Məhkəmə qərarları › İş №e-2-2(113)-2234/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2234/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2234/2021 07.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01.03.2018-30.04.2021-ci il dövrü ərzində yaranmış icarə haqqı borcu üzrə 63.561 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 04.10.2013-cü il tarixli, 2792 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində, Yardımçı təsərrüfatlar massivində yerləşən, dövlət mülkiyyətində olan 50.180 kv.m. sahəsi olan torpaq sahəsi 24.10.2054-cü il tarixinədək Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 30.04.2021-ci il tarixinə 64577 (altmış dörd min beş yüz yetmiş yeddi) manat məbləğində icarə haqqı borcu mövcuddur. Bildirirlər ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi 2018-ci ildə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində, Yardımçı təsərrüfatlar massivində yerləşən, dövlət mülkiyyətində olan 50180 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsiilə cavabdeh arasında bağlanılmış 04.10.2013-cü il tarixli, 2792 nömrəli icarə müqaviləsi üzrə 28.02.2018-ci il tarixə yaranmış 54541 (əlli dörd min beş yüz qırx bir) manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.02.2018-ci il tarixli, 2- 2(82)-35/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə qət edilmiş 54541 manat icarə haqqı üzrə borcun 53525 manatı cavabdeh tərəfindən ödənilmiş, 1016 manatın ödənilməsi həyata keçirilməmişdir. İcarəçinin həmin müqavilə üzrə 01.03.2018 - 30.04.2021-ci il dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan 63.561 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 27.08.2020-ci il tarixli, **********96 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Bununla əlaqədar iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı icarə haqqı borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin 15.03.2021-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında icarə haqqı üzrə borcunu hissəhissə ödəcəyini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adıçəkilən dövlət xidmətinə keçmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 04.10.2013-cü il tarixli Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarə verilməsi haqqında müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimalqərbində, Yardımçı təsərrüfatlar massivi ünvanında yerləşən, 50.180,0 kv.m. torpaq sahəsi icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən illik icarə haqqının məbləği 20.072 manat, aylıq icarə haqqı 1.672,67 manat məbləğində müəyyən edilmişdir. 7.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsinə yol verilən hallar sadalanmışdır. - tərəflərin qarşılıqlı razılığı ilə; -torpaq sahəsinə dövlətin və ya bələdiyyənin ehtiyacı olduqda; -bu müqavilənin 2.2,5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; -tərəflərin biri müqavilə şərtlərinə əmək etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə. İcarə müqaviləsinin müddəti 04.10.2013-cü il tarixdən 24.10.2054-cü il tarixədək müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 27.08.2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bağlanılmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.08.2020-ci il tarixinə olan 76.285,9 icarə haqqı borcunun ödənilməsi 7 gün müddətində tələb olunmuşdur. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.02.2018-ci il tarixli 2-2(82)-35/2018 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh MMC-yə qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMC-dən 54.541,33 manat məbləğində icarə haqqı üzrə borcun Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürülməsi qət edilmişdir. -Cavabdeh şəxsi hesab vərəqəsinin 30.04.2021-ci il tarixinə olan məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh cəmi ödənilməli olan icarə haqqı üzrə borcu 64.577,22 manat təşkil edir. 03.05.2021-ci il tarixli 045 saylı ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə 3.345,34 manat pul ödənilmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (iddiaçının hüquqi sələfi) (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 04 oktyabr 2013-cü il tarixli 2792 saylı icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh MMC həmin müqavilə ilə üzərinə götürdüyü icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin müqavilə üzrə yaranmış 01.03.2018-30.04.2021-ci il dövrü üçün 63.561 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Həmin orcun bir hissəsi – 3.345,34 manat cavabdeh tərəfindən 03.05.2021-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01.03.2018-30.04.2021-ci il dövrü üçün yaranmış 60.215,66 manat məbləğində icarə haqqı borcu Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarlarından verilən şikayətlər və məhkəməyə verilən iddia ərizələri üçün ödənilən rüsumdan azaddır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01.03.2018-30.04.2021-ci il dövrü üçün yaranmış icarə haqqı borcu üzrə 60.215,66 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar