklü miqdarda borc hesablamışlar. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvar ayının 1- dək dayandırılır.Beləliklə, göründüyü kimi cavabdeh tərəfindən nə aparılan yoxlama normativ –hüquqi aktların tələbinə uyğun olub nə tərtib edilən akt da qeyd edilənlər həqəqti əks etdirmir. Ona görə də hesab edirlər ki, bu cür pozuntularla gəlinmiş nəticədə hesablanmış borc məbləği də əsaslı olmayacaqdır. Bu səbəblə yoxlamanın özünün hüquqi nəticələri ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 033933 nömrəli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus obyekdə quraşdırılmış Viko tipli, 02815198 seriya nömrəli sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, 400 kvA güc transformatorunun 0,4 kv-luq ştorlarına quraşdırılmış ç/tın cərəyan naqilləri bağlanan hissədən hər iki tərəfdən açıqdır, elektrik hesabat sayğacının ekranında üst örtüyünün açılma işarəsi (qıfıl) görsənir. Pf = 167 kvt – Ps = 167 kvt xx.xx.2020-ci il tarixli, 184370 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokolundan görünür ki, CX5CB2E tipli, 80009***-******* nömrəli üç fazlı sayğac laboratoriya yoxlamasından keçirilərkən sayğacın möhürlərinin və bütövlüyünün normal olduğu, ekranında üst qapağın açılma işarəsinin göründüyü, sayğacın normal həddə işlədiyini, yaddaşı da aşkar edilmiş, daxilinə baxış keçirələrkən, kənar iz aşkar olunmamışdır. “xxxxxxxx” ASC-nin aktlar üzrə komissiyası tərəfindən təsdiq edilmiş qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot kompletklərinə dair satış sahələri və texniki sahələri üzrə tələbnamədən görünür ki, abonent İddiaçı MMC-yə məxsus obyektdə quraşdırılmış 02815198 seriya nömrəli sayğacla bağlı aparılmış yoxlama nəticəsində aşkar olunmuş qüsur üçün 30159 manat dəyərində “xxxxxxxx” ASC-yə ziyan hesablanmışdır. Abonent İddiaçı MMC-nin abunə haqqında məlumatına əsasən abonent İddiaçı MMC-nin EİQ (enerjidən istifadə qaydalarının) pozulmasına görə xx.xx.2020-ci il tarixinə 30158,82 manat borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 30158,82 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə (abonent kodu **********9) hesablanmış 30158,82 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar