Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-23/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı "borcun ödənilməsi və s." tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik və ipoteka müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı LPO QSC «Bank Standard» KB-nin nümayəndəsi X1, Cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı "borcun ödənilməsi və s." tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. LPO QSC «Bank Standard» KB cavabdehlər “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X3 Təsərrüfatı” MMC, Cavabdeh1 və Cavabdeh3 912.000 manat əsas, 212.384,65 manat faiz, 17.631 manat cərimə borcu, 39.014,36 manat kredit müqaviləsinin müddəti bitdikdən onra hesablanan faiz borcu olmaqla, cəmi 1.181.030,17 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə “X3 Təsərrüfatı” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin 1.730.000 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksinin boşaldılaraq, ləğv prosesində olan LPO QSC «Bank Standard» KB-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” Kommersiya Bankının “Korporativ” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 171/02/39/14 saylı kredit müqaviləsinə əsasən “X3 Təsərrüfatı” MMC-yə 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 912.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə “X3 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipotekaya qoyulmuşdur. Əmlak kompleksinin ipoteka qoyulması barədə Bank ilə “X3 Təsərrüfatı” MMC arasında 26 noyabr 2014-cü il tarixində 171/02/39/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra Əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh3 ilə də, zaminlik müqavilələri bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər və nəticədə borc yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO QSC «Bank Standard» KB-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahat verərək, iddianın əsas borc və müqavilə üzrə hesablanmış faiz borcu məbləği ilə razı olduqlarını, cərimə və əsas borca illik 5 faiz hesablanmaqla tələb edilən məbləğlə razı olmadıqlarını və ipoteka predmetinin ilkin satış qiymətinin 3.300.000 qiyməti ilə razı olduqlarını bildirmişlər. III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 447.1-ci maddəsinə əsasən Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi::
7. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, «Bank Standard» KB ilə “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə 171/02/39/14 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 84 ay müddətinə illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin də, Bankla “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, sonuncuya məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir.
8. Hazırda Bank cavabdehlər tərəfindən borcun ödənilmədiyini bildirərək, borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir.
9. Məhkəmədə cavabdeh “X3 Təsərrüfatı” MMC-nin nümayəndəsi və vəkili əsas borc kimi tələb edilən 912.000 manat və müqavilə üzrə yaranmış faiz borcu olaraq 212.384,65 manat borc məbləği ilə razı olduqlarını bildirdi.
10. Həmçinin də, məhkəmə iclasında zaminlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələri bağladıqlarını, “X3 Təsərrüfatı” MMC-yə 84 ay müddətinə illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilməsi barədə məlumatlı olduqlarını, əsas borc kimi tələb edilən 912.000 manat və müqavilə üzrə yaranmış faiz borcu olaraq 212.384,65 manat borc məbləği ilə razı olduqlarını bildirdilər.
11. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli 171/02/39/14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 912.000 manat, faiz borcu üzrə 212.384,65 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə həmçinin hesab edir ki, Bank tərəfindən tələb edilən 17.631 manat məbləğində cərimə borcu da əsas borca münasibətdə mütənasib olduğundan, qeyd edilən məbləğdə cərimə borcu da, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
13. Cavabdeh tərəf əsas borca illik 5 faiz hesablanmaqla tələb edilən 39.014,36 manat məbləğlə razı olmadıqlarını bildirir.
14. Məhkəmə hesab edir ki, bu hissədə iddia qismən əsaslıdır.
15. Belə ki, bağlanmış olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 84 ay müddətinə yəni 7 il müddətinə bağlanmış yəni, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2021-ci ildir.
16. Belə olan halda müqavilənin müddətinin bitmə tarixi olan xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən verilmiş maliyyə arayışında (2-ci cild, səh. 103) tələb edilən tarix olan xx.xx.2022-ci il tarixədək əsas borca illik 5 faiz hesablanmaqla pul tutulmalıdır.
17. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ay vaxt keçmişdir. Belə olan hald , əsas borca illik 5 faiz hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutulmalı olan məbləğ 38.000 ( 912.000x5/100= 45.600 ( 1 il üçün), 45.600/12=3.800 (1 ay üçün) 3800x10=38.000 (10 ay üçün)) manat təşkil edir.
18. Məhkəmə iddianın digər hissələri ilə bağlı aşağıdakıları qeyd edir.
19. Məhkəmə iclasında iddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiyməti 1.730.000 manat müəyyən edlməsini xahiş etdi.
20. Cavabdehlər isə ipoteka predmetinin ilkin satış qiymətinin 3.300.000 manat müəyyən edlməsini xahiş etdi.
21. İş materiallarında olan AB Consulting MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin orta bazar qiyməti 3.480.000 manat, orta likvid qiyməti isə 3.300.000 manat təşkil edir.
22. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin dəyəri 1.706.000 manat təşkil edir.
23. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 3.400.000 manat təşkil edir.
24. Göründüyü kimi, AB Consulting MMC həm də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə əmlakin likvid qiyməti müvafiq olaraq 3.300.000 və 3.400.000 manat müəyyən edilmişdir. Yəni verilmiş iki rəy demək olar ki, bir biri ilə eynilik təşkil edir.
25. Məhkəmə qeyd edir ki, iddianın dəyişdirilməsi barədə ərizənin nəticəsinə diqqət yetirildikdə görünür ki, iddiaçı tərəf “əmlak kompleksinin boşaldılaraq, ləğv prosesində olan LPO QSC «Bank Standard» KB-ya təhvil verilməsi” ifadəsindən istifadə etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf qeyd edilmiş halın texniki səhv olduğunu və “QSC «Bank Standard» KB-ya təhvil verilməsi” ifadəsinin “alıcıya təhvil verilsin” ifadəsi kimi qəbul edilməsini xahiş etdi.
26. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “X3 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 3.300.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satıldıqdan sonra ipoteka qoyan "X3 Təsərrüfati” MMC tərəfindən boşaldılaraq və alıcıya təhvil verilməlidir.
27. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.
28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi dəyəri olan 200 manat və məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi dəyəri olan 200 manat məbləğində pul da, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.
29. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat anat məbləğində pul da, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.
30. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə 912.000 (doqquz yüz on iki min) manat məbləğində əsas, 212.384 (iki yüz on iki min üç yüz səksən dörd) manat, 65 (altmış beş) qəpik məbləğində faiz, 17.631 (on yeddi min altı yüz otuz bir) manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmaqla 38.000 (otuz səkkiz min) manat məbləğində pul Cavabdeh2 MMCdən Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq LPO QSC "Bank Standard" KBnə verilsin. xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 3.300.000 (üç min üç yüz min) manat müəyyən edilməklə "X3 Təsərrüfati” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilərək açıq hərracda satılsın. "X3 Təsərrüfati” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan "X3 Təsərrüfati” MMC tərəfindən boşaldılsın və alıcıya təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 MMC-dən, Cavabdeh3 müştərək qaydada tutularaq LPO QSC "Bank Standard" KB-nə verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 200 manat, Məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinin dəyəri olaraq 200 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 MMC-dən, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respulikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov