Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2230/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən 05 oktyabr 2021-ci il tarixli 000592 saylı kredit müqaviləsi üzrə 471.000 manat əsas borcun, 91.624 manat faiz borcunun, əsas borca illik 5 faiz hesablanmaqla 11.689 manat əldən çıxmış faydanın, ödənilmiş 410 manat mediasiya xərcinin və 454,41 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəlievin, 46 nömrəli mənzilin dəyəri tərəflərin razılığına əsasən 200 000,0 manat, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evi, bağ evinin tərkib hissələri 0,12 ha torpaq sahəsi ilə birlikdə dəyəri tərəflərin razılığına əsasən 500.000 manat məbləğində müəyyən edilməsi, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 saylı evin 46 nömrəli mənzilinə və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə, bağ evininin tərkib hissələrinə 0,12 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərraca çıxarılaraq satılması hesabına kredit borcunun, ödənilmiş 410 manat mediasiya xərcinin və 454,41 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli 000592 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 12%-lə 24 ay müddətinə istirahət kompleksi üçün məişət avadanlıqlarının və təmir-tikinti işlərinin tamamlanması məqsədilə 500 000,0 (beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında 05 oktyabr 2021-ci il tarixli və ipotekaqoyan Cavabdeh1 arasında 08 oktyabr 2021-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. 05 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə görə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəli evin, 46 nömrəli mənzili və 08 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə görə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən bağ evi, bağ evinin tərkib hissələri 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Cavabdeh2 ilə bağlanmış 05 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəlievin, 46 nömrəli mənzilin dəyəri tərəflərin razılığına əsasən 200 000,0 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə bağlanmış 08 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evi, bağ evinin tərkib hissələri 0,12 ha torpaq sahəsi ilə birlikdə dəyəri tərəflərin razılığına əsasən 500.000 manat məbləğində müəyyən edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı əsas borc hissəsində qəbul etdiyini və faiz borcu hissəsində ödənişlərin düzgün çıxılmadığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 MMC arasında 05 oktyabr 2021-ci il tarixli 000592 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh3 MMC-yə illik 12 %-lə 24 ay müddətinə istirahət kompleksi üçün məişət avadanlıqlarının və təmir-tikinti işlərinin tamamlanması məqsədilə 500 000 manat məbləğində kredit verilmişdir.
9. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında 05 oktyabr 2021-ci il tarixli və ipotekaqoyan Cavabdeh1 arasında 08 oktyabr 2021-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır.
10. Müqavilələr tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
14. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
15. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
16. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. İş materiallarında olan Cavabdeh3 MMC-nin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumat”dan görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləyə əsas borc üzrə 483.100 manat, faiz borcu üzrə 92.591,10 manat borcu vardır.
18. Lakin, iddiaçı məhkəməyə ünvanladığı iddianın dəyişdirilməsi barədə ərizədə Cavabdeh3 MMC-nin məhkəmə prosesi gedişində əsas borcdan 12.000 manat, faiz borcundan 5.000 manat olmaqla, ümumilikdə 17.000 manat ödəniş etdiyini bildirmişdir.
19. Məhkəmə qeyd edir ki, ilkin redaksiyada, təqdim edilmiş iddia ərizəsində iddiaçı tərəf əsas borc üzrə 483.100 manat, faiz borcu üzrə 92.591,1 manat pul tələb edirdi. Sonradan məhkəmə gedişində cavabdeh tərəf 17.000 manat ödəniş etmiş, bunun 12.000 manat hissəsi əsas borcdan silinmiş, qalan 5.000 manat isə faiz borcundan (92.591,1- 5000=87.591,1) silinməli idi.
20. Məhkəmə iclasında iddiaçı tərəfdən nəyə görə məbləğin tam çıxılmadığı soruşulmuş, iddiaçı tərəf bunu əlavə faiz hesablandığını bildirmişdir.
21. Bu xüsusda Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən, həmin tarixdən sonra müqavilədə nəzərdə tutulmuş faiz üzrə, faiz borcu hesablana bilməzdi.
22. Ona görə də, Məhkəmə hesab edir ki, ödənilmiş 5.000 manat pul ilkin redaksiyada göstərilmiş 92.591,1 manat puldan çıxılmalıdır.
23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində tam, faiz borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 05 oktyabr 2021-ci il tarixli 000592 saylı müqaviləyə əsasən əsas borc üzrə 471.100 (483.100-12.000) (ödəniş) manat, faiz borcu üzrə 87.591,10 (92.591,10-5.000) manat məbləğində pul Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənməlidir.
24. Bundan başqa, məhkəmə illik 5% məbləğində hesablanmaqla 11.689 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
25. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində, yəni təxmini 5 ay sonra müraciət edilmişdir.
26. Göründüyü kimi, cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 9.814,58 (471.100x5/100=23.555 (1 il üçün), 23.555/12=1.962,916 (1 ay üçün), 1.962,916x5=9.814,58) manat məbləğində borcu vardır.
27. Məhkəmə hesab edir ki, 9.814,58 manat məbləğində pul da, Cavabdeh3 MMCdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İşdə olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəli evin, 46 nömrəli mənzil təşkil edir (2.1-ci bənd).
30. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən xx.xx.2021-ci il tarixli qiymətləndirilmə rəyinə əsasən 200.000 manat məbləğində müəyyən edilmişdir.
31. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və ya daha çox gecikdirildikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.
32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2230/2024 saylı qərardadı ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 saylı evin, 46 nömrəli mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 saylı evin, 46 nömrəli mənzilin orta bazar dəyəri 447.600 manat, likvid dəyəri 402.840 manat müəyyən edilmişdir.
34. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 402.840 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəli evin, 46 nömrəli mənzilinə yönəldilərək açı hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
35. Məhkəmə digər ipoteka predmetinə tutma ilə bağlı aşağıdakıları qeyd edir.
36. İşdə olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 08 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini ünvan 1 ünvanında yerləşən bağ evi, bağ evinin tərkib hissələri 0,12 ha torpaq sahəsi təşkil edir (2.1-ci bənd).
37. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən xx.xx.2021-ci il tarixli qiymətləndirilmə rəyinə əsasən 500.000 manat məbləğində müəyyən edilmişdir.
38. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və ya daha çox gecikdirildikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.
39. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2230/2024 saylı qərardadı ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 277.9 kv.m, yaşayış sahəsi 74 kv.m və yardımçı sahəsi 203.9 kv.m olan bağ evinin, bağ evininin tərkib hissələri və 0,12 ha torpaq sahəsinin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277,9 kv.m, yaşayış sahəsi 74 kv.m və yardımçı sahəsi 203,9 kv.m olan bağ evinə yaxın ərazilərdə yerləşən anoloji bağ evlərinin mövcud orta bazar dəyəri təqribən 1.075.500 manat, likvid qiyməti 967.950 manat müəyyən edilmişdir.
41. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 402.840 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəli evin, 46 nömrəli mənzilinə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
42. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul Cavabdeh3ndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir.
43. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 410 manat məbləğində pul Bakı 14 saylı Mediasiya Təşkilatına ödənmişdir.
44. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 454,41 manat məbləğində pul da Cavabdeh3ndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir.
45. Belə ki, işdən görünür ki, xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 456 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
46. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
47. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 471.100 (dörd yüz yetmiş bir min bir yüz) manat, faiz borcu üzrə 87.591 (səksən yeddi min beş yüz doxsan bir) manat, 10 (on) qəpik, 558.691 (beş yüz əlli səkkiz min altı yüz doxsan bir) manat, 10 (on) qəpik məbləğində pul Cavabdeh3ndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 9.814 (doqquz min səkkiz yüz on dörd) manat, 58 (əlli səkiz) qəpik məbləğində pul Cavabdeh3ndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 967.950 (doqquz yüz altmış yeddi min doqquz yüz əlli) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinə və bağ evinin tərkib hissəsi olan 0,12 ha torpaq sahəsinə yönəldilərək açıq hərracda satılsın. xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 402.840 (dörd yüz iki min səkkiz yüz qırx) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 85 nömrəli evin, 46 nömrəli mənzilinə yönəldilərək açıq hərracda satılsın. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat, dövlət rüsumunun əvəzi olaraq 454 (dörd yüz əlli dörd) manat, 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh3ndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov