Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2302/2022 11.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 və onun vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 Qurşumoviçə qarşı icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, icarə haqqı borcu üzrə 6667 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06 sentyabr 1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə 30 aprel 2022-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan 6667 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 21 oktyabr 2021-ci il tarixli, **********52 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Hazırki kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatora müraciət olunmuş, lakin mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində vəsait ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət olunaraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsi üzrə 31 avqust 2022-ci il tarixə yaranmış 7467 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitsə də, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin ərizəsi olmadığına görə müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Həmçinin, cavabdeh müqavilənin müddəti bitdikdən sonra qeyri – yaşayış sahəsindən istifadə edərək gəlir əldə etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onunla bağlanmış müqavilənin müddəti 06 mart 2018-ci il tarixdə bitsə də, sonrakı müddət ərzində, həmçinin, pandemiya dövründə fəaliyyət göstərməməsinə baxmayaraq həmin dövr üçün də ona borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsinin müddəti bitdiyindən iddiaçının icarə haqqının ödənilməsi tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində müqavilənin müddəti 06 mart 2018-ci il tarixə kimi müəyyən olunmuş, 8.3-cü bəndində isə müddət başa çatdıqda müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin müddətdən sonra müqavilə əsasında icarə haqqının hesablanması qanunsuzdur. Buna baxmayaraq cavabdeh tərəfindən artıq ödənişlər edilmişdir. Bundan başqa, cavabdeh 01 mart 2020-ci il tarixdə qeyri - yaşayış sahəsinin Azərbaycan Texniki Universitetinə təhvil vermiş və bundan sonra orada fəaliyyət göstərməmişdir. İş materiallarında olan: 12 sentyabr 2017-ci il tarixli 9799 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 06 sentyabr 2017-ci il tarixli, 167 nömrəli əmri ilə təsdiq olunmuş dövlət əmlakı obyektinin icarəyə verilməsinə dair keçirilmiş müsabiqənin nəticələri haqqında 29 avqust 2017-ci tarixli protokol əsasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25, kvartal 536, 537 (registr №***-*******9-003) ünvanında yerləşən, ümumi sahəsi 31,1 kv.m təşkil edən AR Təhsil Nazirliyi, Azərbaycan Texniki Universitetinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi” - Cavabdeh2 müddətli istifadəsinə verilmişdir; Azərbaycan Texniki Universitetinin 18 iyul 2012-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsi 01 mart 2020-ci il tarixədək Cavabdeh2 istifadəsində olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin oluna bilməz. İddia tələbi 3 hissədən ibarətdir: icarə müqaviləsinin ləğv edilməsi; icarə haqqı borcu üzrə yaranmış 6667 manat pul vəsaitinin ödənilməsi; qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi. Cavabdehin iddiaya etirazının əsasını təşkil edən əsas xüsusat müqavilənin müddəti ilə bağlı olduğundan məhkəmə hesab edir ki, tələbin ilk 2 hissəsinə (icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı borcu üzrə yaranmış 6667 manat pul vəsaitinin ödənilməsi) birlikdə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Cavabdehin iddiaya etirazının əsasını təşkil edən hallardan birini pandemiya dövründə icarə haqqının hesablanması təşkil etsə də, məhkəmə bu xüsusatı əsassız hesab edir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi şəxsi hesab vərəqəsindən görünür ki, 2020-ci ilin mart ayından dekabr ayına kimi icarə haqqı hesablanmamışdır. İşin mübahisələndirilən əsas halı ondan ibarətdir ki, cavabdeh etirazın əsası kimi müqavilənin 3.1, 8.3-cü bəndlərinə əsasən müqavilənin müddətinin 06 mart 2018-ci il tarixə kimi müəyyən olunmasına və müddət başa çatdıqda müqavilə münasibətlərinə xitam verilməsinin nəzərdə tutulmasına istinad edir. İddiaçı isə tələbini “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin ərizəsi olmadığına görə müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi ilə əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. kimi şərtlər kredit müqaviləsinin mühüm şərtləri olmaqla yanaşı, qeyd olunan müqavilələrdə yetərli dərəcədə aydın göstərilməlidir. Tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli 9799 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin: 3.1-ci bəndində qeyd olunmuşdur ki, icarə müqaviləsinin müddəti 06 sentyabr 2017ci il tarixdən 06 mart 2018-ci il tarixədək müəyyən edilir; 8.2-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir; 8.6-cı bəndində qeyd olunmuşdur ki, icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyəverən tərəfindən baxılır. Göründüyü kimi müqavilədə nəinki müddət, hətta hüquq münasibətlərinə xitam verilmə anı və yeni müddətə uzadılması şərtləri konkret müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsində nəzərdə tutulan şərt göstərildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yalnız müqavilə müddəti ərzində ödənilməmiş icarə haqqı borcunu tələb etmək hüququ vardır. İcarə haqqı məbləği 200 manat müəyyən olunmaqla 6 ay üçün 1200 manat ödənilməli olduğu halda şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2700 manat məbləğində icarə haqqı ödənilmişdir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Texniki Universitetinin 18 iyul 2012-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş akta əsasən icarə obyektinin 01 mart 2020-ci il tarixədək cavabdehin istifadəsində olması təsdiqini tapdığına görə Əmlak Məsələləri Dövlət Xidmətinin müqavilə əsasında deyil, digər əsaslarla (məsələn, əsassız varlanma) zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ istisna edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, icarə müqaviləsinin müddəti 06 mart 2018-ci il tarixdə bitdiyindən həmin dövrdən sonra icarə haqqının və müqavilənin ləğvinin tələb olunması əsassızdır və buna görə də iddia icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı borcu üzrə yaranmış 6667 manat pul vəsaitinin ödənilməsi hissələrində rədd olunmalıdır. İddianın qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, bu hissə ilə bağlı ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Hazırkı iş üzrə ilk 2 şərt (tələb olunan əşya mövcuddur və iddiaçıya məxsusdur) mövcud olsa da, tələb edilən əşyanın cavabdehdə olmaması Azərbaycan Texniki Universitetinin 18 iyul 2012-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş akta əsasən təkzib edilir. Bu xüsusatın əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 Qurşumoviçə qarşı icarə haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2302/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2302/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver