Məhkəmə qərarları › İş №e-2-2(113)-2208/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2208/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2208/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “X4 Təsərrüfatı” MMC və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər X4 Təsərrüfatı” MMC və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Mərkəz filialı ilə “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 iyun 2016-cı il tarixli, X1 Kreditlər üzrə 34/102 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditin Xüsusi Şərtlərinə dair 06 iyun 2016-cı il tarixli 01 saylı Əlavəsinə əsasən 24396,14 manat əsas, 2394.59 manat faiz, 338,83 manat cərimə, ümumilikdə 27129,56 manat borc və mediasiya xərci olaraq ödənilmiş 200 manat dövlət rüsumunun “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 iyun 2016-cı il tarixli, X1 Kreditlər Üzrə 34/102 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditin Xüsusi Şərtlərinə dair 06 iyun 2016-cı il tarixli 01 saylı Əlavəsinə əsasən “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 60 ay müddətinə illik 8.5% olmaqla 250000 manat kredit verilmişdir. Bankın Mərkəz filialı ilə Cavabdeh2 arasında 06 iyun 2016-cı il tarixli 21/102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən borcalan hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyini normal yerinə yetirməmişdir. Beləliklə xx.xx.2022-ci il tarixə olan maliyyə arayışına əsasən borcalanın Banka 24396,14 manat əsas, 2394.59 manat faiz, 338,83 manat cərimə, ümumilikdə 27129,56 manat borcu qalmışdır. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun, kreditə hesablanmış faizlərin və cərimələrin ödənilməsi üçün tədbirlər görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən, mediatora müraciət edilmişdir. Tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdirlər. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prossesi davam etdirmək barədə qərar qəbul edilməmiş və mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 28 mart 2022-ci il tarixli, MŞB/6-1235 saylı arayış verilmiş, həmçinin ilkin mediasiya keçirilməsi üçün Bank tərəfindən 200 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Aydınov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC-nin “Mərkəz” filialı ilə cavabdeh “X4 Təsərrüfatı” MMC arasında imzalanmış 06 iyun 2016-cı il tarixli 34/102 saylı müqaviləyə əsasən bank xüsusi şərtlərdə müəyyən olunmuş məbləğdə və şərtlərlə borcalana kredit verməyi, borcalan isə kredit məbləğini, onun faizlərini və digər ödənişləri kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan krediti yalnız xüsusi şərtlərdə əks olunan və borcalanın sahibkarlıq fəaliyyəti ilə bağlı məqsədlər üçün istifadə etməlidir. Müqavilənin 4.2.11-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə yaranmış borclar xüsusi şərtlərdə göstərilən müddətdə ödənilmədiyi halda borclar bankın ödəniş tələbnaməsi ilə borcalanın sərəncamı olmadan onun bank hesablarından, o cümlədən borcalanın digər valyutalardakı hesablardan bankın həmin günə olan məzənnə kursu ilə konvertasiya olunaraq, müvafiq xidmət haqları tutulmaq şərtilə akseptsiz qaydada tutula (silinə) bilər. Müqaviləyə 1 saylı əlavənin 2-ci bəndinə əsasən bank əlavədə göstərilən şərtlərlə (60 ay müddətinə, 250000 manat, illik faiz dərəcəsi 8,5 faiz olmaqla) kredit verilməsini, borcalan isə aldığı krediti (əsas borcu) qaytarmağı və kreditdən istifadəyə görə hesablanacaq faizləri kredit müqaviləsi ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli 21/102 nömrəli zaminlik müqaviləsinə əsasən zamin prinsipalın bank qarşısında yaranmış bu müqavilənin 06 iyun 2016-cı il tarixli 34/102 saylı korporativ kreditləşmənin xüsusi şərtləri və onun ayrılmaz tərkib hissəsi olan 06 iyun 2016-cı il tarixli 1 saylı Əlavə kredit müqaviləsinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nin Mərkəz filialı ilə “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 iyun 2016-cı il tarixli, X1 Kreditlər üzrə 34/102 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditin Xüsusi Şərtlərinə dair 06 iyun 2016-cı il tarixli 01 saylı Əlavəsinə əsasən 24396,14 manat əsas, 2394.59 manat faiz, 338,83 manat cərimə, ümumilikdə 27129,56 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli 135000/66 nömrəli pretenziya məktubu ilə xx.xx.2016-cı il tarixli müqavilə üzrə yaranmış 27129,56 manat borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 338,83 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 24396,14 manat əsas, 2394.59 manat faiz, 338,83 manat cərimə, ümumilikdə 27129,56 manat borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 28 mart 2022-ci il tarixli MŞB/6-1235 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər mediasiya sessiyasında iştirak etdiyindən və tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər “X4 Təsərrüfatı” MMC və Cavabdeh2 müştərək qaydada 24396,14 (iyirmi dörd min üç yüz doxsan altı manat on dörd qəpik) manat əsas, 2394.59 (iki min üç yüz doxsan dörd manat əlli doqquz qəpik) manat faiz, 338,83 (üç yüz otuz səkkiz manat səksən üç qəpik) manat cərimə, ümumilikdə 27129,56 (iyirmi yeddi min yüz iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar