Məhkəmə qərarları › İş №e-2-2(113)-2258/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2258/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2258/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (mülki hüquq pozuntusu üzrə vurulmuş ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2108.33 manat maddi zərər məbləği, 41.09 manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik olmaqla, ümumilikdə 2149.82 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Cavabdeh MMC-nin balansında olan 77 JD 82 dövlət qeydiyyat nişanlı, “X11” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisələri baş vermişdir. Hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan ** JU *** və ** JB *** dövlət qeydiyyat nişanlı, “BMCProcity” markalı sərnişin avtobusları zədələnmişdir. Yol nəqliyyat hadisəsi barədə Cəmiyyətin əməkdaşları tərəfindən DİN-in “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə DYPŞ-nin əməkdaşları cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin rayon DYPŞ-nin Polis baş leytenanantı X6 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X3 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərtib edilmiş protokolnan razılaşmış və protokolun ödənişini etmişdir. xx.xx.2024cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ-nin Polis X1 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X4 əməllərində İXM-nin 327.6cı və 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərtib edilmiş protokolnan razılaşmış və protokolun ödənişini etmişdir. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 11070 saylı Zərər Aktına əsasən xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cəmiyyətin balanasında olan ** JU *** dövlət qeydiyyat nişanlı avtobusa 1671.12 manat, xx.xx.2024cü il tarixli 1332 saylı Zərər Aktına əsasən xx.xx.2024- cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cəmiyyətin balansında olan ** JB *** DQN-lı avtobusa 437.21 manat maddi ziyan dəymişdir. Hər iki yol-nəqliyyat hadisəsi nəticəsində Cəmiyyətə ümumilikdə 2108.33 manat maddi ziyan dəymişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 507205 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 1671.12 manat təşkil etmişdir.

7. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 015594 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 437.21 manat təşkil etmişdir.

8. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə “X11” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində onun tərəfindən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

9. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə “X11” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində onun tərəfindən AR İXM-in 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

10. X2 Şəhadətnaməsindən görünür ki, mülkiyyətçisi İddiaçı MMC olan **-JD-*** dövlət qeydiyyat nişanlı avtobus 16 yanvar 2023-cü il tarixdə, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus 18 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmışdır.

11. X2 Şəhadətnaməsindən görünür ki, mülkiyyətçisi Cavabdeh MMC olan **-JB- *** dövlət qeydiyyat nişanlı avtobus 21 noyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır.

12. 30 yanvar 2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 41.09 manat rüsum ödənilmiş, xidmət haqqı 0.40 manat təşkil etmişdir.

13. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər İddiaçı MMC və Cavabdeh MMC arasında mövcud olan mübahisə mülki hüquq pozuntusunun törədilməsi ilə əlaqədardır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçının balansında olan “BMC Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı və “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobuslar ilə cavabdehin balansında olan “X11” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə 2 müxtəlif yol nəqliyyat hadisələri baş vermiş, baş vermiş hadisələr nəticəsində Cavabdeh MMC-nin sürücüləri X8 və X7 təqsirli bilinməklə, barələrində “inzibati təhbeh vermə haqqında” Qərarlar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 507205 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 1671.12 manat, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 015594 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 437.21 manat təşkil etmişdir. İddiaçı hazırda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində balansında olan avtobuslara ziyan dəyməsini iddia edərək, sözügedən zərər aktları əsasında ümumilikdə 2108.33 manat (1671.12+437.21=2108.33) pul məbləğinin ödənilməsi tələbi ilə çıxış edir.

18. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı “BMC-Procity” markalı **-JU-*** və **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusların həqiqətən də iddiaçının, “X11” markalı **-JD- *** dövlət qeydiyyat nişanlı avtobusun isə cavabdehin balansında olduğu müəyyən edilmişdir.

19. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış etməklə, cavabdeh hüquqi şəxsin mülki hüquqi məsuliyyət daşımasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcud olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh MMC-dən iddiaçının balansında olan “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı və “BMC-Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobuslara dəymiş ziyana görə 2108.33 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir.

20. İddiaçı tələbində həmçinin 41.09 manat dövlət rüsumunun və xidmət haqqı kimi ödənilmiş 0.40 manat pul məbləğinin tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia tələbi təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. V Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına dəymiş 2108.33 manat maddi zərər məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 41.09 manat pul, 0.40 manat xidmət haqqı olmaqla ümumilikdə, 2149.82 (iki min yüz qırx doqquz manat səksən iki qəpik) manat pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar