Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2246/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı «kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 MMCnin direktoru Cavabdeh3 arasında bağlanmış 27.04.2020-ci il tarixli BKX-00055-17/20A saylı kredit xətti müqaviləsindən irəli gələn 09.04.2021-ci il tarixinə ödənilməmiş 8000 manat əsas borc, 1218.12 manat faiz məbləği, 775.18 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 9993.3 manat və 30.40 manat pulun cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 arasında bağlanmış 27.04.2020-ci il tarixli BKX-00055-17/20A saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə biznes məqsədi ilə 12 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 8000 (səkkiz min) manat məbləğində, faizləri aylıq əsasla, əsas məbləği isə mövcud müqavilənin bitmə tarixinədək qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh3 27.04.2020-ci il tarixdə iddiaçıyla BKNZ-00055-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 27.04.2020-ci il tarixdə iddiaçıyla BKNZ-A00055-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 MMC kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 MMC-nin nümayəndəsi, Cavabdeh1,Cavabdeh3 hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27.04.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 ərizə ilə "xxxx" ASC-nin “Sumqayıt” filialına müraciət edərək, biznes məqsədi ilə 12 ay müddətinə 8000 manat məbləğində kredit xətti ayırılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC (borc verən) ilə Cavabdeh2 MMC (borc alan) arasında 27.04.2020-ci il tarixdə BKX-00055-17/20A nömrəli kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank tərəfindən cavabdehə biznes məqsədi ilə 12 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 8000 (səkkiz min) manat məbləğində, faizləri aylıq əsasla, əsas məbləği isə mövcud müqavilənin bitmə tarixinədək qaytarılmaq şərti ilə kredit verilmişdir. Həmin Müqavilənin 2.10-cu bəndinə əsasən borcalanın kredit borcu onun Borcverənin balansında debitor borcu yarandığı andan hesab olunur və kreditdən istifadəyə görə faizlər həmin andan onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. İş materiallarında olan "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 arasında bağlanmış 27.04.2020-ci il tarixli BKNZ-00055-17/20A nömrəli zaminlik müqaviləsindən görünür ki, 27.04.2020-ci il tarixdə BKX-00055-17/20A nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəlikləri təmin edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2020-ci il tarixli BKNZ-A0055-17/20A nömrəli zaminlik müqaviləsindən görünür ki, 27.04.2020-ci il tarixdə BKX-00055-17/20A nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəlikləri təmin edilmişdir. X1 1.5-ci bəndinə əsasən bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini əsas kredit müqaviləsi (kredit limiti, kredit xətti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən əsas kredit müqaviləsi çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. İş materiallarına əlavə edilmiş 27.04.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 ərizə ilə "xxxx" ASC-nin “Sumqayıt” filialına müraciət edərək, 27.04.2020-ci il tarixdə BKX-00055-17/20A nömrəli kredit xətti müqaviləsi üzrə istifadə olunmamış 8000 manat məbləğində vəsaitə tranş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 09.04.2021-ci il tarixli RİED 2021/1878 nömrəli arayışdan görünür ki, Cavabdeh2 MMC tərəfindən götürülmüş kreditin müqabilində 681,97 manat ödəniş edilmiş, həmin tarixə əsas borcu 8000 manat, 1218,12 manat ümumi faiz borcu, 775,18 manat dəbbə borcu olmaqla cəmi 9993,3 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386) Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" ASC (borc verən) ilə Cavabdeh2 MMC (borc alan) arasında 27.04.2020-ci il tarixdə BKX-00055-17/20A nömrəli kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehə 8000 manat məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 12 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 25 faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etsə də, cavabdeh tərəfindən müqavilə lazımı qaydada icra edilməmiş, borcun çox hissəsi ödənilməmiş qalmışdır. Belə ki, Bank BTB” ASC tərəfindən verilmiş 09.04.2021-ci il tarixli RİED 2021/1878 nömrəli arayışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin əsas borcu 8000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Azərbaycan Respublikasının Мülki Мəcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərə yönəlmiş əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən tələb edilən 1218,12 manat faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-nin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının məzmunundan göründüyü kimi kredit təşkilatı (hazırkı iş üzrə iddiaçı bank) kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada faiz borcunun ödənilməsini tələb edə bilməz. Bu zaman bank yalnız bank faizinin uçot dərəcəsi ilə ödənilməsini və öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin 775,18 manat dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 775,18 manat dəbbə məbləğinin 70 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27.04.2020ci il tarixdə BKX-00055-17/20A saylı müqavilə üzrə saylı kredit xətti müqaviləsindən irəli gələn 09.04.2021-ci il tarixinə ödənilməmiş 8000 manat əsas borc, 1218.12 manat faiz məbləği, 70 manat dəbbə pulu olmaqla ümumilikdə 9288,12 manat pul cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 27.04.2020-ci il tarixli BKX-00055-17/20A saylı müqavilə üzrə 09.04.2021-ci il tarixinə ödənilməmiş 8000 (səkkiz min) manat əsas borc, 1218.12 (min iki yüz on səkkiz manat on iki qəpik) manat faiz məbləği, 70 (yetmiş) manat dəbbə pulu borcu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2246/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2246/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver