Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2209/2020 06.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, X1 Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehə icarəyə verilən sahənin boşaldılması və iddiaçının xeyrinə cavabdehdən 2960 (iki min doqquz yüz altmış) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Cavadova İzzətxanım ona məxsus Bakı şəhəri, prospekti 101 ünvanında yerləşən, ümumi sahəsi 164.65 kv.m olan sahəni Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müvafiq ödənişlər edilsə də, 2020-ci ilin iyun-iyul ayları və bu günə qədər olan icarə haqqı hələ də ödənilməmişdir. Cavabdehin hazırkı tarixə ümumilikdə 2960 AZN ödənilməmiş borcu yaranmışdır. Cavabdeh bu borc məbləğini ödəməməklə birlikdə müqaviləyə xitam verməyərək icarəyə verilən sahədən istifadəni davam etdirməkdədir. Tərəflər arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən “İcarəçi icarə haqqını müqavilə imzalandığı tarixdən etibarən hər 5(beş) iş günü ərzində İcarəyəverənin bank hesabına köçürməli və ya nağd ödəməlidir.” Bu müqavilənin 5-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətində İcarəçi icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 (on) gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən "icarəçi icarə haqqının ödənilməsini Müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 (on beş) gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Lakin icarə müqaviləsinə hansı qaydada xitam verilməlidir və iddiaçı müqaviləyə xitam verməklə bağlı qanunvericiliyin tələblərinə əməl edibmi sualına cavab vermək üçün bu münasibətləri tənzimləyən qanunvericilik normalarınə nəzər yetirmək lazımdır. Belə ki, icarə müqaviləsinin və digər mülki-hüquqi müqavilələrin xitam verilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsi və Azərbaycan Respublikasının "İcarə haqqında" Qanununun 13-cü maddəsi ilə tənzimlənir. X4 adından "Cavabdeh" MMC-nin direktorunun adına ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02/07 nömrəli məktubda qeyd edilir ki, iyun-iyul ayları üçün 2064 manat məbləğində icarə haqqı borcu 3 gün ərzində ödənilmədivi təqdirdə, icarə mügaviləsində nəzərdə tutulmuş qanunamüvafiq tədbirlər görüləcək. Məktubda icarə müqaviləsinin ləğv edilməsi təklifi təsbit edilmədiyindən iddiaçı Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə riayət etməmiş və beləliklə də, onun İcarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ olmamışdır. İddiaçının cavabdehdən 2960 manat məbləğin tutulması ilə bağlı tələbinə gəldikdə isə əslində borcun məbləği 2064 manatdır. Bu borc iyun və iyul ayları üçün yaranmış icarə haqqı borcudur ki, bu məbləğ X4 adından "Cavabdeh" MMC-nin direktorunun adına ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02/07 nömrəli məktubda da qeyd edilib. xx xxxx 2020-ci il tarixindən başlayaraq Cavabdeh MMC-nin əməkdaşlarına ofisdən istifadə etmələrinə məhdudiyyət qoyulduğundan 30 iyuldan sonrakı müddət üçün icarə haqqının tələb edilməsi əsassızdır. Bu fakt iş materiallarında olan və iddiaçının nümayəndələri tərəfindən tərtib olunan və imzalanan xx xxxx 2020-ci il tarixli Aktda öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - X5 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən“ Cavadova İzzətxanım ona məxsus Bakı şəhəri, prospekti 101 ünvanında yerləşən, ümumi sahəsi 164.65 kv.m olan sahəni Cavabdeh MMC-yə 1 il müddətinə icarəyə verməyi, “İcarəçi” isə müqavilədə nəzərdə tutulmuş 1032 manat icarə haqqını “İcarəyə verən”ə tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/07 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, prospekti 101 ünvanında yerləşən, ümumi sahəsi 164.65 kv.m olan ofis kimi icarəyə götürülmüş sahənin 2020-ci il ilin iyun-iyul ayları üçün ödənilməmiş 2064 manat icarə haqqının 3 gün ərzində ödənilməsi, əks təqdirdə icarə müqaviləsində nəzərdə tutulmuş qanunamüvafiq tədbirlərin görüləcəyi cavabdehə bildirilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi həm dövlət, həm də qeyri-dövlət şirkətlərinin fəaliyyətinə mənfi-təsir göstərərək, bütün sahələrdə ciddi iqtisadi çətinliklər yaratmışdır. Bu səbəbdən şirkət bir neçə aydır ki, dövlət və özəl şirkətlərdən kreditor borclarını ala bilmir və müvafiq olaraq hesablaşmalarda çətinliklərlə üzləşmişdir. Bu səbəbdən də Bakı şəhəri, prospekti 101 ünvanında yerləşən, ümumi sahəsi 164.65 kv.m olan icarəyə götürülmüş ofisin 2020-ci il iyun-iyul ayları üçün gecikmiş icarə haqqı ilə yanaşı, qarşıdan gələn aylar üçün də ehtimal olunan gecikmiş, cari və əlavə olaraq bir neçə aylıq avans icarə haqqının dərhal cavabdehin hesabına ödəniləcəyi bildirilmişdir. - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfdən 2880 manat məbləğində borcu ödəməməklə yanaşı, müqaviləyə xitam verməyərək icarəyə verilən sahədən istifadəni davam etdirməkdə olduqları ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Eyni zamanda cavabdehdən üç gün ərzində icarə müqaviləsi üzrə 2880 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda borcun ödənilməsi, eləcə də müqaviləyə xitam verilərək icarəyə verilən sahədən çıxarılma tələbləri ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyinə əməl edərək icarə obyektini cavabdehə təhvil vermiş, cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki: "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. xx.xx.2020 tarixli İcarə müqaviləsinin V maddəsində müqavilənin qüvvədə olma müddətində müqaviləyə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddəyə əsasən müqaviləyə xitam verilməsinin əsaslarından biri icarəçinin icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 (on beş) gündən çox gecikdirməsidir. Cavabdeh icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 15 (on beş) gündən çox gecikdirmişdir. Borcun ödənilmədiyi halda iddiaçının müqaviləyə xitam vermək niyyətində olması cavabdehə bildirilmiş, lakin həmin borc hazırkı vaxtadək də ödənilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə əsasən iddiaçının icarə müqaviləsinə xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia həmin hissədə əsaslı sayılaraq təmin olunmalıdır. İddia tələbinin digər hissəsini cavabdehə icarəyə verilən sahənin boşaldılması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh icarə obyektindən istifadə etməsə də, həmin obyektdə ona məxsus əşyalar hələ də qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildiyindən tələb həmin hissədə də təmin edilərək icarəyə verilən sahə boşaldılmalıdır. İddiaçı cavabdehdən 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqının tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdehə məktub ünvanlayaraq, 2020-ci il ilin iyun-iyul ayları üçün 2064 manat icarə haqqının 3 gün ərzində ödənilməsini və ödənilmədiyi təqdirdə icarə müqaviləsində nəzərdə tutulan qanunamüvafiq tədbirlər görülə biləcəyini cavabdehin diqqətinə çatdırmış, cavabdeh isə həmin tarixdə iddiaçıya ünvanladığı məktubda həmin borc və qarşıdan gələn aylar üçün də ehtimal olunan gecikmiş borcların imkan olan kimi dərhal hesaba ödəniləcəyini bildirmişdir. Bundan sonra icarəyə verilən sahənin giriş qapısının kilid və açarları dəyişdirilmiş, iddiaçı cavabdehi icarəyə verdiyi sahəyə buraxmamışdər. İyul ayından sonra cavabdeh həmin sahəyə daxil olub icarə obyektindən istifadə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda sadalanan maddi hüquq normalarını işin müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, 2020-ci ilin iyun və iyul ayları üçün icarə haqqı ödənilmədiyindən iyul ayından sonra iddiaçı cavabdehi icarəyə götürdüyü obyektdən istifadə etmək hüququndan məhrum etdiyindən, iddiaçı cavabdehdən yalnız 2 aylıq (iyun və iyul ayları üçün) icarə haqqını tələb etməkdə haqlıdır. İcarə müqaviləsinin İV maddəsinə əsasən İcarəyə verən olan iddiaçıya ödənilməli aylıq məbləğ 1032 manat, 2 aylıq məbləğ 2064 manat təşkil edir. İddiaçı pretenziya məktubunda da həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh borcla bağlı hissədə həmin məbləğdə borcun olmasını qəbul etmişdir. Ona görə də cavabdehdən 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqının tutulması hissəsində iddia qismən, yəni 2064 manat icarə haqqının cavabdehdən tutulması hissəsində təmin edilməli, qalan hissədə isə əsassız olduğundan rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilsin və icarəyə verilən sahə boşaldılsın. Cavabdehndən 2064 (iki min altmış dörd) manat məbləğində pul X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2209/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2209/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver