Məhkəmə qərarları › İş №e-2-2(113)-2227/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2227/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2227/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16637.28 manat əsas borc, 1775.26 manat faiz borcu və 191.58 manat cərimə borcu olmaqla cəmi 18604.12 manat borcun, 145.81 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 iddiaçının “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 24 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin fevralın 16-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16637.28 manat əsas borc, 1775.26 manat faiz borcu və 766.33 manat cərimə borcu olmaqla cəmi 19178.87 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 766.33 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 191.58 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə 3500 manat ödəniş edilmiş, həmin ödəniş hazırkı mübahisə məhkəmədə olması səbəbindən yalnız əsas borca silinmişdir, hazırda tələb edilən əsas borcun məbləğinin 13137,28 manat olmasının nəzərə alınmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəyə əsasən cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edir ki, iddiaçının İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.

13. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-MCR-1-1364- 22/1 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödənilməli tarixləri öz əksini tapmışdır.

14. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 04 nömrəli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 100000 manat, 120 ay müddətinə, aylıq 2.50 % faiz dərəcəsi ilə kredit limiti ayırmışdır.

15. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 05 nömrəli Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə 25000 manat 24 ay müddətinə, aylıq 1,83 % dərəcəsi ilə kredit verilmişdir.

16. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 16637,28 manat, faiz borcu 1775,26 manat, cərimə borcu 766,33 manat olmaqla, ümumilikdə borcu 19178,87 manat təşkil edir.

17. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən cavabdehə 15000 manat məbləğində vəsait təqdim edilmişdir.

18. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır.

19. Müqaviləyə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh3 iddiaçı ilə xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəni imzalamaqla bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri qəbul etmiş, həmin razılaşmaya 04 saylı Əlavə ilə bank cavabdehə 100000 manat, 120 ay müddətinə, aylıq 2.50 % olmaqla kredit limiti müəyyən etmişdir. Cavabdeh bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 05 nömrəli Əlavə xx.xx.2022-ci il tarixli 23-MCR-1-1364-22/1 saylı razılaşmaya əsasən bank 25000 manat 24 ay müddətinə, aylıq 1,83 % dərəcəsi olmaqla biznes məqsədi ilə cavabdehə kreditə vermişdir. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir.

29. İddia ərizəsində tələb edilən əsas borcun məbləği 16637,28 manat göstərilmişdir.

30. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödənilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən ödənilən vəsait əsas borca silinmiş, hazırda tələb edilən əsas borcun məbləği 13137,28 manat təşkil edir.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borc 13137,28 manat (16637,28 manat – 3500 manat), faiz borcu 1775,26 manat müəyyən edilməlidir.

32. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 191,58 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə araşdırması zamanı cavabdehlərin öz öhdəliklərini pozması müəyyən edildiyindən, ödənişlərin gecikdirilməsi faktı cavabdehlər tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13137,28 manat əsas borc, 1775,26 manat faiz bоrcu və 191,58 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu cavabdehlərə, 25,81 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək (birgə) qaydada 13137,28 manat əsas borc, 1775,26 manat faiz borcu, 191,58 manat cərimə, 120 manat dövlət rüsumu, ümumilikdə 15224,12 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 25,81 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar