Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2222/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, pul, icarə obyektinin boşaldılması” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7000 (yeddi min) manat məbləğində əsas borc, 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilmiş vəsait və mediasiya təşkilatına ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş 350 kv m. sahədən icarəçiyə məxsus əşyaların çıxarılması və sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “ünvan 1 ünvanında yerləşən 350 kv.m sahəni Cavabdeh MMC-yə icarəyə verir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən isə icarə yerinin əvəzində Cavabdeh MMC hər ay 700 manat məbləğində pulu icarəyə verənin bank hesabına köçürməyi öhdəsinə götürür. Lakin cavabdeh xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında, yəni artıq 8 aydır ki, icarə pulunu ödəmir. Bu isə hər ay üçün 700 manat olmaqla, ümumilikdə 7000 manat edir. İcarəçi həmçinin müqavilənin 5-ci bəndini də pozmaqdadır. Belə ki, Cavabdeh MMC icarə müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməməklə birlikdə rəsmi xəbərdarlıq edildiyi halda həmin sahəni də boşaltmır. Bu səbəbdən icarəçinin əşyalarının həmin sahədən çıxarılması da məhkəmə qərarına əsasən təmin edilməlidir. Bunlarla bağlı cavabdehə xx.xx.2023-cü il tarixində məhkəmə qabağı pretenziya, iddia ərizəsi və digər əlavə edilmiş sənədlər göndərilərək cavabdehdən borcunu ödəməsi tələb edilmişdir. Lakin cavabdeh pretenziyanı alsa da bugünə kimi hər hansı bir borc məbləği ödənilməmişdir. Həmçinin cavabdehə elektron kabinet vasitəsi ilə iddia ərizəsi və digər sənədlər göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermiş, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh MMC-dən xx.xx.2022-xx.xx.2023-cü illər üçün 8400 (səkkiz min dörd yüz) manat məbləğində əsas borc, 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilmiş vəsait və mediasiya təşkilatına ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş 350 kv m. sahədən icarəçiyə məxsus əşyaların cavabdehin hesabına çıxarılması və sahənin boşaldılması, cavabdehə məxsus əşyalar iddiaçıya məxsus sahədən tam şəkildə boşaldılana və sahə iddiaçıya təhvil verilənədək aylıq 700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, qeyri-yaşayış sahəsində quraşdırılmış maşınlar artıq sökülmüşdür. Gələn həftə icarə obyektini tərk edəcəkdir. İki aylıq ödənişi etmişdir. Daha sonra Ukraynada hərbi münaqişə başlamış, xammal gəlməmiş nəticədə işləmək mümkün olmamışdır. 4.200 manat - 31 dekabr tarixinə kimi olan borcu qəbul edir. Qarşı tərəflə imzaladığı müqavilə ona verilməmiş, sadəcə telefona şəkili çəkmişdir. Həmin müqavilə isə aprel ayında imzalanmış o da 31 dekabr tarixinə kimi qüvvədədir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş EBBT seriyalı 523574 nömrəli xx.xx.2022 tarixli elektron qaimədə 1.400 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh MMC-yə göndərilmiş 20 iyul 2022 tarixli xəbərdarlıq məktubunda aprel və may ayları üzrə 1400 manat ödənilməli olduğu halda 1062 manat ödənildiyi qeyd edilmiş, iyul ayının sonuna kimi iyun, iyul və qalıq 338 manat borcun ödənilməsi tələb edilmişdir. "xxxx" MMC “icarəyə götürən” "xxxx" ASC “icarəyə verən” olmaqla imzalanmış xx.xx.2022 tarixli müqaviləyə əsasən “icarəyə verən” A.Məhərrəmov küçəsindəki 4 №-li binanın 3-cü mərtəbəsində 350 kv.m. sahəni icarəyə verir. “İcarəyə götürən” isə qəbul edir. 3-cü bəndə əsasən “icarəyə götürən” hər ayın icarə haqqını ƏDV və kommunal xərclərlə birlikdə 700 (yeddi yüz) manat icarəyə verənin bank hesabına köçürülməlidir. 8-ci bəndə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Bu müqavilənin müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri digərini xitam vermək barədə xəbərdar etməzsə, müqavilə onda nəzərdə tutulmuş şərtlərlə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərə də şamil olur. 11-ci bəndə əsasən müqaviləyə dəyişiklik və əlavə olunması haqda bir tərəfin yazılı təklifini digər tərəf bir ay müddətində nəzərdən keçirib, cavab verməlidir. Müqavilə- “icarəyə götürən”in və yaxud “icarəyə verən”in təşəbbüsü ilə vaxtında tez ləğv oluna bilər. Bu haqda təşəbbüs göstərən tərəf bir ay əvvəl yazılı surətdə xəbərdarlıq etməlidir. xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 300 manat Bakı şəhəri 22 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Cavabdeh aylıq 700 manat icarə haqqını ödənilməsi öhdəliyini götürsə də öhdəliyini pozmuşdur. Cavabdeh tərəf qarşı aprel ayında icarə müqaviləsini imzaladığını həmin müqavilənin isə dekabr ayının 31-nə kimi qüvvədə olduğunu və 4.200 manat icarə haqqı borcunu qəbul etdiyini qeyd etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə (maddə 685.2.1.), ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə (maddə 685.2.2) müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, may ayından etibarən icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Məhkəmə tələb edilən icarə məbləğinə münasibətdə qeyd edir ki, cavabeh iddiaçıya olan 4.200 manat borcunu etiraf etmişdir. Eyni zamanda cavabdeh həmin borc məbləğinin dekabr ayının 31-nə kimi yaranmış borc olduğunu qeyd etmişdir. Müqavilədə razılaşdırılmışdır ki, müqavilə müddətinin başa çatmasına bir ay qalmış tərəflərdən biri digərini xitam vermək barədə xəbərdar etməzsə, müqavilə eyni qaydada növbəti bir il müddətinə uzadılır. Məhkəmə müqavilənin qeyd edilən bəndini eyni zamanda işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, cavabdeh icarə haqqını ödəməsə belə, hal-hazırki dövrə qədər icarə obyektini boşaltmamışdır. Bu baxımdan cavabdehdən həm qəbul etdiyi dövr üzrə 4.200 manat borc həm də növbəti aylar üzrə ümumilikdə xx.xx.2022-xx.xx.2023 tarixinə olan 8.400 manat icarə haqqı tutulmalıdır. İddiaçı iddia tələbində tərəflər arasında imzalanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İşin halları ilə müqavilə münasibətlərinin davam etməsi öz təsdiqin tapır. Eyni zamanda cavabdeh tərəf məhkəmə iclasında iştirak edərkən qeyd etmişdir ki, yay aylarında iddiaçı ilə danışıqlar aparmış, xammal gəlmədiyindən icarə haqqını ödəyə bilməyəciyini bildirmiş, iddiaçı tərəfindən isə ona icarə obyektini tərk etməsi bildirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 iyul 2022 tarixli xəbərdarlıq məktubu surətində qalıq borcu ödənilməsi tələb edilmiş əks halda müqavilənin 10-cu bəndinə uyğun olaraq hərəkət edəcəkləri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə sadalanan halları nəzərə alıb hesab edir ki, tərəflər arasında imzalanmış müqavilə ləğv edilməlidir. Bundan başqa iddiaçı icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş 350 kv m. sahədən icarəçiyə məxsus əşyaların cavabdehin hesabına çıxarılması və sahənin boşaldılmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə izahatlarında gələn həftədən etibarən qeyri-yaşayış sahəsini tərk edəcəyini bildirmişdir. Eyni zamanda işin hallarından cavabdehin qeyri yaşayış sahəsində olması öz təsdiqini tapır. Belə olan halda isə iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-yə icarəyə verilmiş 350 kv m. sahə cavabdehin hesabına boşaldılmalıdır. Bundan başqa iddiaçı cavabdehə məxsus əşyalar iddiaçıya məxsus sahədən tam şəkildə boşaldılana və sahə iddiaçıya təhvil verilənədək aylıq 700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini də tələb etmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə iddiaçının tələbi ilə məhkəmə qaydasında ləğv edilmişdir. Eyni zamanda iddiaçı iddia tələbində qeyri yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini qeyd etmiş və onun iddia tələbi həmin hissədə təmin edilmişdir. Bundan əlavə iddiaçının iddia tələbi özlüyündə qeyri-dəqiqdir. Gələcəkdə yarana biləcək hər-hansı mübahisənin qabaqcadan məhkəmə qaydasında həll edilməsinin hüquqi əsası yoxdur. Belə olan halda iddia rədd edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iş üzrə ödənilmiş 110 manat mediasiya xərci, 300 manat hüquqi yardımla bağlı ödənilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC və "xxxx" ASC arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-xx.xx.2023-cü illər üçün 8400 (səkkiz min dörd yüz) manat borc, 300 (üç yüz) manat hüquqi yardım xərci və mediasiya təşkilatına ödənilmiş 110 (yüz on) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh MMC icarəyə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 4 ünvanında yerləşən 350 kv.m sahədən çıxarılsın və həmin sahə boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2222/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2222/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver