Məhkəmə qərarları › İş №e-2-2(113)-2287/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2287/2021

17.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2287/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 879699,06 manat borcunun “xxxx” MMC-dən (VÖEN **********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC-nin (VÖEN **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 879699,06 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” Xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC (VÖEN **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 879699,06 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı “xxxx” MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsaslanaraq, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirlmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirtmək vəzifələrinə istinad edərək cavabdehə qarşı tələb irəli sürmüşdür. Halbuki, iddiaçının 2003-2005-ci illərdə imzalanan, özünün tərəf olmadığı, eyni zamanda müqavilə şərtlərinə əməl edilməklə cavabdehə təhvil verilməyən, həmçinin iddia tələbi üzrə hansı torpaqlara görə və hansı dövr üçün icarə haqqının tələb edildiyi naməlum qalan şəkildə iddia ərizəsi verməyə subyektiv hüququ yoxdur. Bundan əlavə icarə hüququ üzrə imzalanan müqavilələrin tarixi və nömrəsi belədir: - 1. 0221 saylı, 31.03.2003-cü il tarixli (543 saylı, 18.09.02-ci il tarixli sərəncam, sahə - 1000 m2 , illik məbləğ – 1264,64 manat) ; 2. 0225 saylı, 04.08.03-cü il tarixli (104 saylı, 04.03.03 tarixli sərəncam, sahə - 1693 m2, illik məbləğ – 2218,51 manat) ; 3. 0367 saylı, 13.09.04-cü il tarixli ( 499 saylı, 30.10.03-cü il tarixli sərəncam, sahə- 710 m2, illik məbləğ – 687,45 manat) ; 4. 0472 saylı, 24.03.05-ci il tarixli (147 saylı, 06.07.04-cü il tarixli sərəncam, sahə - 1366,27 m2, illik məbləğ 1555,18 manat) ; 5. 0618 saylı, 11.10.05-ci il tarixli (104 saylı, 04.03.03-cü il tarixli, sərəncam, sahə - 45138 m2, illik məbləğ - 27602,79 manat) ; 6. 0855 saylı, 25.11.08-ci il tarixli (499 saylı, 30.10.03-cü il tarixli sərəncam, sahə - 56500, illik məbləğ – 34550,88 manat). Amma həmin müqavilələr üzrə aşağıdakı şəkildə torpaq sahələri bizə təhvil verilmişdir : 1. 0221 saylı müqavilə üzrə sahə - 1000 m2, (Vaqif pr.-ti) 2. 0225 saylı müqavilə üzrə sahə - 1188 m2, (D.Əliyeva küç.) 3. 0618 saylı müqavilə üzrə sahə - 1682 m2, (Z.Əhmədbəyov 52) 4. 0472 saylı müqavilə üzrə sahə - 1366,27 m2, (B.Sərdarov 14) Hazırda hesab vərəqəsində göstərilən 800 min manatdan artıq məbləğ reallığı əks etdirmir. Hazırkı mübahisədə iddiaçının icarə müqaviləsi ilə adından icarə haqqı istədiyi təşkilat olan Bakı Şəhər İcra Hakimiyyəti nəinki torpaq sahəsini cavabdehin istifadəsinə verməyib, hətta istifadəyə verilməli olan torpaq sahəsinin ölçüsü, sərhədi, müqavilədə göstərilən şəhadətnaməsi müəyyənləşməyib. İddiaçının tələb etdiyi icarə haqqını əhatə edən torpaq sahəsi isə nəinki cavabdehin istifadəsinə yararlı deyil, orda vətəndaşlarla bərabər müxtəlif təyinatlı obyektlər, səhiyyə və təhsil müəssisələri, obyektlər və evlər yerləşir. Bundan əlavə cəmiyyətin istifadəsinə verilməyən həmin torpaqlardakı obyektlər üzrə ordan əməli istifadə edən icarəçi və ya mülkiyyətçilər tərəfindən icarə haqqları dövlət nəfinə ödənilir. Bu halda isə iddiaçı haqsız olaraq bir mənbədən təkrar olaraq iki dəfə eyni ad ilə haqq toplamaq istəyir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilələr üzrə iddia müddəti 3 ildir. Müqavilələrdən irəli gələn mübahisə üzrə iddia müddəti keçmişdir. Göründüyü kimi ən son imzalanan torpaq icarə müqavilə üzrə tarix 25.11.2008-ci ildir və həmin tarixdən iddia verilən zamana qədər 4 ildən artıq müddət keçmişdir. Bütün bu xüsusatlar iddiaçı tərəfindən iddia ərizəsi hazırlanarkən qəsdən nəzərə alınmamış, torpaq sahələrinə baxış keçirilməmiş, qeyri-peşəkar və səthi yanaşma ilə müqavilələrdən irəli gələn ayrılan torpaq sahələrinin hələ də şəhadətnaməsinin olmaması və onların əməli istifadəyə verilməməsi yayındırılmışdır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16.07.2004-cü il tarixli, 147 saylı «özünəməxsus ərazidə yaşayış, ofis binalarının, istirahət zonasının və istehsalat sahəsinin layihələşdirilməsinə icazə verilməsi haqqında» sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazidə, 119-cu məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0.14 ha torpaq sahəsi icarə əsasında “xxxx” MMC-yə istifadəyə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında 21.09.2007-ci il tarixdə 3150 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16.07.2004-cü il tarixli 147 saylı sərəncamı və 24.03.2005-ci il tarixli 0472 saylı icarə müqaviləi ilə 1400 kv.m. yaşayış binalarının tikintisi üçün 49 il müddətinə icarəyə ayrılan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Eyni maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli 321 nömrəli Fərmanı ilə edilmiş əlavələrə görə həmin Qanunun 14cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Tespublikası Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. Həmin fərmana edilmiş əlavə 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamların dəyişikliklər və əlavələr edilməsi” və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında 26 oktyabr 2005-ci il tarixli 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli 291 nömrəli Fərmanı ilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fəmanının 13.2-ci bəndinin altıncı abzası həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir kimi redaksiyada verilmişdir. Həmin fərman 04 iyul 2010-cu il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ik növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamaları araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsuunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüququnun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, o, icarə haqqının ödənilmədiyini mübahisələndirdiyi torpaq icarəsi müqaviləsinin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır, bunun nəticəsi olaraq cavabdehin müqavilə üzrə icarə haqqının ödənilməsi ilə əlaqədar iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. İddiaçının belə bir tələb hüququnun yaranmasının Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli Fərmanı ilə əsaslandırılması normativ-hüquqi aktın səhv təfsir olunmadır, o səbəbdən ki, Azəbaycan Respublikası “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə icarə borcunun yaranmasını təsdiq edən sənədlər də (icarə müqavilələri, hansı müqavilə üzrə borcun nə qədər təşkil etməsini, borcun hansı dövr üçün tələb olunmasını təsdiq edən sənədlər və s.) təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını yuxarıda qeyd olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar