Məhkəmə qərarları › İş №e-2-2(113)-2288/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2288/2025

13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2288/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli R 036463 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2653 manat məbləğində borcun (cərimənin) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçının atasının adına məxsus obyekti mövcuddur. X5 xx.xx.2020-ci ildə, X4 xx.xx.2005-ci ildə ölmüş, bütün kommunal xərcləri iddiaçı ödəməyə başlamışdır. Həmin obyektə cavabdehin nümayəndələri 13 iyul 2020-ci il tarixdə R 036463 nömrəli akt yazmışdır. Halbuki həmin obyekt passiv qeydiyyatdadır. Aktı iddiaçı bu yaxınlarda cavabdehin idarəsindən almışdır. Aktda qeyd edilmişdir ki, yoxlama zamanı məlum oldu ki, abonent sayğacı şəbəkədən kənarlaşdırıb, birbaşa elektrik sayğacından kənar istifadə edir. 13 iyul 2020-ci il tarixdə R 036463 nömrəli akta əsasən cavabdeh iddiaçını 2653 manat cərimə etmişdir. Belə bir cərimənin mövcud olmasını isə iddiaçı sonradan bilmişdir. Həmin cərimə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla qanunsuz olaraq yazılmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 36.9-cu və s. maddələrinə istinad edilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edillməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən **********9 abonent kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent elektrik sayğacını şəbəkədən kənarlaşdırıb. Birbaşa elektrik sayğacından kənar istifadə edir. Tərtib edilmiş aktdan göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

5. Etirazın maddi hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə istinad olunmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2288/2025 nömrəli qərardadı ilə iddia tələbinin “cavabdeh tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli R 036463 nömrəli aktın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, yoxlama reyestrdə qeydiyyata alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – X3 məxsus Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən qeyri-yaşayış sahəsinə (mağazaya) cavabdehin əməkdaşları tərəfindən 13 iyul 2020-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı abonentin elektrik sayğacını şəbəkədən kənarlaşdırıb birbaşa elektriki sayğacdan kənar istifadə etdiyi müəyyən olunaraq xx.xx.2020-ci il tarixli R036463 nömrəli akt tərtib edilmişdir. Bundan sonra 2653,56 manat qanunsuz istifadəyə görə sərfiyyat hesablanaraq həmin tarixdə abunə haqqında məlumata daxil edilmişdir; – 05.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixdə ölmüş, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025ci il tarixli 87 nömrəli məktubuna əsasən, İddiaçı X1 vərəsələrindən biri kimi tanınmış, xx.xx.2022-ci il tarixdə 55 saylı vərəsəlik işi açılmışdır.

13. İddiaçı borcun qanunsuz hesablandığına istinad edərək 2653 manat məbləğində borcun silinməsini tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək abonentin elektrik sayğacını şəbəkədən kənarlaşdırıb birbaşa elektriki sayğacdan kənar istifadə etdiyini bildirir.

15. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Əvvəla göstərilməlidir ki, xx.xx.2020-ci il tarixli R036463 nömrəli akt əsasında borc X3 hesablansa da, həmin şəxs xx.xx.2020-ci il tarixdə ölmüş, iddiaçı isə X1 vərəsələrindən biri kimi tanınmışdır. Belə olan halda iddiaçı hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malikdir.

17. Digər tərəfdən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. “Elektroenergetika haqqında” Qanunun (zamana görə qüvvədə olan 1998-ci il 3 aprel tarixli 459-İQ nömrəli Qanun) 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

20. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

21. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

22. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

24. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

25. Qeyd edilməlidir ki, elektrik enerjisi təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin elektrik şəbəkəsinə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

26. İş materiallarında görünür ki, cavabdeh, X3 məxsus abonent koduna xx.xx.2020-ci il tarixli R036463 nömrəli akt əsasında 2653,56 manat sərfiyyat hesablamış, lakin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, abonentin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də X3 məxsus **********9 nömrəli abonent koduna hesablanan 2653 manat borc silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 46,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,53 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. **********9 nömrəli abonent koduna 13 iyul 2020-ci il tarixli R 036463 nömrəli akt əsasında hesablanmış 2653 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,53 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar