Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2231/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliyinin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC arasında 06 Yanvar 2023-cü il tarixdə CSG-AZİC-R-06-2023 nömrəli“Daşınar Əmlakın İcarə Müqaviləsi” üzrə cavabdehin ödəməli olduğu 20397 (iyirmi min üç yüz doxsan yeddi) manat məbləğində qalıq borcun, gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 1224 manat məbləğində pulun, mediasiya prosessi zamanı ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 21821 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 06 Yanvar 2023-cü il tarixdə CSG-AZİC-R-06-2023 nömrəli “Daşınar Əmlakın İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC balansında olan (qanuni istifadəsində, mülkiyyətində) xx.xx.2023-cü il tarixli, CSG-AZİC-R-06-2023 nömrəli müqaviləyə qoşulmuş, müqavilənin ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və.s) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə cavabdeh MMC-yə icarəyə verməyi, cavabdeh də öz növbəsində həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadə etməyi və əvəzində İddiaçı MMC-yə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə cavabdeh icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə İddiaçı MMC-yə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh icarə haqqını, daşınma xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində iddiaçıya ödəməli idi, müqavilənin 3.4-cü bəndinə əsasən isə icarə haqqına müvafiq vergilər (ödəmə mənbəyindən vergi, ƏDV və digər) və dövlət rüsumları daxil deyil, həmin vergilər və dövlət rüsumları cavabdeh tərəfindən ödənilməli idi. Belə ki, sözügedən müqavilə üzrə cavabdeh ümumilikdə İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin qarşılığı olaraq 28824,77 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC xx.xx.2023-cü il tarixli, CSG-AZİC-R-06-2023 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmiş, işlərin İddiaçı MMC tərəfindən tam, vaxtında və keyfiyyətli şəkildə görülərək tamamlanmasına dair cavabdehlə aralarında №1327 nömrəli İşləri Tamamlama aktı imzalanmışdır ki, həmin aktı, hesab fakturanı və hesab fakturanın cavabdehə çatdırılmasını əks etdirən poçt qəbzini də hazırkı ərizəyə əlavə edilir. Lakin buna baxmayaraq cavabdeh göstərilmiş xidmətlərin qarşılığı olaraq ödəməli olduğu 28824.77 manat məbləğində pul vəsitinin 8427,77 manatını ödəsə də, bugünkü günə kimi ödəməli olduğu 20397 manat məbləğində qalıq borcunu ödəməmişdir. Cavabdehin borcunun olmasını təsdiq edən üzləşmə aktı da ərizəyə əlavə edilir. Eyni zamanda dəfələrlə cavabdehə borcunu ödəməyi bildirilsə də müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu isə Cavabdeh MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığının bariz göstəricisidir. Həmçinin cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli, CSG-AZİC-R-06-2023 nömrəli müqavilənin 6.3-cü bəndinə əsasən “İcarəçi” (yəni Cavabdeh MMC) icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə “İcarəyə verənə” (İddiaçı CASPİAN SERVİCES GROUP” MMC) gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 15 aprel 2023-cü il tarixdən borcunu ödəməmişdir. Belə olduğu təqdirdə Cavabdeh MMC müqavilə üzrə CASPİAN SERVİCES GROUP” MMC-yə gecikdirilən hər bir həftə üçün, yəni gecikdirilmiş müddətə görə ( gecikdirilmiş müddət 15 aprel 2023-cü il tarixdən pretenziya məktubunun qarşı tərəfə göndərildiyi tarixədək hesablanmaqla) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 1224 manat məbləğində pul ödəməlidir. Cavabdeh MMC ödəməli olduğu pul vəsaitini vaxtında ödəməməsi çox böyük maddi zərər vurmuş, həmin məbləğ (gəlir) hesabına əlavə qazanc əldə etməyə maneə olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə yaranmış mübahisəni danışıqların aparılması yolu ilə həll etmək məqsədi ilə ona ilk əvvəl pritenziya məktubu ünvanlamış, daha sonra isə Mediasiya Təşkilatına müraciət olunmuşdur. Lakin mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixindən məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CSG-AZİC-R-06- 2023 saylı “daşınar əmlakın icarə müqaviləsi”nə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcarəyə verən» balansında (qanuni istifadəsində, mülkiyyətində) olan bu müqaviləyə qoşulmuş və onun aynlmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və s.) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə «İcarəçi»nin icarəsinə verməyi, «İcarəçi» isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində «İcarəyə verən»ə icarə haqqı ödəməyi öhdələrinə götürürlər.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verənin öhdəlikləri və hüquqları:
10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Müqavilə imzalandığı andan 5 gün müddətində təhvil - qəbul aktı tərtib etməklə icarəyə verilən avadanlıqları müqavilə şərtlərinə tam uyğun şəkildə istismara yararlı vəziyyətdə (bu barədə tərəflər arasmda təsdiqlənmiş təhvil-qəbul aktında müvafiq qeydlər aparılmaqla) “İcarəçi”yə verir və həmin andan icarəyə götürülmüş avadanlıqlarla bağlı bütün risklər “İcarəçi”nin öhdəsinə keçir.
11. Müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “İcarəçi”dən bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını vaxtında ödəməyi tələb edir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçinin öhdəlikləri və hüquqları:
13. Müqavilənin 2.2.2-ci bəndinə əsasən icarə haqqını müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada ödəyir.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə «İcarəçi» icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə «İcarəyə verən»ə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqını ödəyir. Tərəflərin razılığı ilə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqı müvafiq qaydada artırıla (və ya azaldıla) bilər. Digər hallarda icarə haqqı bu icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində dəyişilməz qalır və icarə haqqımn dəyişdirilməsi ilə əlaqədar tərəfin təklifi digər tərəfdən qəbul edilməməsi bu müqavilənin istənilən şərtlərinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsas hesab olunmur.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən “İcarəçi” icarə haqqını, daşınma xərclərini Əlavə 1də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab-fakturası alındığı tarixindən etibarən 30 (otuz) təqvim günü ərzində “İcarəyə verə”nin bank hesabına köçürülmə yolu ilə ödəyir.
16. Müqavilənin 3.4-cü bəndinə əsasən İcarə haqqına müvafiq vergilər (ödəmə mənbəyindən vergi, ƏDV və digər) və dövlət rüsumları daxil deyil və həmin vergilər və dövlət rüsumları “İcarəçi” tərəfindən ödənilir.
17. Müqavilənin 6.1-ci bəndinə əsasən Tərəflərin öhdəlikləri yerinə yetirməməsi və yaxud lazımınca yerinə yetirməməsi ilə əlaqədar məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəllə və digər qanunvericilik aktları ilə tənzimlənir.
18. Müqavilənin 6.3-cü bəndinə əsasən “İcarəçi” icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə “İcarəyə verən”ə gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğinin 0,5 faizi həcmində cərimə ödəyir.
19. 16.03.2023-cü il tarixli CSG-01564 saylı inoysa əsasən yekun məbləğ texnikalara görə 28824,77 manat, cəmi ödənilməli məbləğ 20397 manat müəyyən edilmişdir.
20. 16.03.2023-cü il tarixli, 1327 saylı işi tamamlama aktına əsasən iddiaçı tərəfindən 28824,77 manat dəyərində texnikalar Cavabdeh MMC-yə icarəyə verilməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş və buna dair xx.xx.2024-cü il tarixli EBDD641797 saylı eqaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
21. İşdə olan ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən EBDD641797 saylı e-qaimə üzrə 1285,59 manat və 7142,18 manat olmaqlə cəmi 8427,77 manat məbləğində müqavilə üzrə ödənişlər edilmişdir.
22. Cavabdeh-Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda müəssisədə yaranmış maliyyə çətinlikləri ilə bağlı olaraq ödəniş edə bilmədikərini. Yaranmış çətin vəziyyətlə bağlı olaraq xx.xx.2024-cü il tarixə qədər möhlət verilməsi xahiş olunmuşdur.
23. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
28. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
29. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
30. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
31. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 20397 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.
32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
35. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (iki tərəfli imzalanmış işi tamamla aktı, elektron qaimə və cavabdehin özünün həmin avadanlıqların icarəsinə görə qismi ödənişlər etməsi və xx.xx.2023-cü il tarixli cavab məktubu) təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.
36. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 1224 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 6.3-cü bəndinə istinad etmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
39. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
40. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
41. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1020 manat məbləğində müəyyən edilməlidir.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 20397 manat əsas bоrcu, 1020 manat cərimə borcu olmaqla, cəmi 21417 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 21417 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 155 manat məbləğində mediasiya xərci (iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən CSG-AZİC-R-06-2023 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20397 manat əsas borc məbləği, 1020 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 155 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova