Məhkəmə qərarları › İş №e-2-2(113)-2257/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2257/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2257/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X9 Azərbaycan” QSC-nin cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı “X9 Azərbaycan” QSC-nin cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X9 Azərbaycan” QSC (bundan sonra – iddiaçılar) cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1399,21 manat məbləğində maddi zərərin və 33,99 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2017-ci il tarixdə “X9 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında hüquqi xidmət haqqında müqavilə imzalanmışır. Müqavilə şərtlərindən irəli gələrək, 31 yanvar 2018-ci il tarixdə cif 187109 X3 və X4 ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı 09 dekabr 2016-cı il tarixli məhkəmə əmrinin icrası ilə bağlı müvafiq məhkəmə qərarı və müştəriyə aid sənədləri təhvil-təslim aktı əsasında Cavabdeh2 MMC-yə təhvil verilmişdir. 29 dekabr 2024-cü il tarixli, xx/xx-84426/2017-4k nömrəli, Bakı şəhəri, Xətai rayon İcra şöbəsi tərəfindən göndərilmiş məktub xx.xx.2024-cü il tarixdə banka daxil olanda məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. İcra şöbəsi ilə əlaqə saxlanıldığında bəlli olmuşdur ki, Cavabdeh2 MMC-nin nümayəndəsi X7 heç bir səlahiyyəti olmadığı, həmçinin məhkəmə əmri üzrə borc tam bağlı olmadığı halda icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. İcra sənədləri ilə tanış olması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə 29 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada müraciət etməmizə baxmayaraq iddiaçıya (banka) cavab verilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı, 09 dekabr 2016-cı il tarixli məhkəmə əmrinin icrası ilə bağlı icra sənədinə əsaszız və qanunsuz olaraq xitam verildiyindən, banka 1399,21 (bir min üç yüz doxsan doqquz manat iyirmi bir qəpik) manat məbləğində maddi ziyan dəymişdir. “X9 Azərbaycan” QSC tərəfindən cavahdehələrə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, bank dəymiş maddi zərərin ödənilməsi həyata keçirilməmişdir. Hüquqi xidmət haqqında müqavilənin 4-cü bəndinin 7-ci abzasına görə “Büro ona verilən dosyelərdə (iş qovluğunda), büro əməkdaşlarının səhvləri və/və ya laqeydlikləri səbəbindən yarana biləcək Bank zərərindən məsuliyyət daşıyır”. Həmən müqavilənin 6.2-ci bəndinə görə “Büro tərəfindən borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilmir. Borclu şəxslərdən alınan pullar (borclar) müvafiq qaydada banka ödənilməlidir. Bu və ya digər şəkildə büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəyir, köçürmədiyi (ödəmədiyi) təqdirdə isə, öhdəsində qaldığı müddət üçün aldığı pul (borc) məbləğinə, bankın cari ən yüksək kredit faizinə 50% (əlli faiz)in əlavə edilməsi şərti ilə yaranacaq nisbətdə işlədiləcək faiz ilə bunun gündəlik 5 %(beş faiz)i məbləğində cərimə ödəyir.” Həmən müqavilənin 6.5-ci bəndinə gürə “Büro, verilən səlahiyyətləri icra edərkən iddia tələbindən tam və ya qismən imtina edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi (azaldılması), barışıq sazişi və barışıq sazişini bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, hakimlərdən və məhkəmə aktından şikayət verilməsi səlahiyyətləri bankın yazılı razılığını almaq şərtilə istifadə edə bilər.”

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə görə bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və\və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və\və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.

9. Həmin müqavilənin 6.2-ci bəndinə görə büro tərəfindən borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilmir. Borclu şəxslərdən alınan pullar (borclar) müvafiq qaydada banka ödənilməlidir. Bu və ya digər şəkildə büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəyir, köçürmədiyi (ödəmədiyi) təqdirdə isə, öhdəsində qaldığı müddət üçün aldığı pul (borc) məbləğinə, bankın cari ən yüksək kredit faizinə 50 %in əlavə edilməsi şərti ilə yaranacaq nisbətdə işlədiləcək faiz ilə bunun gündəlik 5 %i məbləğində cərimə ödəyir.

10. Həmin müqavilənin 6.5-ci bəndinə görə büro verilən səlahiyyətləri icra edərkən iddia tələbindən tam və ya qismən imtina edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi (azaldılması), barışıq sazişi və barışıq sazişinin bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, hakimlərdən və məhkəmə aktından şikayət verilməsi səlahiyyətləri bankın yazılı razılığını almaq şərtilə istifadə edə bilər.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı, 09 dekabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 və xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində anadan olmuş, Şamaxı rayonu, Çuxuıyurd kəndində qeydiyyatda olan X2 birgə qaydada 1313.03 manat əsas kredit borcu, 52.36 manat faiz borcu, 4.82 manat cərimə, 8.00 manat cavabdehlərə bildirişlərin (pretenziyalann) göndərilməsi üzrə poçt xərclərinin və həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu və əlavə olaraq bank xidmət haqqı 1.00 manat olmaqla cəmi 1399.21 manat məbləğində borcun tutularaq ünvan 2 ünvanında yerləşən “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir.

12. Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixli ərizə ilə Xətai rayon İcra Şöbəsinə müraciət edib 2(011)-15521/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzə icraata xitam verilməsi xahiş etmişdir. Ərizədə borcun borclu Ə.Şərəfənzadə tərəfindən tam şəkildə ödənildiyi göstərilmişdir.

13. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, xx/xx-84426/2017-4k saylı məktuba görə Nizami rayon Məhkəməsinin 2(011)- 15521/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-110/2024 saylı qərardadı ilə “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” Qərarının ləğv edilməsi” barədə şikayəti təmin edilməmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən borclu Ə.Şarafanzadə tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş, qalıq borcu 1647,37 manat təşkil edir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə iddianı 1399,21 manat zərərin cavabdeh MMC-dən tutulması hissəsində əsaslı hesab edir.

18. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 27 noyabr 2017-ci il tarixdə hüquqi xidmət haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdeh MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı, 09 dekabr 2016-cı il tarixli icra sənədini icra edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, həmin icra sənədinin borclu tərəfindən tam şəkildə ödənildiyini bildirmiş, bu səbəbdən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.

19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən borclu Ə.Şarafanzadə tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş, qalıq borcu 1647,37 manat təşkil edir.

20. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı, 09 dekabr 2016-cı il tarixli məhkəmə əmri ilə tutulmalı olan cəmi 1399.21 manat məbləğində borc ödənilmədiyi halda, cavabdeh MMC tərəfindən əsassız olaraq həmin icra sənədi üzrə icraata xitam verilməsinə nail olmaqla, iddiaçıya 1399,21 manat məbləğində zərərin dəyməsinə səbəb olmuşdur.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, 1399,21 manat məbləğində zərər cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

24. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

25. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

26. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

27. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

28. Məhkəmə iddianı qalan, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı hissədə əsassız hesab edir.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15561/2016 saylı 09 dekabr 2016-cı il tarixli məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmiş, Cavabdeh2 MMC tərəfindən xx.xx.2018-ci il tarixli ərizə ilə Xətai rayon İcra Şöbəsinə müraciət edilərək 2(011)-15521/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzə icraata xitam verilməsi xahiş edilmiş və icra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmiş, iddiaçı tərəfindən həmin qərardan verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-110/2024 saylı qərardadı ilə təmin edilməmişdir.

30. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.

31. Həmin Qanunun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.

32. Göründüyü kimi icra şöbəsinin qəbul etdiyi icraata xitam verilməsi barədə qərardan verilmiş şikayət təmin edilməmiş, icra şöbəsinin gəldiyi nəticənin qanuni və əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmişdir.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən 1399,21 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 33,99 manat dövlət rüsumu Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 1399,21 manat məbləğində pul, 33,99 manat dövlət rüsumu, ümumilikdə 1433,20 (bir min dörd yüz otuz üç manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X9 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar