Məhkəmə qərarları › İş №e-2-2(113)-2279/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2279/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2279/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Razılaşmanın ləğv edilməsi; cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 6424.52 manat əsas borc, 699.68 manat cari faiz borcu və 490.70 manat cari dəbbə borcu olmaqla, cəmi 7 614.90 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100.00 manat haqqın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 ilə bağlanmış 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Razılaşmanın ləğv edilməsi; cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 6424.52 manat əsas borc, 725,19 manat cari faiz borcu və 120,50 manat cari dəbbə borcu olmaqla, cəmi 7270,21 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100.00 manat haqqın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Razılaşmaya əsasən ikinciyə 25% faizlə 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmiş və kreditin aylıq 534.00 (beş yüz otuz dörd) manat olmaqla ödənilməsimüəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 27 oktyabr 2021-ci il tarixdə LOKB1- 7452- 1074+BAKU1-42366 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh109 mart 2023-cü il tarixinədək verilmiş kredit üzrə 6 424.52 manat əsas borc, 699.68 manat cari faiz borcu və 490.70 manat cari dəbbə borcu olmaqla, cəmi 7 614.90 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2279/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının Cavabdeh1 qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini ona aid olan hissədə qəbul etdiyini, iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirib iddianın digər cavabdehə aid olan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd eidlən kredit borcu ona aid olan borcdur, maddi vəziyyəti imkan verən kimi borc tərəfindən tam şəkildə ödəniləcəkdir. Həmin borcun zamindən tələb edilməsi isə əsassızdır.

6. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh2 naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə iclasının digər proses iştirakçılarının iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli LOKB1-7452- 1074 saylı kredit müqaviləsinə əsasən bu müqavilənin tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 25% dərəcəsi ilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 10001 manat məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur.

10. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalanın ödəməli olduğu illik faiz dərəcəsi və faktiki illik faiz dərəcəsi bu müqavilənin tərkib hissəsi olan razılaşmalarla müəyyən edilir. Əsas borcun üzərinə gecikdirilən günlər üçün də faiz hesablanır. Kredit müqaviləsində və ya razılaşmalrda göstərilən faizlər kredit müddəti bitdikdən sonra da hesablanır, bu şərtlə ki, kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməsin.

11. Həmin müqavilənin 4.3-cü bəndinə əsaəsn borcalana kreditin əsasən və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1 %-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LOKB1-7452-1074 nömrəli razılaşmaya əsasən kredit verən və borcalan xx.xx.2021-ci il tarixli LOKB1-7452- 1074 saylı kredit müqaviləsi əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu razılaşma həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir.

13. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli LOKB1-7452- 1074+BAKU1-42366 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borcu 6424,52 manat, faiz borcu 699,68 manat, dəbbə borcu 490,70 manat, ümumilikdə 7614,90 manat təşkil edir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 9/4857 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tərəflər arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli LOKB1- 7452-1074 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə olan əsas borcu 6411,28 manat, faiz borcu 1013,02 manat təşkil edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən krеdit müqaviləsi üzrə 6424.52 manat əsas borc, 725,19 manat cari faiz borcunun ödənilməsini tələb etsə də, ekspert rəyində həmin razılaşma üzrə ödənilməli əsas borc 6411,28 manat, faiz borcu 1013,02 manat müəyyən olunmuşdur.

19. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borc 15 mart 2023-cü il tarixli 9/857 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmişdir.

20. Digər tərəfdən hazırkı halda iddia tələbində 725,19 manat faiz borcun tutulmalı olması göstərildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, cavabdehlərdən tutulmalı olan faiz borcu iddia ərizəsində göstərilən məbləğdə 725,19 manat müəyyən edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.3cü bəndinə əsasən hesablanmış 120,50 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 6411,28 manat əsas bоrc, 725,19 manat faiz borcu, 120,50 manat cərimə borcu, cəmi 7256,97 manat borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

27. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 27 oktyabr 2021-ci il tarixli LOKB1-7452-1074 saylı Razılaşmaya əsasən 6411,28 manat əsas bоrc, 725,19 manat faiz borcu, 120,50 manat cərimə borcu, ümumilikdə 7256,97 (yeddi min iki yüz əlli altı manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar