Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2294/2023 19.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektindən istifadə edilməsinə maneələrin qadağan edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “icarə obyektindən cavabdehin çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, şəhadətnamə, qeydiyyat, fəaliyyət, çıxarılma, maneə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Tabıbıan Ramının, nümayəndəsi və vəkili Vəkil, Tərcüməçi X2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektindən istifadə edilməsinə maneələrin qadağan edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “icarə obyektindən cavabdehin çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin iddiası
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221 ünvanında – Yüksək Texnologiyalar Parkı ərazisində İddiaçı MMC-nin icarəsində olan 4300 kv.m torpaq sahəsindən İddiaçı MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə işçilərinin və yüklərinin buraxılmasına və eləcə də tikinti işlərinin həyata keçirilməsinə "xxxx" MMC tərəfindən maneələrin törədilməsi hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında “XXXX Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli 05/21-ytp-021-f saylı müqavilə bağlanmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş olan **********9 saylı xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC XXXXnın rezidenti statusuna malikdir. Bununla yanaşı, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. Bu icarə müqaviləsinə əsasən iddiaçı K.Kazımov küçəsi, 221 ünvanındakı Yüksək Texnologiyalar Parkında yerləşən cavabdehə məxsus 4300 kv.m torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçının həmin torpaq sahəsinə dair icarə hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) xx.xx.2022-ci il tarixli çıxarışla qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. İcarə müqaviləsinin 3.3.1-ci bəndinə əsasən iddiaçı onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən icarə müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququna malikdir. “XXXX Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə tam uyğun olaraq iddiaçı icarəsində olan torpaq sahəsində kartof fri və çipsi istehsalını həyata keçirmək hüququna malikdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilələrə tam uyğun olaraq icarəsindəki torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə başlamış, bunun üçün xeyli miqdarda investisiya qoymuş, tikinti işərinə başlamış və avadanlıqları idxal edib kartof fri və kartof çipsi istehsalı sexinin inşasına və quraşdırılmasına başlamışdır. İddiaçı həmin istehsal sexinin bünövrəsini və əsas sütunları artıq inşa etmiş və tikintinin tamamlanması üçün zəruri olan tikinti konstruksiyaları, materialları və avadalıqları satın alıb idxal edərək Yüksək Texnologiyalar Parkının ərazisinə gətirmiş və icarəsində olan sahənin yanında açıq havada yerləşdirmişdir. Lakin 2022-ci iln avqust ayından başlayaraq "xxxx" MMC heç bir bildiriş və/və ya izahat vermədən iddiaçının sexinin tikintisini həyata keçirən işçilərin və sex üçün nəzərdə tutulan avadanlıqların Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır. Cavabdeh yuxarıda qeyd edilən faktiki hərəkətləri ilə iddiaçıya icarəsində olan əmlakdan (torpaq sahəsindən) müqavilə məqsədləri üçün istifadəsinə mane olur. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə icarəsində olan torpaq sahəsindən müqavilə məqsədləri üçün istifadə edilməsinə maneələrin aradan qaldırılmasını tələb etmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmişdir. İddiaçı cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya təklifi və ərizəni göndərmişdir, lakin cavabdeh mediator tərəfindən dəvət olunsa da, mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır. İddiaçı yuxarıda qeyd olunmuş müqavilələrinin şərtlərinə tam əməl edir və cavabdeh müqavilə öhdəliklərinin pozulmasına dair hal-hazıra kimi hər hansı pretenziya verməmişdir. Cavabdehin verdiyi arayışdan da görünür ki, iddiaçı icarə haqqını vaxtlı-vaxtında ödəyir və borcu yoxdur. İcarədə olan sahədən istifadəyə maneələr həmin sahəyə sahiblikdən məhrum etmədən törədilir və 2022-ci ilin avqust ayının sonundan başlayaraq fasiləsiz davam edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.4, 157.8, 158.4-cü maddəsi, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İcarə haqqında” Qanun) 15-ci maddəsi göstərilmişdir.
4. "xxxx" MMC iddiaya etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, XXXX Azərbaycan Respublikası Prezidentinin 08 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Texnopark yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübəkonstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Texnoparkda rezidentlərin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə” ilə tənzimlənir. Rezidentlərdən biri olan İddiaçı MMC-yə Texnoparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şərait və imtiyazlar verilmişdir. İddiaçı MMC-yə "Kartof fri və çipsi istehsalı" adlı innovasiya layihəsi əsasında 19 aprel 2021-d il tarixdə **********9 saylı Qeydiyyat Şəhadətnaməsi təqdim edilərək rezidentlik statusu verilmişdir. XXXX yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İddiaçı MMC-nin innovasiya layihəsinə Azərbaycan Milli Elmlər X1 tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda İddiaçı MMC-nin rezident kimi qəbul olunmasına qərar verilmişdir. xx.xx.2022-ci il tarixli Fərman ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan "xxxx" MMC Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş və müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci il tarixli 05/21-YTP-021-F saylı XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin 3.2-ci bəndinə görə, rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvozedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ile əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Kartof fri və çipsi istehsalı elmtutumlu və innovasiya yönümlü hesab olunmadığından İddiaçı MMC-yə qeyd edilən layihə üzrə işlərinin dayandırılması xahiş olunmuşdur. Əsasnamənin tələblərinə görə, İddiaçı MMC-nin innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübəkonstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir.
b) "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası
5. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC İddiaçı MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ünvan 1 ünvanında Yüksək Texnologiyalar Parkında yerləşən "xxxx" MMC-yə məxsus 4300 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki, XXXX yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İddiaçı MMC-nin innovasiya layihəsinə Azərbaycan Milli Elmlər X1 tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda İddiaçı MMC-nin rezident kimi qəbul olunmasına qərar verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Həmin Əsasnamənin 1.2.5-ci bəndinə görə, innovasiya və ya yüksək texnologiya layihəsi (bundan sonra - innovasiya layihəsi) - texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrinin sənaye, xidmət və diger sahələrdə tətbiqi (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksek texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya tekmilləşdirilmesine yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəddir. Əsasnamənin 2.0.2-ci bəndinə görə Texnoparkın yaradılması məqsədlərindən biri müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsidir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci İİ tarixil 05/21-YTP-021-F nömrəli XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləmin 3.2-ci bəndinə görə, rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvəzedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ilə əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Əsasnamənin tələblərinə görə, İddiaçı MMC-nin innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir. Bu səbəbdən hesab edirlər ki, İddiaçı MMC - ünvan 2 ünvanındakı Yüksək Texnologiyalar Parkında yerləşən cavabdeh "xxxx" MMC-yə məxsus 4300 kv.m torpaq sahəsindən çıxarılmalıdır.
7. İddiaçı MMC qarşılıqlı iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək qarşılıqlı iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, icarə müqaviləsində 8.3-cü bəndində müqavilənin xitamının əsasları nəzərdə tutulmuşdur. Lakin qeyd olunan bənddə nəzərdə tutulan əsaslar mövcud deyil: icarə müqaviləsinin müddəti başa çatmamışdır (8.3.1), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə qüvvədədir (8.3.2), torpaq sahəsinin icarə müqaviləsinin şərtlərinə uyğun gəlməməsi halı yoxdur (8.3.3), icarəçi icarə haqqını tam və vaxtında ödəyir (8.3.4). Mülki Məcəllənin 719-cu maddəsində nəzərdə tutulmuş icarə müqaviləsinə xitam verilməsinin əsasları da mövcud deyildir. İcarə müqaviləsinə əsasən torpaq icarəçinin qanuni istifadəsindədir və icarə müqaviləsinin 3.3.1-ci maddəsinə əsasən iddiaçı onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən icarə müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilən həddə sərbəst istifadə etmək hüququna malikdir. İddiaçının torpaq sahəsinə dair icarə hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) xx.xx.2022-ci il tarixli çıxarışla qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-E saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə uyğun olaraq iddiaçı icarəsindəki torpaq sahəsində kartof fri və çipsi istehsalını həyata keçirmək hüququna malikdir. Həmin müqavilə "xxxx" MMC tərəfindən imzalanmışdır və qüvvədədir. İddiaçı həmin müqavilə ilə ona hüquq verilmiş fəaliyyətlə məşğul olur və bununla bağlı hər hansı pozuntuya yol verməmişdir. XXXXnın rezidenti statusunu təsdiq edən **********9 saylı xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsi iddiaçıya "xxxx" MMC tərəfindən verilmişdir. İddiaçı MMCyə Azərbaycan Milli Elmlər Akademiyası, nə də Təhsil Nazirliyi ilə hər hansı müqavilə münasibətlərə daxil olmuşdur. İş materiallarına əlavə edilən mətbuat materialları, video çəkilişlər və sair sübutlar ona dəlalət edir ki, iş üzrə cavabdeh "xxxx" MMC İddiaçı MMCnin ünvan 1 ünvandakı 4300 kv.m torpaq sahəsində tikinti işlərinin aparılmasından tam məlumatlı idi və bu işlərin həyata keçirilməsinə qarşı hər hansı etiraz bildirməmişdir. Cavabdehin müvafiq müqavilələr bağlandıqdan sonrakı hərəkətləri (cavabdehin rəhbərliyinin tikintinin təməl qoymasında şəxsən iştirakı, tikinti işçilərinin və malmaterialların əraziyə daxil olması, tikinti işlərinin icrasına dair hər hansı etirazın edilməməsi) aydın göstərir ki, "xxxx" MMC sözügedən tikintinin həyata keçirilməsinə razı olmuşdur. Digər tərəfdən, Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə aiddir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar vermiş və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək hesabat-statistik məlumat tələb etməsi bu gün də müqavilənin qüvvədə olduğunu təsdiq edir.
9. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Tabıbıan Ramının nümayəndəsi və vəkilin izahatına əlavə olaraq bildirmişdir ki, Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və icarə müqaviləsi bağlandıqdan sonra texnoparkda fəaliyyətin həyata keçirilməsi üçün üç milyon manatdan çox xərc çəkilmiş, investisiya qoyulmuşdur. Texnoparkın əsasnaməsinə uyğun olaraq investisiya layihəsi təqdim olunmuş, ekspertlər şurası tərəfindən layihə əsasnamənin tələblərinə uyğun hesab edilərək hüquqi şəxsə texnoparkın rezidenti statusu verilmişdir. Təqdim olunan layihədə qeyd olunan fəaliyyət əsasnaməyə uyğun olmasa idi, hüquqi şəxsə rezidentlik statusu verilməz, belə olan halda üç milyon manatdan çox xərc çəkilməzdi. Ekspertlər şurası tərəfindən layihə əsasnaməyə uyğun hesab olunduğundan və rezidentlik statusu verildiyindən o qədər vəsaiti xərclənmişdir. İstehsalat sahəsinin əsasının qoyulması mərasiminin açılışında XXXX-nın rəhbərliyi iştirak etmişdir. Texnoparkın ərazisində fəaliyyət göstərən digər rezidentlər başqa əraziyə köçürülməni ona görə qəbul etmişlər ki, onlar heç bir vəsait xərcləməmiş, hazır sahədə fəaliyyət göstərmişlər. Lakin onun çəkdiyi xərc çox yüksəkdir və heç kim qarşılamaq istəmir. İnvestisiya qoyulduqda sahibkarlıq fəaliyyətinin gözlənilən mənfəəti proqnozlaşdırılır. Hazırkı müqavilə 2031-ci ilə qədər qüvvədə olsa da, fəaliyyətin həyata keçirilməsinə maneələrin yaradılması qoyulmuş investisiyadan gözlənilən mənfəəti artıq heç edir. Fəaliyyətləri elmtutumlu fəaliyyətdir. Belə ki, kartof fri və çips istehsalında yüksək texnoloji avadanlıqlardan istifadə olunacaqdır.
10. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar vermiş və qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixli məktub standart prosedur olaraq bütün rezidentlərə göndərilir. İcarə müqaviləsi qüvvədə olsa da, qarşı tərəfə artıq pretenziya məktubu ilə müraciət olunmuşdur. Qarşı tərəf müqavilənin ləğv olunması ilə razılaşmasa, bununla bağlı məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən tikinti işlərinin həyata keçirilməsinə "xxxx" MMC razılıq vermişdir, lakin sonradan fəaliyyətlərinin texnoparkın əsasnaməsinə uyğun olmadığın aşkarlandığından 2022-ci ilin avqust ayından işlərin dayandırılması tələb edilmişdir. İddiaçı MMC-nin rezidentlik statusunu, texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə ləğv edilməmişdir. XXXX tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhvil-təslimi ilə bağlı proses hələ ki başa çatmamışdır.
11. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ile təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Belə ki, kartof fri və çips istehsalı elmtutumlu fəaliyyət deyildir. "xxxx" MMC Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra texnoparkda fəaliyyət göstərən rezidentlərlə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Aktdan da görünür ki, İddiaçı MMC-nin fəaliyyəti əsasnamənin tələblərinə uyğun hesab olunmadığından fəaliyyətlərinin dayandırılması məqsədəuyğun hesab olunmuşdur. MMC-yə başqa parkın ərazisinə köçmək təklif olunmuş, lakin razılaşmamışdır.
12. Cavabdeh və üçüncü şəxs sonuncu baxış iclasında iştirakı etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 07 nömrəli Qərarı ilə İddiaçı MMC-yə Yüksək Texnologiyalar Parkının qeydiyyat şəhadətnaməsi verilmiş, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı müqavilə bağlanmışdır. Bundan sonra "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 3 ünvanında yerləşən Yüksək Texnologiyalar Parkının ərazisində 4300 kv.m torpaq sahəsinin (dövlət mülkiyyətində olan) icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamış və müqavilənin müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan icarə müqaviləsindən irəli gələn torpaq sahəsinə icarə hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-yə verilmiş XXXXnın qeydiyyat şəhadətnaməsi, “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı müqavilə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsi hal-hazırda qüvvədədir.
16. İlkin iddia üzrə iddiaçı bildirir ki, "xxxx" MMC-yə investisiya layihəsi təqdim etmiş, layihə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 8.8-ci bəndi ilə müəyyən edilmiş meyarlara uyğun gəldiyindən Ekspertlər Şurası tərəfindən müsbət rəy verilmiş, buna əsasən də "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 07 nömrəli Qərarı ilə İddiaçı MMCyə XXXXnın qeydiyyat şəhadətnaməsi verilmiş, Yüksək Texnologiyalar Parkının rezidenti kimi tanınmış, bundan sonra tərəflər arasında “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və icarə müqavilələri bağlanmışdır. "xxxx" MMC-nin razılığı ilə istehsal sahəsinin bünövrəsi və əsas sütunları artıq inşa edilmiş, tikintinin tamamlanması üçün zəruri olan tikinti konstruksiyaları, materialları və avadanlıqları satın alıb idxal edərək XXXX Yüksək Texnologiyalar Parkının ərazisinə gətirilmiş və icarədə olan sahənin yanında açıq havada yerləşdirmişdir. Lakin 2022-ci iln avqust ayından başlayaraq "xxxx" MMC heç bir bildiriş və/və ya izahat vermədən iddiaçının sexinin tikintisini həyata keçirən işçilərin və sex üçün nəzərdə tutulan avadanlıqların XXXX Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır, tikinti işlərinin həyata keçirilməsinə maneə yaradır və iddiaçının qanuni sahibliyində və istifadəsində olan sahədən istifadə olunmasına mane olur. İddiaçının icarə haqqı borcu yoxdur və icarə müqaviləsi qüvvədədir. Həmçinin iddiaçının rezidentlik statusu da ləğv olunmamışdır. İcarə obyektindən icarəçinin çıxarılması üçün heç bir əsas yoxdur. İddiaçının icarə obyektindən sərbəst istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılması qadağan edilməlidir.
17. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, XXXX yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İddiaçı MMC "Kartof fri və çipsi istehsalı" adlı innovasiya layihəsi təqdim edərək 19 aprel 2021-ci il tarixdə **********9 saylı Qeydiyyat Şəhadətnaməsi əsasında rezidentlik statusu almış, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı müqavilə və icarə müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli Fərman ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan "xxxx" MMC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş və Nazirlik tərəfindən araşdırma aparılmış, İddiaçı MMC-nin fəaliyyəti elmtutumlu və innovasiya yönümlü hesab olunmamışdır. Buna görə də İddiaçı MMC texnoparkda fəaliyyətini davam etdirməməli, torpaq sahəsindən çıxarılmalıdır. Bundan başqa bildirir ki, müqavilənin qarşılıqlı razılıq əsasında ləğvi ilə bağlı qarşı tərəfə pretenziya ilə müraciət edilmişdir. Qarşılıqlı razılaşma olmazsa müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət olunacaqdır.
18. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
19. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Normadan göründüyü kimi, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla, icarəçiyə (kirayəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan bəhər və gəlir götürmək imkanını təmin edir. Bu səbəbdən, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsində icarəçinin (kirayəçinin) əsas məqsədi icarəyə götürdüyü obyektdən müəyyən gəlir əldə etmək olur.
21. Həmçinin Mülki Məcəllənin 152.3-cü maddəsində də təsbit olunmuşdur ki, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
22. “İcarə haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd – icarə müqaviləsidir.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır və mübahisəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş, qeyd olunan hüquq dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, icarəyə verən icarəçinin işçilərini və sex üçün nəzərdə tutulan avadanlıqları XXXX Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır, tikinti işlərinin həyata keçirilməsinə maneə yaradır, icarəçinin torpaq sahəsindən çıxarılmasını tələb edir.
24. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir.
25. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.
26. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan torpaqlar.
27. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
30. “İcarə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
31. Qeyd olunan normaların tələblərindən göründüyü kimi icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir, əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İcarəçi əmlaka qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər, bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Qeyd olunmalıdır ki, qanunvericilik belə qaydaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsinin mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edildiyini, əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edildiyini təsbit etmişdir. Əks halda mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin rəhbər tutulduğu iqtisadi münasibətlərdə mənfəət əldə etmək üçün iştirak edən sahibkarlıq subyektlərinin konstitusiyon hüququ olan azad sahibkarlıq hüququnun təmin edilməsi qeyri-mümkün olardı.
33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
34. Qeyd olunan normadan da göründüyü kimi torpaq icarəçisinin tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
35. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.3.4-cü bəndindən görünür ki, icarəyə verən ilə rəsmi qaydada razılaşdırılmış istehsal sahələri qurmaq, tikililər, avadanlıqlar və qurğular quraşdırmaq icarəçinin hüquqları sırasında təsbit olunmuşdur.
36. Göründüyü kimi, icarə müqaviləsində icarəçinin istehsal sahələri qurmaq, tikililər, avadanlıqlar və qurğular quraşdırmaq hüququ nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi investisiya layihəsinə əsasən istehsal binasının inşası və avadanlıqların qurulması layihədə təsbit olunmuşdur. Məhz qeyd olunan layihə əsasında iddiaçıya texnoparkın rezidenti kimi qeydiyyat şəhadətnaməsi verilmiş və icarə müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi də istehsal binasının inşası və avadanlıqların qurulmasına MMC-nin razılıq verdiyini təsdiqləmişdir.
37. Hazırkı iddia ilə İddiaçı MMC “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və onun əsasında bağlanmış icarə müqaviləsindən irəli gəllən hüquqlarının və mənafelərinin texnoparkın idarəedici təşkilatı və icarəyə verən olan "xxxx" MMC tərəfindən pozulmasından müdafiəsini həyata keçirir.
38. "xxxx" MMC ilkin iddiaya etirazını və qarşılıqlı iddiasını İddiaçı MMC-nin fəaliyyətinin elmtutumlu fəaliyyət olmadığı ilə əsaslandırır.
39. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan dəlili əsassızdır və aşağıdakıları qeyd edilməsi zəruridir.
40. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnaməyə əsasən texnoparkın idarəedici təşkilatı- texnoparkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən hüquqi şəxsdir (1.2.2); texnoparkın rezidenti – “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alıb, texnoparkda və ya texnoparkdan kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (1.2.4). Ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğunluğu ekspertlər şurası haqqında əsasnamədə müəyyən edilən qaydada texnoparkın ekspertlər şurası tərəfindən qiymətləndirilir (8.9). Texnoparkın ekspertlər şurası ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olubolmamasına dair rəyini idarəedici təşkilat tərəfindən ərizəçinin innovasiya layihəsi təqdim edildiyi gündən yeddi iş günü müddətində idarəedici təşkilata təqdim edir (8.10.). İdarəedici təşkilat texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmasına dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər texnoparkın qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən texnoparkın rezidenti hesab edilirlər (8.12.). Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini bağlayır (8.13.). Texnoparkın torpaq sahələrindən istifadə olunması texnoparkın rezidenti ilə idarəedici təşkilat arasında bağlanan icarə müqaviləsi əsasında həyata keçirilir (10.2.). Texnoparkın ərazisində torpaq sahələri texnoparkın rezidentlərinə texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir (10.3.).
41. “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnaməyə əsasən Ekspertlər Şurası texnoparkın səlahiyyətli orqanı, dövlət elm və təhsil müəssisəsinin yanında yaradılan texnoparklarda isə həmin müəssisə tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir (1.3). Ekspertlər Şurası texnologiyalar parkında texnoparkın rezidenti kimi qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi və müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və onların tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradılır (2.1). Ərizəçilərin innovasiya layihələrinin qiymətləndirilməsi idarəedici təşkilata təqdim olunan layihələrin Nümunəvi Əsasnamənin 8.8-ci bəndi ilə müəyyən edilmiş meyarlara uyğun olub-olmamasına dair müvafiq rəyin hazırlanmasından ibarətdir (3.1). Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədi ilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir (3.3).
42. Göründüyü kimi, texnoparkın torpaq sahələrindən istifadə üçün icarə müqaviləsinin bağlanması üçün şəxslərin ilk növbədə texnoparkın rezidenti kimi qeydiyyata alınması və texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə bağlanması tələbi müəyyən edilmişdir. Bunun üçün isə müvafiq innovasiya layihəsinin təqdim olunması, layihənin Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğunluğunun texnoparkın Ekspertlər Şurası tərəfindən qiymətləndirilməsi tələb olunur. Ekspertlər Şurasının fəaliyyəti və qiymətləndirməni həyata keçirməsi isə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir. İnnovasiya layihəsinin Əsasnamənin 8.8-ci bəndinə uyğun olmasına dair ekspertlər şurasının rəyi əsasında idarəedici təşkilat (MMC) qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Məhz bundan sonra texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və icarə müqaviləsinin bağlanması imkanı təsbit olunur.
43. İddiaçı MMC-yə “XXXXnın qeydiyyat şəhadətnaməsinin verilməsi, “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin və icarə müqaviləsinin bağlanması, qeyd olunan şəhadətnamə və müqaviləllərin qüvvədə olunması mübahisəsiz haldır.
44. Kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsindən görünür ki, investisiya proqramı, istehsalat binası, alınacaq avadanlıqlar, istehsal gücü, işçi heyəti və kadrların ixtisasına dair tələblər, layihə üzrə nəzərdə tutulan əsas işlərin mərhələləri, görüləcək işlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki, məhsulun xarakteristikasıistehsal imkanları gücü və s. layihədə göstərilmişdir.
45. Tərəflər arasında bağlanmış “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 05/21-YTP-021-F saylı müqavilənin 7.5-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2031-ci ilədək müəyyən edilir, müqavilə rezidentin texnoparkın rezidenti statusunun mövcud olduğu müddət ərzində qüvvədədir. Müqavilənin 8.3.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur. Müqavilənin 13.3-cü bəndinə əsasən rezident tərəfindən qoyulan investisiyanın “İnvestisiya fəaliyyəti haqqında” Qanunun müvafiq maddələrinə əsasən qorunması idarəedici təşkilat ("xxxx" MMC) tərəfindən təmin edilir.
46. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən torpaq sahəsi Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir.
47. Göründüyü kimi, İddiaçı MMC-nin pozulmaqdan müdafiəsini tələb etdiyi hüququ “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və icarə müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MMnin 389, 390 və s. maddələri).
48. Hazırkı halda hər iki müqavilənin tərəfi qismində məhz "xxxx" MMC çıxış edir. Belə olan halda ilkin iddia üzrə cavabdehin hüquqi şəxsin tabeliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilməsi əsası ilə müqavilə üzrə öhdəliklərinin icrasından yayınması əsaslı hesab edilə bilməz.
49. Həmçinin cavabdeh, Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının fəaliyyətinin elmtutumlu olmadığının müəyyən edildiyini qeyd edir. Üçüncü şəxs bunu təsdiq edən sənəd kimi məhkəməyə xx.xx.2022-ci il tarixli akt təqdim edir. Qeyd olunan aktdan görünür ki, akt Elm və Təhsil Nazirliyinin Elm, ali və orta istisas təhlili şöbəsinin, Audit şöbəsinin, Hüquq şöbəsinin, Maliyyə şöbəsinin, Əsaslı Tikinti və Təchizat İdarəsinin Bazar araşdırması şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və İddiaçı MMC-nin fəaliyyətinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndinə uyğunsuzluğu nəzərə alınaraq yoxlama qrupu tərəfindən onun Yüksək Texnologiyalar Parkında fəaliyyətinin dayandırılmasının məqsədəmüvafiq hesab olunduğu qeyd olunmuşdur.
50. Məhkəmə qeyd edir ki, fəaliyyəti qanunvericilik sisteminə daxil olan aktla tənzimlənən Ekspertlər Şurası tərəfindən iddiaçının təqdim etdiyi innovasiya layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndinə uyğun hesab edərək müsbət rəy verdiyi halda Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunan akt qeyd olunan rəyin mötəbərliyini və əsaslığını şübhə altına ala bilməz. Həmçinin qeyd olunan akt qeydiyyat şəhadətnaməsinin və ya “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin ləğvi üçün əsas deyildir. Cavabdeh isə etirazının və qarşılıqlı iddiasının əsasını təsdiq edən başqa sənəd təqdim etməmişdir.
51. İdarəedici təşkilat ("xxxx" MMC) tərəfindən texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmasına dair rəyi əsasında ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim etdiyi, “XXXXnda fəaliyyətin həyata keçirilməsinə dair” müqavilənin bağlandığı və müqavilənin rezidentin texnoparkın rezidenti statusunun mövcud olduğu müddət ərzində qüvvədə olduğunun razılaşdırıldığı, icarə müqaviləsinin qeyd olunan müqavilə əsasında bağlandığı və qeydiyyat şəhadətnaməsinin, müqavilələrin qüvvədə olduğu nəzərə alan məhkəmə hesab edir ki, "xxxx" MMC-nin etirazı və qarşılıqlı iddiası əsassız, ilkin iddia tələbi əsaslıdır.
52. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
53. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
55. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
56. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin olunmamalıdır.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 4 ünvanında – Yüksək Texnologiyalar Parkı ərazisində İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin icarəsində olan 4300 kv.m torpaq sahəsindən İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə işçilərin və yüklərin buraxılmasına, tikinti işlərinin həyata keçirilməsinə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən maneələrin törədilməsi qadağan edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova