Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2257/2024 17.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “sənədlərin təqdim olunması və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 möhürünü, asan imzanı, maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğısatqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi və Cavabdeh2ndə audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X2 tərəfindən təsis edilərək xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 25 (iyirmi beş) manat olmaqla 4 (dörd) paydan ibarətdir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti ağartı məhsullarının istehsalı və satışı olmuşdur. Cəmiyyət yaradılarkən məhsul istehsalı üçün zəruri olan bütün avadanlıqlar və texnika ilə təmin olunsa da, həmin əmlaklar balansa alınmamışdır. Qeyd edilən əmlakların bir qismi iddiaçılar, bir qismi cavabdehlər tərəfindən alınmış, qalan hissəsi, eləcə də xammal alışı üçün banklardan kredit götürülmüşdür. Cəmiyyət əvvəllər normal fəaliyyət göstərsə də, 2023-cü ildən cəmiyyətin fəaliyyəti birtərəfli qaydada aparılmış, təsisçilər məlumatlandırılmamış, xüsusilə təsisçilərdən İddiaçı1, İddiaçı2 idarəetmədən, həmçinin şirkətə nəzarətdən kənarlaşdırılmış, MMC-də hansı əməliyyatların aparılmasından, debit və kreditlərdən, habelə mənfəətdən məlumatsız qalmışlar. Hazırda alınan məlumatlara görə MMC fəaliyyətini dayandırmaq üzrədir. Dəfələrlə həm şifahi, həm də yazılı qaydada MMC-nin fəaliyyətinin təftiş edilməsi, audit keçirilməsi, kredit və debit borclarının müəyyən edilməsi üçün təsisçilərin ümumi yığıncağının keçirilməsi tələb edilsə də, bugünki günədək qanunun tələblərinə uyğun olaraq təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Bakı Kommersiya Məhkəməsində cavabdehlər X1 və Cavabdeh1 qarşı üçüncü şəxs olaraq Cavabdeh2 MMC-ni cəlb etməklə Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə iddia qaldırılmış, məhkəmə prosesində birgə auditin keçirilməsi istiqamətində barışıq təklif edilmiş, lakin, cavabdehlər auditin keçirilməsindən imtina etmişlər. Məhkəmə isə ümumi yığıncağın keçirilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsi əsası ilə iddianı təmin etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. - 49.6-cı maddəsinə əsasən Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. - 87.1-ci maddəsinə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 91.4.-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia şərti olaraq 2 hissədən hüquqi şəxsə aid sənədlərin təqdim edilməsi barədə (1), auditin keçirilməsi öhdəliyinin qoyulması (2) ibarətdir.
9. Məhkəmə ilk növbədə iddianın sənədlərin təqdim edilməsi tələbi barədə hissəsinə münasibət bildirilməsini zəruri hesab edir.
10. İddiaçı tərəf idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırılıldıqlarını, MMC-də hansı əməliyyatların aparılmasından, debitor və kreditor borcların, habelə mənfəətin olubolmamasından məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirirərək, iddia ərizəsində sadlanmış sənədləri tələb edir.
11. Cavabdeh tərəf isə, iddianın hüquqi əsası olmadığını və ümumiyyətlə qeyd edilmiş sənədlərin təsisçilərə verilməli olmadığını bildirir.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, **********852400 nömrəli reyestrdən çıxarışdan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında İddiaçı1 25 pay, İddiaçı2 25 pay, Cavabdeh1 15 pay və X2 35 paya sahibdir.
13. Göründüyü kimi, hazırda İddiaçı2 və İddiaçı1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər biri 25% payçıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.
14. Belə ki, hazırda hüquqi şəxsin payçıları olan iddiaçılar idarəetmədən, şirkətə nəzarətdən kənarlaşdırılıldıqlarını, MMC-də hansı əməliyyatların aparılmasından, debitor və kreditor borcların, habelə mənfəətin olub-olmamasında məlumatsız olduqlarını, hüquqi şəxsə müraciət etsələr də, sənədlərlə tanış olmaq imkanı yaradılmadığını bildirirlər.
15. Məhkəmə qeyd edir ki, MMC-nin iştirakçısının hüquqi şəxsə aid sənədləri tələb etmək imkanı Mülki Məcəllənin də, 49.6-cı maddəsinin tələblərindən də, göründüyü kimi, 49.4-cü maddəsində nəzərdə tutulan halların baş verməsinə dair əsaslı şübhələr olmasını yetərli hesab etmişdir.
16. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.
17. Sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.
18. Bu xüsusda Məhkəmə qeyd edir ki, sadalanmış normalar Səhmdar Cəmiyyətə aid olsa da, məzmununa nəzər yetirildikdə aydın olur, bu normalar məhz hüquqi şəxsin iştirakçılarının mənafelərinin qorunmasına yönəlmişdir.
19. Hazırda isə, nəyə görə hüquqi şəxs tərəfindən, onun fəaliyyəti ilə bağlı sənədlərin onun ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslərə təqdim etməməsi halı da, izah edilə bilən deyildir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərin, təsisçilərin tələbi ilə onlara təqdim edilməməsi, onların təsisçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər.
20. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin maliyyə əməliyyatları barədə sənədlər, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhviltəslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədlər, vergi və audit yoxlamaları üzrə aktlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aiddir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədlərin, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı, Cəmiyyətinin möhürünün, asan imzanın tələb edilməsi isə əsassızdır.
22. Məhkəmə iddianın digər hissəsi, maliyyə sənədlərinin auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 91.4-cü maddəsininin tələbindən də, göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir və cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda, auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır.
24. Hazırda da, göründüyü kimi, hüquqi şəxsin ayrı-ayrılıqda 25 faiz payçıları olan şəxslər auditin keçirilməsini tələb etsələr də, hüquqi şəxs tərəfindən tələbləri təmin edilməmişdir.
25. Məhkəmə bu xüsusda da, bir daha qeyd edir ki, hüquqi şəxsin onun ayrıayrılıqda 25 faiz payçıları olan şəxslərin tələblərini təmin etməkdən yayınması halı izah edilə bilən deyildir.
26. Ona görə də, Məhkəmə hesab edir ki, maliyyə sənədləri auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalıdır.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 maliyyə əməliyyatları barədə sənədləri, gömrük bəyannamələri, vergi bəyannamələri, üzləşmə aktları, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, malların alışı və satışı ilə əlaqədar təhvil-təslim aktları, alğı-satqı müqavilələri, icarə müqavilələri və təhtəl hesab şəxslərlə hesablaşmaları təsdiq edən sənədləri, vergi və audit yoxlamaları üzrə aktların və rəylərin surətlərinin iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. Maliyyə sənədləri auditora təqdim edilərək auditin keçirilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov