Məhkəmə qərarları › İş №e-2-2(113)-2238/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2238/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2238/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 33514,45 manat əsas borc, 4591,97 manat faiz borcu, 1157,41 manat cərimə borcu olmaqla, cəmi 39263,83 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 23.10.2020-ci il tarixli DCS00265834-01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun “08” oktyabr 2020-ci il tarixli ZM215/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 39500 manat məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış DCS00265834-01 saylı kedit müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında 23.10.2020-ci il tarixli, DGS**********7 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış 23.10.2020-ci il tarixli DCS00265834-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə Bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyəti X2 iddianı iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunan həcmdə müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 23.10.2020-ci il tarixli DCS00265834-01 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı fondunun 08 oktyabr 2020-ci il tarixli ZM215/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə və bu müqavilənin 1.5-ci maddəsinə müəyyən edilmiş təminatı vermək şərti ilə "xxxx" MMC-yə illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 39500 manat məbləğində kredit verir. Müqavilənin 4.2-ci maddəsinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. 23.10.2020-ci il tarixli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********7 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 23.10.2020-ci il tarixli DCS00265834-01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyi "xxxx" MMC icra etmədikdə və ya lazımınca icra etmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etmək məsuliyyətini öz üzərinə götürür. 25.05.2022-ci il tarixli PB/PBL-Out-00593-2022 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 19 may 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit üzrə öhdəlikləri DCS00265834-01 saylı kredit müqaviləsinə əsasən 33514,45 manat əsas borc, 4591,97 manat faiz borcu, 1157,41 manat cərimə, borcu olmaqla cəmi 39263,83 manat təşkil edir, gecikmə günün sayı-269 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7, 465.2 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 33514,45 manat əsas, 4591,97 manat faiz və 210 manat mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 193,58 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər "xxxx" MMC və Cavabdeh2 birgə qaydada 33514,45 manat əsas, 4591,97 manat faiz, 193,58 manat cərimə cəmi 38300 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 birgə qaydada 33514,45 manat əsas, 4591,97 manat faiz, 193,58 manat cərimə cəmi 38300 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar