Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2224/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) cavabdeh “Cavabdeh “MMC-yə qarşı “əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) “Cavabdeh“ MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən EXPF0056/02saylı maliyyələşdirmə üçün ərizə üzrə 24,159.79 (iyirmi dörd min yüz əlli doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 199.31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 6,839.90 (altı min səkkiz yüz otuz doqquz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,199.00 (otuz bir min yüz doxsan doqquz) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Faktor”) ilə Cavabdeh MMC (bundan sonra “Müştəri”) arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən 03.05.2019-cu il tarixli EXPF0056 saylı faktorinq müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında EXPF0056 saylı faktorinq müqaviləsi çərçivəsində 14.06.2019cu il tarixli EXPF0056/02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 01.03.2019-cu il tarixli malların təchizatı müqavilə və 08.05.2019-cu il tarixli 151863 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh MMC-yə Faktor tərəfindən 12.10.2019-cu il tarixinədək illik faiz dərəcəsi 11% olmaqla, 39,579.30 (otuz doqquz min beş yüz yetmiş doqquz manat, otuz qəpik) manat məbləğində krеdit limiti açılmışdır. Lakin Müştəri EXPF0056/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 444 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Faktor tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Müştəriyə PBCOS-1418 saylı xəbərdarlıq məktubu göndərilmiş və Faktor qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin 05.01.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri EXPF0056/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24,159.79 (iyirmi dörd min yüz əlli doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 199.31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 6,839.90 (altı min səkkiz yüz otuz doqquz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,199 (otuz bir min yüz doxsan doqquz ) manat təşkil edir, gecikmə günün sayı – 444. Tərəflər arasında imzalanmış EXPF0056 saylı Faktorinq müqaviləsinin 3.4.5-ci maddəsinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Eyni zamanda müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -03.05.2019-cu il tarixli EXPF0056 faktorinq müqaviləsindən görünür ki, faktorinq əməliyyatı üçün nəzərdə tutulan “Maliyyələşdirmə üçün ərizə” forması (bundan sonra “Maliyyələşdirmə üçün Ərizə” adlandırılacaq) ilə müəyyən olunmuş şərtlər əsasında faktor olaraq müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən faktora güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. -həmin müqavilənin 1.1-ci bəndinə əsasən güzəşt edilən pul məbləğindən yalnız müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün istifadə ediləcək. -həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində gələcəkdə bir Tərəflə bağlanacaq ayrıca “Maliyyələşdirmə üçün Ərizə” forması digər tərəfi bu müqavilə üzrə bütün öhdəliklərdən azad etmir. -həmin müqavilənin 1.2-ci bəndinə əsasən faktorun müştəriyə göstərdiyi xidmətlərə aşağıdakılar aiddir: -müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir;-kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, Borcludan alınan maliyyə vəsaitini toplayır. -həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. -həmin müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. -14.06.2019-cu il tarixli EXPF0056/02 saylı “Maliyyələşdirmə üçün ərizə” (faktorinq əməliyyatı üzrə) adlı iddiaçı və cavabdeh tərəfindən imzalanmış sənədə əsasən cavabdeh 39,579.30 manat məbləğində kreditin ayrılması üçün iddiaçıya müraciət etmişdir, maliyyələşdirmə üzrə ərizədə illik faiz dərəcəsi 11%, illik cərimə faiz dərəcəsi 26% (gündəlik 0,073%), faktik illik faiz dərəcəsi 11% göstərilmişdir, müddət 12.10.2019-cu ilə qədər müəyyən edilmişdir. -01.03.2019-cu il tarixli malların təchizatı müqaviləsindən görünür ki, Cavabdeh MMC (“satıcı) ilə (“alıcı”) “xxxx” MMC arasında malların təchizatı müqaviləsi bağlanmışdır. -21.01.2021-ci il tarixli PB/PBL-081 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC–nin 05 yanvar 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri- EXPF0056/02 saylı kredit müqaviləsinə əsasən 24,159.79 (iyirmi dörd min yüz əlli doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 199.31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 6,839.90 (altı min səkkiz yüz otuz doqquz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,199.00 (otuz bir min yüz doxsan doqquz) manat təşkil edir. Gecikmə günün sayı – 444-dür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yaranmış öhdəliklər üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla müqavilə üzrə öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində qeyd olunub ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh “Cavabdeh “MMC-nin İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC müqavilə üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, cavabdeh “Cavabdeh “MMC ona verilmiş məbləğ üzrə hesablanmış faizləri iddiaçıya ödəməmiş, iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir, bununla da tərəflər arasındakı razılaşmada nəzərdə tutulan qaydada İddiaçı ASC tərəfindən cavabdehə cərimə (dəbbə pulu) hesablanmasına əsas vermişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 2415,97 manat məbləğində cərimə borcu müəyyən edilməli, cərimə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh “Cavabdeh “MMC-dən EXPF0056/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 24,159.79 (iyirmi dörd min yüz əlli doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 199.31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 2415,97 (iki min dörd yüz on beş manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 26775,07 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Cavabdeh “MMC-dən EXPF0056/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 24,159.79 (iyirmi dörd min yüz əlli doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 199.31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 2415,97 (iki min dörd yüz on beş manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 26775,07 (iyirmi altı min yeddi yüz yetmiş beş manat yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2224/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2224/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver