Məhkəmə qərarları › İş №e-2-2(113)-2242/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2242/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2242/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, müqaviləyə xitam, cərimə, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Xəlilli Səmral Vasif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2823,35 manat məbləğində əsas bоrc, 424 manat məbləğində faiz bоrcu və 294,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3541,88 manat məbləğində pulun, 68 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçının “28 May” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə sonuncuya xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin restruktruzasiyası məqsədi üçün illik faiz dərəcəsi 18,5 % olmaqla 24 ay müddətinə 2925 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2.2. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Belə ki, cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli də mümkün olmamışdır. Odur ki kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X1 bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 bütün əsas borcun tələb edilməsi barədə pretenziya məktubu xx.xx.2022-ci il tarixdə çatdırılmışdır.

6. Məhkəmə bildirişləri Cavabdeh1 elektron kabinetinə yerləşdirilməklə, Cavabdeh2 və Cavabdeh3 yaşayış yerinə çatdırılmaqla, eləcə də mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (bank qismində) ilə cavabadeh Cavabdeh1 (borcalan qismində) arasında bağlanmış 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsinin 1-ci hissəsinə əsasən, Bank Borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür (1.1). Kredit restrukturizasiya məqsədi üçün götürülür (1.2). Kredit Borcalanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Bank bu məqsədlə Borcalana AZ69TURA******************** saylı kredit hesabı açır. Hesablaşmaların aparılması üçün kredit və/və ya cari hesabın açılması və istifadəsi şərtləri bu müqavilənin tələbləri (şərtləri) nəzərə alınmaqla tərəflər arasında bağlanmış hesab müqaviləsi ilə müəyyənləşdirilir (1.3). Borcalan bu kreditdən istifadəyə görə illik 18.5 % olmaqla faiz ödəyir (1.4).

11. Həmin müqavilənin 2-ci hissəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №2) uyğun olaraq həyata keçirir (2.1). Kredit hansı valyuta növündə verilmişdirsə, ödənişlər (əsas borc, faiz borcu, cərimə və s.) həmin valyutada və ya ödəniş tarixinə Bankın təyin etdiyi daxili məzənnə ilə milli valyutada ödənilməlidir (2.2). Tərəflər razılaşır ki, FİFD 18.5 % təşkil edir (2.3).

12. Adıçəkilən müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 13 iyul 2022-ci il, son ödəniş tarixi isə 13 iyun 2024-cü il olmaqla 2925 manat kredit məbləği və 596,63 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

13. Məhkəməyə təqdim edilən iddiaçı ilə cavabdehlər Cavabdeh1 (borcalan qismində), Cavabdeh2 (zamin qismində) və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli zaminlik müqaviləsinin 1-ci hissəsinə əsasən, Zamin Borcalanın xx.xx.2022 tarixli, SX-FB-093 saylı kredit müqaviləsinə əsasən Bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik 18,5 % olmaqla aldığı 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin Banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, 2925 manat AZ69TURA******************** saylı hesaba köçürülmüş və kreditin tam ödənişinə silinmişdir. Həmçinin görünür ki, kredit üzrə cəmi 145 manat ödəniş edilmiş (xx.xx.2022-ci il tarixdə), 101.65 manat əsas borcdan, 43.35 manat faiz borcundan silinmişdir.

15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borcalan və zaminlərdən kredit müqaviləsi üzrə bütün əsas və faiz borcu tələb olunmuş, petenziya məktubu xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh1 çatdırılmışdır.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 2925 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətə illik 18,5 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit restrukturizasiya məqsədi üçün götürülmüş, kredit məbləğini təşkil edən 2925 manat pul borcalanın hesabına köçürülmüş və kreditin tam ödənişinə silinmişdir. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə cəmi 145 manat ödəniş edilmiş, 101,65 manat əsas borcdan, 43,35 manat faiz borcundan silinmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə bütün əsas və faiz borcunu tələb etmiş, petenziya məktubu xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh1 çatdırılmışdır.

17. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 2823,35 manat əsas bоrc, 424 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

18. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

19. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

24. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

28. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubunu poçt rabitəsi vasitəsilə Cavabdeh1 (borcalan) yollayaraq (xx.xx.2022-ci il tarixdə məktub qəbul edilmişdir) həmin tarixə kredit müqaviləsi ilə bütün əsas borcu tələb etmişdir.

29. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

30. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

31. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

32. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh1 xəbərdarlıq məktubu yollayaraq həmin tarixə kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

33. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. Hesabdan çıxarış məlumatlarına əsasən 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsi üzrə cəmi 1 dəfə - xx.xx.2022-ci il tarixdə 145 manat ödəniş edilmiş, həmin məbləğdən 101,65 manat əsas borcdan, 43,35 manat faiz borcundan silinmişdir. Belə olan halda kredit müqaviləsi üzrə ödənilməmiş 2823,35 (2925 manat - 101,65 manat) manat əsas borc qalmışdır.

35. Ödəniş cədvəlinə əsasən ilk ödəniş 13 iyul 2022-ci il tarixdə 146,74 manat olmaqla 101,65 manat əsas borc və 45,09 manat faiz borcundan edilməli idi.

36. Hesabdan çıxarış məlumatları və ödəniş cədvəlini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, 13 iyul 2022-ci il tarixə olan faiz borcundan 1,74 manat (45,09 manat - 43,35 manat) ödənilməmişdir.

37. Belə olan halda xx.xx.2022-ci il tarixdən müqavilənin ləğvi tarixinə (xx.xx.2022-ci il) qədər olan 130 gün üçün faiz borcu qalıq əsas borcun 2823,35 manat, xx.xx.2022-ci il tarixə qalıq faiz borcunun 1,74 manat olduğu nəzərə alınmaqla hesablanmalıdır. Bu isə 187,64 manat (2823,35 manat*18,5%/100%=522 manat/365 gün=1,43 manat (1 günün faizi)*130 gün=185,9 manat (xx.xx.2022-xx.xx.2022 tarixlərin faiz borcu)+1,74 manat (xx.xx.2022-ci il tarixə qalıq faiz borcu) təşkil edir.

38. Beləliklə, məhkəmə hesab edir ki, 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsi üzrə müqavilənin xitam tarixinə (xx.xx.2022) tutulmalı əsas borc 2823,35 manat, faiz borcu isə 187,64 manat təşkil edir.

39. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsi üzrə 2823,35 manat əsas borc, 187,64 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı 294,53 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

44. 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə görə, Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18,5 % olmaqla cərimə faizi ödəyir.

45. 13 iyun 2022-ci il tarixli SX-FB-093 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən, Borcalanın Bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

48. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

49. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, borc məbləğinin az olması, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 141 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

50. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 141 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

51. İddiaçı eləcə də 68 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00044 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 68 manat məbləğində mediasiya xərcini ödənmişdir.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

55. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2823 (iki min səkkiz yüz iyirmi üç) manat 35 (otuz beş) qəpik əsas borc, 187 (yüz səksən yeddi) manat 64 (altmış dörd) qəpik faiz borcu, 141 (yüz qırx bir) manat cərimə borcu olmaqla, ümumilikdə 3151 (üç min yüz əlli bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar