Məhkəmə qərarları › İş №e-2-2(113)-2296/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2296/2022

08.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2296/2022 08.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2652,80 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı 140 manat məbləğində pulun cavabdehdən tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və həmin ünvanda təsərrüfat fəaliyyəti (istixana) ilə məşğul olur. İddiaçı həmin yer üzrə təbii qazdan istifadə üzrə **********00300 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edir. İddiaçı 06 yanvar 2021-ci il tarixdə qaz sayğacında problem yarandığını aşkar etmiş və ərazi üzrə cavabdehin işçisi sayğaca baxış keçirmiş, heç bir problemin olmadığını, sayğacın düzgün işlədiyini bildirmişdir. 07 yanvar 2021-ci il tarixdə səhər radələrində sayğacın işləmədiyini görüb cavabdehin işçisinə məlumat vermişdir. Daha sonra isə Bakı Regional Qazın Satış Departamentinə bu barədə ərizə ilə elə həmin tarixdə müraciət etməsinə baxmayaraq, sayğaca gəlib baxış keçirilməmiş, sayğacı çıxarıb yoxlamaq üçün laboratoriyaya aparmamışlar. Bu gün də həmin sayğac iddiaçının yaşadığı ünvanda qalmaqdadır. Belə ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən təqdim edilmiş abonentin saldosundan da aydın şəkildə görünür ki, 2021-ci ilin fevral ayının sonuna iddiaçının borcu 481,70 manat olmuş, 2021-ci ilin mart ayında borcundan 100 manat ödəniş etmiş, qalıq borcu 381,70 manat olmalı idi. Lakin həmin ayın sonuna iddiaçıya əlavə olaraq 2652,80 manat məbləğində əsassız borc hesablanmışdır. İddiaçıya təqdim edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 29 mart 2021-ci il tarixli akta əsasən, baxış keçirilən zaman abonentin mexaniki qaz sayğacının sol yan hissəsində mexaniki qurğunu zədələyən sayğacı dayandırmış, sol mexaniki hissəsi sındırılmışdır. Abonent sayğaca müdaxilə etməyini təsdiqləmişdir. Göstərilən akt tamamilə qanunsuz və əsassızdır. İddiaçı özü sayğacın işləməməyi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin onlar tərəfdən heç bir tədbir görülməmiş, üstəlik əsassız borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair 30 mart 2021-ci il tarixli tələbnaməsində isə, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar olunması göstərilmişdir. Həmin akt da tamamilə saxtadır. Əgər sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdisə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün ünvanına təbii qazın verilməsini dayandırmırdılar. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili T.Bayramov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə işi baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərmiş, sonuncu da mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd olmadığından iddia ərizəsini geri qaytarmışdır. Daha sonra göstərilən nöqsan aradan qaldırılmış, iş hazırda icraatdadır. Belə ki, iddiaçı fərdi sahibkardır, hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 29 mart 2021-ci il tarixli akta əsasən iddiaçıya 2592 manat borc yazılmış, həmin borc abonentin saldosunda öz əksini tapmışdır. Bundan əlavə, aparılmış yoxlamanın dövlət reyestrində qeydiyyata aparılmamasının səbəbi isə iddiaçı ilə müqavilə fərdi sahibkar kimi deyil, fiziki şəxs kimi bağlanmışdır, belə ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, iddiaçının rekvizitlərində onun VÖEN-i göstərilməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, iddiaçı 21.02.2018-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli AMX-2516/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07.01.2021-ci il tarixli ərizəyə əsasən sayğacda yaranmış problemin aradan qaldırılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş 29.03.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçının obyektinə baxış keçirilən zaman abonent mexaniki qaz sayğacının sol yan hissəsində mexaniki qurğunu zədələyən sayğacı dayandırmışdır, sol mexaniki hissəni sındırmışdır. Abonent sayğaca müdaxilə etməyini təsdiqləmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 30.03.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 29.03.2021-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən 12960 kub metr borc hesablanmışdır. İddiaçıya məxsus abonent saldosundan görünür ki, **********00300 nömrəli abonentin akt üzrə 2592 manat qalıq borcu mövcuddur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 aprel 2022-ci il tarixli MŞB/6-1760 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 60 manat mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29 mart 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sayğaca kənar müdaxilə edilməsi halı müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 29.03.2021-ci il tarixli ******* nömrəli akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı, iddia ərizəsində əsassız olaraq hesablanmış 2652,80 manat borcun silinməsi tələb edilir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının abonent haqqında məlumatından, eləcə də cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, cavabdeh tərəfindən iddiaçıa 29.03.2021-ci il tarixli ******* nömrəli akta əsasən 2592 manat borc hesablanmışdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, silinməli olan borcun məbləği 2592 manat müəyyən edilməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2592 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 2592 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Bundan başqa iddia ərizəsində 140 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, 32926 saylı, 10.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Hüquqi yardımın göstərilməsi haqqında” 592 saylı müqaviləyə əsasən Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 140 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2592 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 140 (bir yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar