Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2221/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi, ipoteka müqavilələri, ekspert rəyi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 69 822,41 manat əsas borc, 33 561,91 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 21 129,86 manat cərimə borcu və 8 972,50 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə hesablanmış 5% olmaqla cəmi 133 486,68 manat məbləğində borcun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 424 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 55.6 kv.m qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 34.2 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutma yüklü edilmiş əmlaklara yönəldikdən və o satıldıqdan sonra həmin qeyri-yaşayış sahələrinin boşaldılması və alıcıya təhvil verilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1 (81 )-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. 15 aprel 2015-ci il tarixli 22/15 KT №-li kredit müqaviləsinə əsasən "Kredobank” ASC tərəfindən Cavabdeh3 heyvandarlığın inkişafı məqsədilə illik 7 %-lə 60 ay müddətinə 200 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 55.6 kv.m qeyri-yaşayış sahəsi (DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2013-cü il tarixdə Seriya RX № ******* saylı, reyestr nömrəsi **********84-05101- 083023, qeydiyyat nömrəsi **********) 15 aprel 2015-ci il tarixli, 22/15 KT №-li ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, 15 aprel 2015-ci il tarixli 22/15 KT/1 №-li kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1ci mərtəbədə yerləşən 34.2 kv.m qeyri-yaşayış sahəsi (DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2013-cü il tarixdə Seriya RX № ******* saylı, reyestr nömrəsi **********83-05101-083024, qeydiyyat nömrəsi **********) 15 aprel 2015-ci il tarixli, 22/15 KT №-li ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqavilələrində ipoteka predmetlərinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. 10 noyabr 2022-ci il tarixinə Cavabdeh3 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 69 822,41 manat əsas borc, 33 561,91 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 21 129,86 manat cərimə borcu və 8 972,50 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə hesablanmış 5% olmaqla cəmi 133 486,68 manat məbləğində borcu vardır. Tərəflərə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcalan müqavil# üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı və onların satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilən məbləğ onların tələb etdiyi məbləğdən artıqdır. Odur ki, iddia ərizəsində göstərilən tələbi müdafiə edir. Əmlakların qiymətləndirilməsi ilə bağlı rəydə göstərilən məbləğlərlə isə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatda ödənilməmiş borc məbləğinin olmasını qəbul etdi və əlavə olaraq məhkəmədən cərimə borcunun, eləcə də müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə 5 %-la hesablanmış 8972.50 manat məbləğində silinməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri: 7.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bundan sonra “borc verən” adlanan İddiaçı ASC ilə bundan sonra “borc alan” adlanacaq Cavabdeh3 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli, 22/15KT nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin predmetini milli valyuta ilə ifadə edilən pul vahididir. 2.2. Borc verən heyvandarlığın inkişafı məqsədilə borc alana 200000 AZN məbləğində kredit verilməsini öhdəsinə götürür. 2.3. Borcalan kreditləşmə obyektini qiymət dəyəri məbləğini tam sığortalanmasını öz üzərinə götürür. 2.4.Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. 6.1. Kreditdən istifadəyə görə borcalan banka illlik 7 % olmaqla faiz ödəməlidir. Kreditin əsas borcu bu müqaviləyə əlavə olunmuş cədvəl üzrə müəyyən edilmiş müddət ərzində ödənilmədikdə həmin tarixə borcun qalığı vaxtı keçmiş borca aid edilir və borcalan kredit qalığı tam ödənilənədək qalmış borca görə illik 28 % olmaqla faiz ödəməlidir. İddiaçı ASC , borcalan qismində Cavabdeh3 və ipoteka qoyan Cavabdeh4 şəxsində bağlanmış 15 aprel 2015-ci il tarixli, 22/15 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 15 aprel 2015-ci il tarixli, 22/15 KT saylı kredit müqaviləsinə əsasən 200 000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. 2.2 İpoteka predmeti olan əmlak: Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 55.6 kv.m qeyri-yaşayış sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2013-cü il tarixdə Seriya RX ******* saylı, reyestr nömrəsi **********84-05101-083023, qeydiyyat nömrəsi **********) 3.3İpoteka ilə yüklü edilmiş əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. KredoBank” ASC , borcalan qismində Cavabdeh3 və ipoteka qoyan Cavabdeh4 şəxsində bağlanmış 15 aprel 2015-ci il tarixli, 22/15/1 nömrəli ipoteka müqaviləsinin predmeti Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 55.6 kv.m qeyri-yaşayış sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2013-cü il tarixdə Seriya RX ******* saylı, reyestr nömrəsi **********84-05101-083023, qeydiyyat nömrəsi **********) olmuşdur. 3.3. İpoteka ilə yüklü edilmiş əmlak 40000 manat məbləğində qiymətləndirilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 81 saylı binada yerləşən ümumi sahələri 55.6 kv.m və 34.2 kv.m təşkil edən qeyri-yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 81 saylı binada yerləşən qeyri-yaşayış sahələri 60 ay müddətində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Ləğv prosesində olan İddiaçı ASC tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə 22 noyabr 2022-ci il tarixli ərizə ünvanlanaraq, “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsi” nə dair bildirişlər göndərilmiş və həmin bildirişlərin qeydiyyata alınması xahiş edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəlikləri xx.xx.2015-ci il tarixli 22/15 KT nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 22/15 nömrəli və 22/15/1 nömrəli ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit, ipoteka və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 15 aprel 2015-ci il tarixdə, 22/15 KT nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə heyvandarlığın inkişafı məqsədilə illik 7% olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə 15 aprel 2015-ci il tarixdə Cavabdeh4 məxsus ünvan 4 ünvanında 1 – ci mərtəbədə yerləşən 55.6 kv.m və 34.2 kv.m qeyri-yaşayış sahələrinin ipotekaya qoyulması barədə sonuncu ilə bank və borcalan arasında 22/15 və 22/15/1 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. Bununla da iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək borc məbləğinin ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 həqiqətən də ödənilməmiş borc məbləğinin qalması faktını təsdiqləmişdir. “Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********581 nömrəli maliyyə arayışından məlum olur ki, xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə qalıq əsas borc məbləği 69,822.41 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 33561.91 manat, müqavilə üzrə borcun ödənilməsini gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə məbləği 21,129.86 manat, AR MM 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 % , gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 8972.50 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 133,486.68 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcu məbləğinin müəyyən edilməsi məqsədillə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məkhəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/3981 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzi, ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları, 15 aprel 2015-ci il tarixli, 22/15 KT saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və xx.xx.2020-ci il tarixədək (kredit müqaviləsinin son tarixi) illik 7 %-lə və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə faiz borcu hesablanmaqla Cavabdeh3 xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 121.380.46 manat (əsas borc 118,883.90 manat və faiz borcu 2496.56 manat) məbləğində və xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 136,653.74 manat (118,883.90 manat əsas borc, illik 7 %-lə 2496.56 manat faiz borcu və illik 5 %-lə 15,273.28 manat) məbləğində müəyyən edilir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş rəydə göstərilən əsas və faiz borcunun məbləği ilə iddiaçı tərəfindən tələb edilən məbləğlər arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçı tərəfindən tələb edilən əsas borc məbləği 69,822.41 manat, faiz borcu isə 33561.91 manat təşkil etdiyi halda, ekspert rəyində həmin məbləğ müqavilənin son tarixinə 121980.46 ( əsas 118.883.90 manat, faiz 2496.56 manat (illik 7%-lə) manat, xx.xx.2022-ci il tarixə 136653.74 ( 118,883.90 manat əsas, 2496.56 manat faiz (illik 7%), 15273.28 manat faiz(illik 5%-lə) təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspert rəyində göstərilən məbləğlə razılaşmadığını və iddia ərizəsində göstərilən tələbi müdafiə etdiyini bildirdi. AR MPM-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsində göstərilən 69.822.41 manat əsas borc və 33561.91 manat faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi 21129.86 manat cərimə borcuna münasibətdə iddia tələbi ilə razılaşmır və bildirir ki, AR MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 3491 (üç min dörd yüz doxsan bir) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə iddia tələbini müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə hesablanmış 5% olmaqla cəmi 8 972,50 manatın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 439,445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Hazırki iş üzrə iddia ərizəsində tələb edilən məbləği, hesablanmış cərimə borcunu nəzərə alınmaqla məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab etmir. İddia tələbinin tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə Cavabdeh3 tərəfindən xx.xx.2015-ci il tarixli, 22/15 KT nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra edilmədiyini, bununla da iddiaçının ipoteka müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsinin tələb edilməsi hüququnun mövcud olmasını nəzərə alaraq kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ipoteka predmetlərinin açıq hərracda satılması hesabına ödənilməsi tələbini əsaslı hesab edir. “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka və girov predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Belə ki , "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, LP-115/2023 nömrəli mütəxəssis rəyindən məlum olur ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 34.2 kv.m olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 49000 manat, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 55.6 kv.m olan qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 70000 manat təşkil edir. Məhkəmə əlavə olaraq bildirir ki, xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur. Belə ki, qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılırlar. Lakin iş üzrə ipoteka müqavilələrinin 2015-ci ildə bağlandığını nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən qaydalar hazırkı işə şamil oluna bilməz. Belə ki, 2015-ci il tarixdə qüvvədə olan “İpoteka haqqında” AR Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbini ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 270 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişin qeydə alınması üzrə məlumatlardan görünür ki, ümumilikdə həmin məqsədlə iddiaçı tərəfindən 270 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə bildirir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan əldə edilmiş məlumata əsasən hazırki iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 423.49 manat təşkil edir. İş materiallarından məlum olur ki, 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 24 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir AR MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ümumilikdə 424 manat təşkil edən dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 69 822,41 manat əsas borc, 33 561,91 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 3491 manat cərimə borcu, cəmi 106,875.32 (yüz altı min səkkiz yüz yetmiş beş manat otuz iki qəpik) manat məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 424 (dörd yüz iyirmi dörd) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 55.6 kv.m qeyriyaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və borcun satışından əldə olunan vəsait ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 34.2 kv.m qeyriyaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 49000 (qırx doqquz min) manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun həmin qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma yüklü edilmiş əmlaklara yönəldikdən və o satıldıqdan sonra həmin qeyri-yaşayış sahələri boşaldılsın və alıcıya təhvil verilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2221/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2221/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver