Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-228/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DCS00123980-05 saylı kredit müqaviləsi üzrə 133,262.29 manat əsas borc, 1453,67 manat faiz borcu, 5037,46 manat cərimə borcu olmaqla, cəmi 139753,42 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında rasında xx.xx.2021-ci il tarixli DCS00123980-05 nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “02” avqust 2021-ci il tarixli ZM- 1486/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, DGS**********16 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, nəticədə DCS00123980-05 saylı müqavilə üzrə 464 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin xx.xx.2023-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri DCS00123980-05 saylı kredit müqaviləsinə əsasən 133,262.29 manat əsas borc, 16,878.15 manat faiz borcu, 2,947.21 manat cərimə borcu olmaqla, cəmi 153,087.65 manat təşkil edir Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, iddianın məhkəməyə verilməsi üçün 44 manat dövlət rüsumu ödəmişdir. Tərəflər arasında imzalanmış Kredit müqaviləsinin 3.1.5.1-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Bank müqaviləyə vaxtın əvvəl birtərəfli qaydada xitam verə bilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra iddiaçı tərəfindən faiz borcu hesablanmamış, ekspert tərəfindən rəy verilərkən faiz borcu düzgün hesablanmamışdır.
4. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə müdafiə edib hazırkı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirildikdən sonra iddia ərizəsinə baxılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış tam deyildir, belə ki, cavabdeh tərəfindən müqavilə üzrə daha çox vəsait ödənilmişdir, lakin hazırda qəbzləri təqdim edə bilmir. Təxmini əsas borc 100000 manat civarındadır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli DCS00123980-05 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X1 02 avqust 2021-ci il tarixli ZM-1486/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 150.000 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə kredit verir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 10.Müqavilənin 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilmiş gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
11. Müqavilənin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5 % faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 12.İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış 05 avqust 2021-ci il tarixli DGS**********16 nömrəli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə zaminlik müqaviləsindən görünür ki, zamin kreditor və borclu arasında bağlanmış 05 avqust 2021-ci il tarixli DCS00123980 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00943-2023/2 nömrəli maliyyə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında kredit üzrə öhdəlikləri əsas borc üzrə 133262,29 manat, faiz borcu üzrə 16878,15 manat, cərimə borcu 2947,21 manat, cəmi 153087,65 manat təşkil edir. 14.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/BPŞ-OUT-00264-2024 nömrəli maliyyə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında kredit üzrə öhdəlikləri əsas borc üzrə 133262,29 manat, faiz borcu üzrə 1438,27 manat, cərimə borcu 262,22 manat, cəmi 134962,78 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli 9/8138/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00123980-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 133.262,29 manat, faiz borcu 752,39 manat; xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) əsas borcu 133.262,29 manat, faiz borcu 3140,01 manat təşkil edir. Kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından cərimə hesablanmamışdır. 16.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin üzrə əsas borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən tutularacaq faiz borcu isə ekspert rəyinə uyğun müəyyən edilməlidir.
27. Belə ki, iddia ərizəsində tələb edilən faiz borcu 1453,67 manat müəyyən edilmiş, müqavilə müddətinin sonuna faiz borcu ekspert rəyində 752,39 manat müəyyən edilmiş, kredit müqaviləsində müddət bitdikdən sonra faiz borcunun hesablanacağı ilə bağlı qeydşərt müəyyən edilməmiş, iddiaçının nümayəndəsi T.Həsənov məhkəmə iclasında verdiyi izahatında kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçı tərəfindən faiz borcunun hesablanmadığını təsdiq etmişdir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DCS00123980-05 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 5037,46 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada DCS00123980-05 saylı kredit müqaviləsinə əsasən 133.262,29 manat əsas borc, 752,39 manat faiz borcu, 5037,46 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə, 44 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
34. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 133262,29 manat əsas borc, 752,39 manat faiz borcu, 5037,46 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 139452,14 (bir yüz otuz doqquz min dörd yüz əlli iki manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova