Məhkəmə qərarları › İş №e-2-2(113)-2289/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2289/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2289/2021 16.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seydova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh “X1” MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, iddiaçının xeyrinə 111.600 (yüz on bir min altı yüz) manat pulun, vəkil xidmətinə görə ödənilmiş 2500 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 13.12.2017-ci il tarixdə Abşeron rayonu, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 6.000 kv.m. olan anbarın icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə 5 il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı, hər 1 kv.m. üçün 2 manat olmaqla aylıq ümumi 12.000 (on iki min) manat kimi müəyyən edilmişdir. İlkin olaraq 4000 manat məbləğində pul ödənilmişdir. Lakin icarəçi (cavabdeh) öz öhdəliklərini müqavilə bağlandıqdan bir müddət sonra lazımınca icra etməmişdir. Belə ki, ilk ayların icarə haqları ödənilməmişdir. Daha sonra icarəçi tərəfindən icarəyə verənə məktub ünvanlanaraq icarədə müəyyən güzəştlərin ediməsi xahiş edilmişdir. Bunu nəzərə alaraq icarəyə verən ilkin güzəşt etmişdir. Lakin güzəşt şərt daxilində olmuşdur ki, icarəçi icarənin davamlılığına dair zəmanət verir. Lakin bu güzəştə baxmayaraq icarəçi yenidən öz öhdəliklərini icra etməmiş və müqavilənin vaxtından əvvəl xitam edilməsini bildirmişdir. Belə olan halda icarəçi müqaviləyə xitam verilməsi ilə bağlı şərtləri də icra etməmişdir və artıq uzun müddətdir ki, danışıqların aparılmasına baxmayaraq cavabdeh öz öhdəliklərini könüllü olaraq icra etməkdən yayınır. Cavabdeh 01.07.2018-ci il tarixli məktubla icarə müqaviləsini bir tərəfli qaydada xitam verilməsin bildirmişdir. Lakin icarə müqaviləsinin 10.1 bəndinə əsasən 3 ay qabaqcadan yazılı xəbərdarlı edilməlidir. Eyni zamanda müqaviləyə edilmiş 30.04.2018-ci il tarixli əlavəyə əsasən icarəçi müqaviləyə xitam verdiyi halda icarəyə verənə birdəfəlik olaraq 36.000 manat məbləğin kompensasiya ödəyir. Lakin bu günə qədər qeyd edilən tələblər və təzminat ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş müqavilənin şərltəinə əsasən 13.12.2017-ci ildən 01.07.2018-ci il tarixədək anbar cavadbehin istifadəsində olmuş və icarə haqqı 6 ay 15 gün üçün 78.000 (yetmiş səkkiz min) manat təşkil edir. Müqavilənin 10.1-ci bəndinə əsasən xəbərdarlıq müddəti 3 aydır və belə olan halda qeyd edilən 01.07.2018-ci il tarixli xitam barədə xəbərdarlıqı nəzərə alsaq bu zaman icarəçi növbəti 3 ayın da icarə haqqını ödəməli idi, yəni 36.000 manat. Həmçinin 01.04.2018-ci il tarixli müqaviləyə əlavənin tələbinə əsasən, müqavilə vaxtından əvvəl, yəni 5 ildən tez xitam ediləcəyi halda əldən çıxmış fayda qismində birdəfəlik ödəniş qismində 36.000 manat ödənilməli idi. Toplam borc 150.000 manat edir. Eyni zamanda 27.000 manat ƏDV . Cavabdeh həmin məbləğdən yalnız 65.400 manat ödənilib, yerdə qalan borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdeh “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianı qismən 6000 manat borcun qalması hissəsində etiraf etdi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" MMC (köhnə adı Bakı Logistika Mərkəzi 2016 MMC) ilə “X1” MMC arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisində yerləşən ümumi sahəsi 6000 kv.m olan anbar sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə şərtləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli icarə müqaviləsi ilə “X1” MMC-yə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisində yerləşən ümumi sahəsi 6000 kv.m olan anbar sahəsi icarəyə verilmişdir. Tərəflər arasında olan icarə hüquq münasibətlərinə 01.07.2018-ci il tarixdən xitam verilmişdir. İcarəçi tərəfindən icarəyə verənə cəmi 65400 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçıya məhkəməyə müracət edərək cavabdehdən 111.600 (yüz on bir min altı yüz) manat borcun ödənilməsini tələb edir. İddiaçı tərəf bildirir ki, 13.12.2017-ci il tarixdən 01.07.2018-ci il tarixdədək 78.000 icarə haqqı borcu, 3 ay qabaqcadan xəbərdarlıq etmə müddətindən sonrakı 3 ay üçün 36.000 manat icarə haqqı, müqavilənin vaxtından əvvəl xitam edildiyi üçün əlavə olaraq 36000 manat məbləğində kompensasiya və qeyd edilən məbləğlərin ƏDV-si kimi 27000 manat ödəməli olduğunu bilririr və qeyd edilən məbləğlərdən cəmi 65400 manat ödənildiyini bildirərək, 111.600 (yüz on bir min altı yüz) manat borcun qaldığını iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli icarə müqaviləsinin 3.2-ci bəndində müqavilə üzrə icarə haqqının hesablanmasına 01 mart 2018-ci il tarixdən etibarən başlanacağı öz əksini tapmışdır. Həmçinin tərəflər arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli icarə müqaviləsinə 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndi ilə əsas müqavilənin 3.2-ci bəndi yeni mətndə verilərək, 2018-ci ilin aprel, may, iyun ayları ərzində icarəyə verilən əmlakın icarəçi tərəfindən istifadə edilmədiyi təqdirdə aylıq icarə haqqı güzəştli qiymətlərlə, yəni icarə haqqının yarı hissəsi həcmində aylıq 6000 manat təşkil edəcəyi barədə razılaşmışlar. Məhkəmə iclasında cavabdeh tərəf icarə obyektinin aprel, may, iyun ayları ərzində umumiyyətlə istifadə edilmədiyini, ona görə də, qeyd olunan aylar üçün icarə haqqının 6000 manatdan hesablanmalı olduğunu bildirmişdir. İddiaçı tərəf isə qeyd olunan aylar ərzində icarə obyektinin icarəçi tərəfindən istifadə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda və müqavilənin 01.07.2018-ci il tarixdən xitam verildiyini nəzərə alaraq qeyd edilməlidir ki, icarəçi 01 mart 2018-ci il tarixdən 01 aprel 2018-ci il tarixdək 12000 manat icarə haqqı, aprel, may, iyun ayları üçün isə cəmi 18000 manat olmaqla, ümumilikdə müqavilənin xitam verildiyi anadək 30000 manat icarə haqqı ödəməli idi. Qeyd olunan icarə haqqının ƏDV məbləğinin 5400 olduğunu nəzərə alaraq ümumi məbləğ 35400 manat təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, 13 dekabr 2017-ci il tarixli icarə müqaviləsinə 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndi ilə tərəflər icarəçinin müqaviləyə birtərəfli qaydada xitam verəcəyi halda, icarəyəverənə xitam tarixindən gec olmayaraq bütün vergilər istisna olmaqla 36.000 manat məbləğində birdəfəlik ödəniş etməyi öz üzərinə götürmüşdür. Qeyd edilən məbləğin birdəfəlik kompensasiya olmasını nəzərə alaraq ƏDV hesablanmalı olmadığını hər iki tərəfin nümayəndələri məhkəmə iclasında bildirmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilənin 10.1-ci maddəsində tərəflərin icarəyə xitam verilməsinin 3 ay xəbərdar edilməli olmasına istinad edərək əlavə olaraq 36000 manat məbləğində pulun tələb etməsinin hüquqi əsasını izah edə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndində göstərilmiş icarəçinin müqaviləyə birtərəfli qaydada xitam verməsi halında 36000 manat məbləğində icarəyəverənə ödənişin edilməsi artıq nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icarə haqqına görə ƏDV ilə birgə 35400, müqavilənin vaxtından əvvəl xitamına görə isə 36000 manat birdəflik ödənişin edilməli olduğunu nəzərə alaraq icarəçi tərəfindən icarəyəverənə 71400 manat məbləğində pul ödənilməli idi. İşin mübahisəsiz halı olan icarəçi tərəfindən icarəyəverənə 65400 manat pulun ödənildiyini nəzərə alaraq ödənilməmiş 6000 manat (71400- 65400=6000) borcu qalmışdır. Ona görə də, 6000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddianın digər hissəsi olan 2500 manat məbləğində vəkil xidmətlərinə görə pulun tələb edilməsi isə bağlı məhkəmə qeyd edir ki, hüquqi xidmətin göstərilməsinə görə vəkilə pulun ödənilməsinə dair sənəd (qəbz) iş materiallarına əlavə edilmədiyindən qeyd edilən hissədə iddia təmin edilə bilməz. Yuxrıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6000 (altı min) manat məbləğində pul X1” MMC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti “X1” MMC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar