Məhkəmə qərarları › İş №e-2-2(113)-2271/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2271/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2271/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 353317-CNS-38594 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5844,69 manat məbləğində əsas borc, 1075,42 manat məbləğində faiz borcu, 619,50 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 7539,61 manat pul məbləğinin və 95,40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 353317-CNS-38594 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh1 illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Daha sonra yuxarda üeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və bankın öhdəliklərinin yerinə yetirilməsinə görə hər iki şəxs cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 Banka ümumilikdə 7539,61 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 353317-CNS- 38594 saylı kredit müqaviləsinə əsasən:

5. İİ.Müqavilənin predmeti

6. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız mal material qiymətlilərinin alınması. Təchizatçılar və podratçılarla hesablaşmanın aparılması təyinatı üzrə istifadə etməlidir.

7. İİİ.Kreditləşmə şərtləri və qaydası

8. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası:7000 manat.

9. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.

10. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 02 sentyabr 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.

11. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% olmaqla və bu Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.

12. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)

13. Həmin Müqavilənin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlanır.

14. Həmin Müqavilənin 3.5.2-ci bəndinə əsasən faizlərin məbləğinin hesablaması müqavilənin V bölməsinə uyğun olaraq aparılır.

15. V.Kreditin qaytarılması və faizlərin hesablanması və ödənilməsi qaydası

16. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.

17. Vİ.Tərəflərin hüquq və vəzifələri

18. Həmin Müqavilənin 6.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.

19. Vİİ.Vaxtından əvvəl tələbetmə

20. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:

21. Həmin Müqavilənin 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.

22. Həmin Müqavilənin 7.1.15-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.

23. Vİİİ.Müqavilənin müddəti və ləğv qaydaları

24. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə bank tərəfindən Vİİ bölmə ilə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər.

25. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 353317-1-2206 saylı zaminlik müqaviləsinə əsasən kredit alan zamninliklə təmin edilmiş hazırkı müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya alzımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar.

26. xx.xx.2022-ci il tarixli müqavilənin ödəniş cədvəli olan Əlavə 1-ə əsasən illik faiz dərəcəsi 24% olmaqla əsas borc 7000 manat, cəmi ödənilməli faiz borcu 2890,36 manat, cəmi ödəniş məbləği 9890,36 manat qeyd olunmuşdur.

27. xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-ci il tarixli, 353317-CNS-38594 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borcu 5844,69 manat, faiz borcu 1075,42 manat cərimə borcu 619,50 manat olmaqla cəmi borcu 7539,61 manat qeyd olunmuşdur. Həmçinin müqavilə üzrə öhdəliyin xx.xx.2023-cü il tarixdən icra edilmədiyi vurğulanmışdır.

28. İddiaçı ASC-nin Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyada bankla cavabdeh arasında 02 sentyabr 2022-ci il tarixində kredit verilməsi haqqında 353317-CNS-38594 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfidən illik 24% ödənilməsi şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verildiyi, qeyd olunan kredit müqaviləsinin tələbləri pozulduğu, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilmədiyi, bunun nəticəsində xx.xx.2024-cü il tarixinə Banka 5844,69 manat məbləğində əsas borc, 1075,42 manat məbləğində faiz borcu, 619,5 manat məbləğində cərimə borcu, ümumilikdə isə 7539,61 manat məbləğində borc yarandığı, tələb olunan borcun 3 iş günü ərzində təmin edilməsi tələb olunmuşdur.

29. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

33. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

36. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

37. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

40. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

41. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5844,69 manat əsas borc, 1075,42 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 5844,69 manat məbləğində əsas borc, 1075,42 manat məbləğində faiz borcu, tutularaq iddiaçıya ödənilməlidir.

42. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 619,50 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 292 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

IV.Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 353317-CNS-38594 saylı kredit müqaviləsi üzrə 5844,69 manat məbləğində əsas borc, 1075,42 manat məbləğində faiz borcu, 292 manat məbləğində dəbbə pulu və dövət rüsumunun əvəzi olaraq 95,40 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar