Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2270/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ona məxsus sahibkarlıq obyekti ilə bağlı **********00987 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə hesablanmış 810,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən xidmət obyekti iddiaçıya məxsusdur. O həmin ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. İddiaçı ilə Azəriqaz İB arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə də fiziki şəxs olaraq çıxış etmişdir. Cavabdehin əməkdaşları 17 aprel 2024-cü il tarixində sözügedən ünvana gəlmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Qaz sayğacı əvəzləndikdən sonra məlum olmuşdur ki, cavabdehin əməkdaşları heç bir əsas olmadan 2020-ci ilin aprel ayında 810,80 manat borc yazmışdırlar. İddiaçı həmin borcun hansı əsas ilə yarandığını, bu borc üçün əsas olan sənədləri cavabdehin əməkdaşlarından tələb etdikdə onlar borcun sayğacda nasazlıqların olması səbəbindən yarandığını bildirmiş, lakin müxtəlif bəhanələrlə həmin sənədləri verməkdən boyun qaçırtmışdırlar. Cavabdeh borcu qaz sayğacında yaranmış nasazlıq əsasında yazmışdırsa qanununvericilikdə təsbit olunmuş normaların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, qaz sayğacı iddiaçıya məxsus xidmət obyektindən kənarda, açıq ərazidə yerləşdiyi üçün sayğaca yoldan keçən istənilən şəxs müdaxilə edə bilər ki, buna görə iddiaçı cavabdeh deyil. Məhz buna görə də qanunverici Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.8-ci maddəsində fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcının, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özlərinin üzərinə qoymuşdur. İddiaçı qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə əsaslanaraq borc əsassız olduğunu hesab etmiş və borcun silinməsi tələbi ilə cavabdehə pretenziya qaydasında müraciət etmişdir. Cavabdeh isə isə pretenziyaya heç bir münasibət bildirməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən quraşdırılmış sayğac smart tipli sayğacdır. Mütəmadi olaraq həmin sayğacla bağlı karta tərəfindən ödənişlər edilmiş, heç zaman borcla bağlı ona məlumat verilməmişdir. 2024-cü il tarixdə ona Asan Kommunalda qazla bağlı borcun olması barədə məlumat verilmişdir. Ona yazılmış borc əsassızdır, məhkəmədən silinməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya qeyriyaşayış sahəsində cavabdeh tərəfindən quraşdırılmış sayğac smart tipli sayğac olmuş, həmin sayğac 2020-ci ildə cavabdehin əməkdaşları tərəfindən çıxarılmış, laborator yoxlanma nəticəsində müəyyən edilmişdir ki, sayğacda texniki nasazlıq vardır, belə ki, sayğacın klapan hissəsi 2014-cü il tarixdən sayğac çıxarılan ana qədər işləməmiş, sayğaca iddiaçı tərəfindən yüklənən vəsait bitdikdə qazın təchizatı dayanmalı olduğu halda, bu baş verməmiş, sayğac mənfi 810,80 manat borc yazmışdır. İddiaçının hazırkı borcu 729,20 manat təşkil edir, silinməsi xahiş olunan borc sərfiyyat borcu olduğu üçün iddia təmin edilə bilməz.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh tərəfindən tərtib olunmuş “qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-cü il tarixli ******* nömrəli akta görə iddiaçıya məxsus smart tipli sayğac sayğacda nasazlıq olduğu üçün (klapanın açıq olması) çıxarılaraq müvəqqəti sayğacla əvəz edilmişdir.
9. Cavabdeh tərəfindən tərtib olunmuş “qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akta görə qaz sayğacı iddiaçıya işlək vəziyyətdə təhvil verilmişdir.
10. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2020-ci ilin may ayında 810,80 manat borc hesablanmış, iddiaçının hazırkı qalıq borcu 729,20 manat təşkil edir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş abonent haqqında məlumata əsasən xx.xx.2014-cü il tarixdən sayğacda qüsur yaranaraq karta yüklənən vəsait bitməsinə baxmayaraq iddiaçıya əlavə mənfi borc hesablanmağa başlanmış, 2020-ci il tarixə olan qalıq borc 810,80 manat olmuşdur.
12. Məhkəmə iddiaçının izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın klapan hissəsində texniki qüsur olduğu üçün çıxarılaraq yenisi ilə əvəz edilmiş, sayğacın qüsurlu işləməsi ilə bağlı iddiaçıya əlavə olaraq 810,80 manat əlavə sərfiyyat borcu hesablanmışdır.
14. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği smart tipli qaz sayğacının nasaz olması səbəbindən qeydə alına bilinməmiş cavabdeh tərəfindən yazılan əlavə borcdur.
15. Cavabdehin nümayəndəsi V.Abdullayev məhkəmə iclasında verdiyi izahatında borcun hesablanmasına əsas kimi qaz sayğacının texniki nasazlığı səbəbindən klapanın işləməməsi və karta yüklənən vəsait bitdikdə klapanın bağlanmaması, təbi qazın təchizatının dayanmaması ilə əlaqəli olduğunu bildirmişdir.
16. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
17. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
18. Materiallardan görünür ki, cavabdeh sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır.
19. Əksinə cavabdeh tərəfindən tərtib olunmuş “qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-cü il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus smart tipli sayğac sayğacda nasazlıq olduğu üçün (klapanın açıq olması) çıxarılaraq müvəqqəti sayğacla əvəz edilmiş, yəni sayğaca kənar müdaxilə olmamışdır.
20. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. Materiallarda olan abonent saldosundan görünür ki, çıxarılan sayğacın işlədiyi dövrdə iddiaçı tərəfindən mütəmadi olaraq təbii qazdan istifadə ilə bağlı ödənişlər edilmişdir.
22. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
23. Bununla yanaşı, iddiaçı iddia ərizəsində ona hesablanmış 810,80 manat borcun silinməsini xahiş etsə də, materiallarda olan iddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçının hazırkı qalıq borcu 729,20 manat təşkil edir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 729,20 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 729,20 (yeddi yüz iyirmi doqquz manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova