Məhkəmə qərarları › İş №e-2-2(113)-2291/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2291/2020

03.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2291/2020 03.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Baman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı 02\3-2103 saylı abunə kodu üzrə əsassız hesablanmış 12202.56 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 02\3-2103 saylı abunə kodu üzrə əsassız hesablanmış 12202.56 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonunun Kor-göz qəsəbəsində yerləşən daş karxanasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri 007613 saylı akt tərtib edərək həmin aktda qeyd olunmuşdur ki, “1354450 nömrəli narıncı rəngli möhürdə müdaxilə izləri vardır. Sim keçən dəliklərində genişlənmə və cızıq izləri möhürün narıncı içliyində də cızıq izləri vardır. Hər 3 fazada gərginlik açılması vardır.” Bundan başqa, cavabdeh “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” akt tərtib etmişdir. Bundan təxminən 5 gün sonra cavabdeh xx xxxx 2020-ci il tarixdə ********** saylı hesab ödəniş vərəqi ilə iddiaçıya müraciət edərək istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx xxxx 2020-ci il tarixədək 12202.56 manat borcunun olması bildirmiş, həmin borcun xx xxxx 2020-ci il tarixədək ödənilməsi qeyd edilmişdir. Aktda 801880 nömrəli sayğaca müdaxilə olunma barədə qeyd edilmişdir. Akt əsassız olduğu üçün iddiaçı tərəfindən imzalanmamışdır. Sayğaca qeyd edilən müdaxilə iddiaçı tərəfindən edilməmişdir, bu barədə cavabdehin nümayəndələri iddiaçıya hər hansı irad bildirməmişlər. İddiaçının aktı imzalamaması qeyd edilən qüsurların iddiaçı tərəfindən edilməməsi mənasını verir. Aktda göstərilənlər hər hansı kənar təsir nəticəsində mümkün ola bilər. Eyni zamanda həmin ərazidə bu sahəyə bələd olmayan adamın sayğaca müdaxilə etməsi qeyri-mümkündür. Cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq sayğaca müdaxilə etməsi, bunun nəticəsinə əsasən iddiaçıya borc və cərimə hasablanması, həmin borc və cərimənin ödənilməsi tələb edilməmiş, yalnız xx xxxx 2020-ci il tarixli xəbərdarlıq edilmişdir. Lakin, sayğaca müdaxilə olubsa belə, həmin müdaxilə iddiaçı tərəfindən olmamışdır. İstinad edilən aktda iddiaçıdan tələb olunan pulun sənaye və məişət sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmasının nəticələri gözlənilmədən hesablandığını bildirmək mümkündür. Bundan başqa, iddiaçıya itirilmiş enerjinin dəyərinin hesablanması komissiyasının rəyi təqdim edilməmişdir. Belə aydın olur ki, cavabdeh heç bir əsaslandırma olmadan iddiaçının şəxsi hesabına 12202.56 manat borc yazmışdır. İş üzrə toplanmış sübutlardan göründüyü kmi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi və bu halla bağlı hər hansı sübutun olmadığı halda iddiaçıya əlavə pul hesablanmışdır. İddiaçıya hesablanmış borc və yönəlmiş tələb qeyri-mötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğacın yararsız hala düşdüyü qəbul edilsə belə, bunu iddiaçının qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə, normativ hüquqi aktların tələblərinə əsasən iddiaçının sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehsalçı daşımışdır. Yaranmış vəziyyətdə iddiaçının istifadəsində olan sayğaca qanunsuz müdaxilə etməsi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü, sayğacın dəyişdirilməsi barədə aktın tərtib olunmasından bir neçə gün sonra borcunun olmamasına baxmayaraq, abonent hesabına tələbdə göstərilən həcmdə borcunun hesablanması, sayğacın yoxlanılmasının Qaydalarda müəyyən edilən tələblərə uyğun həyata keçirilməsi və sair bu kimi halları sübut etmək yükü cavabdehin üzərindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman cızıqların olması, möhürün pozulması olmaqla böyük pozuntular aşkar etmişlər. Baxış zamanı iddiaçının nümayəndəsi qismində Həsənov Zahid adlı şəxs iştirak etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Sayğac demontaj edilmiş, sayğaca laboratoriyada da baxış keçirilmişdir. Məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sayğac sərfiyyatı oxumamışdır. Sərfiyyatda çox böyük fərq müəyyən edilmişdir. Sayğaca müdaxilə olunmuş, nəticədə sayğac 15 gün dayanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, iddiaçıya məxsus obyektdə sayğaca baxış keçirmiş, sayğac xüsusi qutuda olmuşdur. ******* nömrəli möhürə müdaxilə olması aşkar olunmuş, üzərində cızıqlar müşahidə olunmuşdur. Sayğac yaddaşlı sayğac olduğundan sayğacın yaddaşı oxunmuş, məlum olmuşdur ki, sayğac xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövriyyədən aralınaraq dayandırılmış, sayğacın üzərində bilərəkdən 50000 kvts saxlanılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. xx xxxx 2020-ci il tarixli NDQ seriyalı 007613 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Kor-göz qəsəbəsində yerləşən daş karxanasına baxış keçirilmiş və baxış zamanı sayğac və cərəyan transformatorlarının xüsusi qutuda quraşdırılması, qutunun qapısına vurulmuş ******* nömrəli narıncı rəngli möhürdə müdaxilə izlərinin olması, möhürün stəkanının daxili divarında cızıq izləri, stəkanın sim keçən dəliklərində genişlənmənin və cızıq izlərinin, möhürün narıncı içliyində də cızıq izlərinin olması, hər 3 fazada gərginlik açılmasının olması, sayğacın göstəricisinin komputer informasiya məlumat bazasına düzgün daxil edilməməsi aşkar edilmişdir. xx xxxx 2019-cu il tarixli İcra vərəqinin surətindən görünür ki, iddiaçı tərəfindən NDQ seriyalı 007613 saylı Akta əsasən cavabdehə dəymiş ziyan 135584 kvts, 12202 manat müəyyən edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 007613 saylı akta əsasən 12202,56 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Kor-göz qəsəbəsində yerləşən daş karxanasına baxış keçirilmiş və baxış zamanı sayğac və cərəyan transformatorlarının xüsusi qutuda quraşdırılması, qutunun qapısına vurulmuş ******* nömrəli narıncı rəngli möhürdə müdaxilə izlərinin olması, möhürün stəkanının daxili divarında cızıq izləri, stəkanın sim keçən dəliklərində genişlənmənin və cızıq izlərinin, möhürün narıncı içliyində də cızıq izlərinin olması, hər 3 fazada gərginlik açılmasının olması, sayğacın göstəricisinin komputer informasiya məlumat bazasına düzgün daxil edilməməsi aşkar olunaraq xx xxxx 2020-ci il tarixli NDQ seriyalı 007613 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 007613 saylı akta əsasən 12202,56 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğundan dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02\3-2103 saylı abunə kodu üzrə İddiaçı hesablanmış 12202.56 manat məbləğində borc “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar