Məhkəmə qərarları › İş №e-2-2(113)-2307/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2307/2024

02.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2307/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qanunsuz qoşulmanın müəyyən edilməsi zamanı qaz paylayıcısının etməli olduğu hərəkətlər, qazın talanması nəticəsində dəymiş zərərin ödənilməsi qaydası, sahibkarlıq fəaliyyəti subyektində yoxlamanın aparılması qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı1, İddiaçının vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən obyektə (restorana) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarının yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2023cü il tarixli ******* nömrəli aktı qanunsuz hesab etməklə, həmin akta əsasən təbii qazdan istifadəyə görə əsassız və qanunsuz hesablanmış 11340 manat məbləğində borcun silinməsi və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışına əsasən Qəbələ rayonunun Nic qəsəbəsində 0,40 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti (mehmanxana) İddiaçı1 xüsusi mülkiyyətindədir və fərdi sahibkar kimi fəaliyyət göstərir. Həmin obyektin təbii qazla təminatı obyektin əvvəlki mülkiyyətçisi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX- 0710/20 saylı müqaviləyə əsasən **********00001 abonent kodu ilə həyata keçirilmiş, obyekt İddiaçı1 mülkiyyətinə keçsə də, onun təbii qazla təminatı həmin abonent kodu ilə davam etmişdir. 2.2. 24.02.2024-cü il tarixdə qeyd edilən obyektin təbii qazla təminatı barədə abonentin saldosunu aldıqda İddiaçı1 bilmişdir ki, obyektin təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 12297,75 manat məbləğində borcu vardır. Göstərilən 12297,25 manat borcun 11340 manatı 2023-cü ilin sentyabr ayı üçün hesablanmış və guya obyekt həmin ay ərzində 46528 kub metr təbii qazdan istifadə etmişdir. Məsələni araşdırdıqda məlum olmuşdur ki, Cavabdeh İB-nin X6 İstismar İdarəsinin Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydaları yoxlanılaraq bu barədə X3 İdarəsinin rəisi Cavid Hacıyev tərəfindən təsdiq edilmiş ******* nömrəli akt tərtib edilmişdir. Təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarının yoxlanılması qüvvədə olan qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla aparılmışdır və orada göstərilənlər həqiqətə uyğun deyildir. 2.3. Belə ki, göstərilən akt obyektdəki qaz sayğacının göstəricilərinin oxunması ilə əlaqədar deyil, orada aparılmış yoxlama nəticəsində tərtib edilmişdir. Bu hal həm də onunla təsdiq olunur ki, aparılan yoxlama cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməklə KY231984736 saylı xx.xx.2023-cü il tarixli çıxarış alınmışdır. 2.4. Bundan başqa, cavabdehin X6 İstismar İdarəsi tərəfindən obyektdə yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun) tələbləri kobud surətdə pozularaq yoxlama səlahiyyəti olmayan şəxslər tərəfindən və müddət pozulmaqla aparılmışdır. KY231984736 saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, obyektdə cavabdeh tərəfindən qəbul edilmiş qərara əsasən müqavilə şərtlərinə əməl edilməsi vəziyyətinin növbədənkənar qaydada yoxlanılması nəzərdə tutulmuş, həmin yoxlamanın müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək müəyyən olunmaqla onun aparılması X6 İstismar İdarəsinin baş mühəndisi X2 həvalə edilmişdir. Lakin obyektdə aparılan yoxlama qeyd edilən çıxarışda nəzərdə tutulmuş tarixlərdə deyil, müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Bu zaman daha bir qanun pozuntusuna yol verilərək yoxlamanı qeyd edilən çıxarışda göstərilmiş səlahiyyətli şəxs X6 İstismar İdarəsinin baş mühəndisi X4 deyil, səlahiyyətləri qanuna müvafiq rəsmiləşdirilməmiş Qəbələ XS TQQ və SX-nin mühəndisi Arif Məhəmmədov, QDX-nin rəisi Anar Şələbizadə və TQQ və SXS-nin mühəndisi Gülnamə Bilalova aparmışlar. 2.5. Həmin yoxlayıcılar tərəfindən də yoxlama aparılarkən obyektin hazırda kimə məxsus olması dəqiqləşdirilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-2-ci maddəsinin tələbləri pozularaq nə sahibkar kimi hazırkı mülkiyyətçiyə, nə də əvvəlki mülkiyyətçisi İddiaçı2 öz hüquq və vəzifələri barədə məlumat verilmiş, yoxlayıcı orqanın (yoxlayıcının) qərarından çıxarış təqdim olunmamış, yoxlama vaxtında həyata keçirilməmiş, yoxlama başlamazdan əvvəl xidməti vəsiqələri (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim edilməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməklə sahibkara sənədlərlə tanış olmaq imkanı yaradılmamışdır. Buna görə də həmin Qanun 4-3.1.1.2-ci maddəsində nəzərdə tutulmuş, müəyyən edilən müddətlər pozulmaqla aparılan yoxlamanın aparılmasına icazə verməmək hüququndan hazırkı mülkiyyətçi mərhum olmuşdur. 2.6. Bundan başqa, həmin Qanunun 13.3-cü maddəsinin tələbləri pozularaq yoxlayıcı orqan tərəfindən aparılan yoxlama barədə məlumat qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verilməmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunsa da, qeyd edilən Qanunun 31-ci maddəsinin tələbləri pozularaq həmin aktda yoxlamaya vahid məlumat reyestrindən verilən kod; yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumatlar əks etdirilməmişdir. 2.7. Bundan başqa, həmin aktın sağ tərəfində “52-10=42x12x90=45360” rəqəmləri qeyd olunmuşdur. Sonuncu 45360 rəqəmini istifadə edilmiş təbii qazın miqdarı kimi qəbul edib onun bir kub metrini 0,25 manata vurduqda 11340 manat məbləği alınır. Lakin bu rəqəmlər və məbləğ aktda müvafiq qaydada əsaslandırılmamış, “52- 10=42x12x90=45360” rəqəmlərinin haradan, nəyə əsasən qəbul edilməli olduğu göstərilməmişdir. 2.8. Beləliklə, cavabdeh tərəfindən bu cür qanun pozuntuları ilə keçirilmiş yoxlama nəticəsində 11340 manat məbləğində təbii qazdan istifadəyə görə əsassız borc hesablanmışdır. Obyektin təbii qazla təminatı barəsində cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli AMX-0710/20 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdeh istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayıb hər ay istehlakçıya hesab təqdim etməli, müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Abonent saldosundan da görünür ki, 2023-cü ildə cavabdeh obyektdə təbii qaz sərfini sayğacın göstəricilərinə əsasən cəmi 4871,75 manat məbləğində hesablamış, borc məbləği artıqlaması ilə – 5167,5 manat məbləğində ödənilmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən obyektdə qaz sərfiyyatı ilə bağlı hər hansı bir irad, tələb də bildirilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1, 2.1, 13.3, 3.1, 3.2-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qazdan istifadə Qaydaları”) 5.2-ci bəndi və s. göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi X5 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. İddiaçı2 məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16-17-ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY231984736 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. 5.2. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış “G-6” markalı 28024855 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının bir ədəd iki gözlü restoran tipli qaz plitəsi, iki ədəd dörd gözlü qaz plitəsi, bir ədəd üç gözlü qaz plitəsi, bir ədəd altı gözlü restoran tipli qaz plitəsi, bir ədəd dörd gözlü kustar üsul ilə hazırlanmış qaz plitəsi, bir ədəd 32 litrlik axımlı su qızdırıcı, üç ədəd 24 kv-lıq kombi, bir ədəd 28 kv-lıq kombi, bir ədəd 32 kv-lıq kombi, bir ədəd çörək bişirən soba, dörd ədəd bir gözlü kustar üsul ilə hazırlanmış qaz plitəsi istifadə edildiyi müəyyən olunmuşdur. 5.3. Bundan sonra Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 52 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 52 – 10 + 42 x 12 x 90 = 45360 m3 və onun pul dəyəri 11340 manat (45360 m3 x 0.25 m = 11340 manat) təşkil etmiş, dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

6. İddiaya etirazda hüquqi əsas kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qaz təchizatı haqqında” Qanun) 1, 8-ci və s. maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 3.1, 16.11-ci və s. maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 2.11-2, 6.5-1 və s. bəndlərinə və s. istinad edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2307/2024 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən obyektə (restorana) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarının yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı qanunsuz hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

8. İddiaçı1 iddianın məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, obyektdə əlavə qaz işlədicilərinin quraşdırılması üçün yeni texniki şərtin alınması zəruri olmuş, bununla bağlı sənədləşmə işləri görülmüş, "xxxx" MMC tərəfindən layihə hazırlanmış, yeni texniki şərtin verilməsi üçün cavabdehə müraciət olunmuş, müvafiq rəy və təkliflər alınmışdır. Yeni texniki şərt üzrə quraşdırılacaq qaz işlədicilərinin yerinin dəqiq göstərilməsi, bunun üçün işlədicilərin müvafiq yerlərə qoyulması ondan tələb olunmuş, o isə işlənmiş qaz qurğuları alaraq, bəzilərini isə evindən gətirərək müvafiq yerlərdə quraşdırılmışdır. Cavabdehin əməkdaşları sentyabr ayının ortasında qeyri-yaşayış sahəsinin qaz təsərrüfatına və xətlərinə baxış keçirmiş, qaz işlədiciləri də təxmini həmin vaxt quraşdırılmışdır. Bundan bir neçə gün sonra cavabdehin əməkdaşları xx.xx.2023-cü il tarixdə obyektə yenidən gələrək videoçəkiliş etmiş, yoxlamanın aparılması barədə hər hansı məlumatı orada olan işçilərə verməmişdir. Özü obyektdə olmamış, işçilərin isə yoxlamanın aparılmasından xəbərləri olmamış, texniki şərtin verilməsi ilə bağlı gəldiklərini hesab etmişlər.

9. İddiaçı2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

10. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 etirazın məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək layihədə dəyişiklik edilməsini xahiş etmiş, yeni dəyişikliyə əsasən 18 adda qaz cihazından istifadə edilməsi nəzərdə tutulmuşdur. Texniki şərtin verilməsi üçün xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə iddiaçının müraciəti əsasında əməkdaşları qeyri-yaşayış sahəsinin qaz təsərrüfatına və xətlərinə baxış keçirmiş, bu zaman layihədən kənar qaz cihazlarının qanunsuz qoşulması faktı aşkar edilmişdir. Buna görə də müvafiq qaydada qeydiyyatdan keçirilərək xx.xx.2023-cü il tarixdə yoxlama həyata keçirilmiş, aşkar edilmiş qanun pozuntularının rəsmiləşdirilməsi üçün inventar aktı tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə isə təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, müvafiq hesablama aparılmışdır.

11. İddiaçı2 və cavabdehə məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Borcun silinməsi tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki: – İddiaçı2 ilə cavabdeh arasında 11 fevral 2020-ci il tarixli AMX-0710/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçının qaz qurğuları 1 ədəd qaz plitəsi, 3 ədəd su qızdırıcı (kombi) olaraq göstərilmişdir; – İddiaçı2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan qazla təmin edilməli qeyriyaşayış sahəsi Qəbələ rayonu, Nic qəsəbəsində yerləşmiş, qeyri-yaşayış sahəsi özgəninkiləşdirilərək İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixdə sonuncuya çıxarış verilmişdir. – 22 sentyabr 2023-cü il tarixdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231984736 nömrəsi ilə qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. 26 sentyabr 2023cü il tarixdə “İstehlakçının qaz təsərrüfatının inventar Aktı” tərtib edilərək Qəbələ rayonu, Nic qəsəbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 17 ədəd qaz işlədicisinin olduğu, sayğacın maksimal gücündən əlavə 42 m3/saat sərfiyyat aşma aşkar edildiyi qeyd edilmişdir; – Bundan sonra 27 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama aparılması ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş, iddiaçının 17 ədəd işlədicisinin olduğu, sayğacın maksimal gücündən əlavə 42 m3/saat sərfiyyat aşma aşkar edildiyi qeyd edilmiş, hesablanmış qaz istifadəsinin abonent tərəfindən tam ödənilməsi tələb edilmişdir; – 30 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 52 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat aparılmışdır (52 – 10 = 42 x 12 x 90 = 45360 m3) və **********0001 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2023-cü ilin sentyabr ayı üçün 11340 manat məbləğində borc daxil edilmişdir.

16. İddiaçılar bildirir ki, cavabdeh tərəfindən yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud surətdə pozularaq yoxlama səlahiyyəti olmayan şəxslər tərəfindən və müddət pozulmaqla aparılmışdır. Belə ki, KY231984736 saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, yoxlamanın müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək müəyyən olunmaqla onun aparılması X6 İstismar İdarəsinin baş mühəndisi X2 həvalə edilmiş, lakin yoxlama xx.xx.2023-cü il tarixdə keçirilmiş və yoxlamanı qeyd edilən çıxarışda göstərilmiş səlahiyyətli şəxs X6 İstismar İdarəsinin baş mühəndisi X4 deyil, səlahiyyətləri qanuna müvafiq rəsmiləşdirilməmiş Qəbələ XS TQQ və SX-nin mühəndisi Arif Məhəmmədov, QDX-nin rəisi Anar Şələbizadə və TQQ və SXS-nin mühəndisi Gülnamə Bilalova aparmışlar. Eyni zamanda yoxlama aparılarkən obyektin hazırda kimə məxsus olması dəqiqləşdirilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-2-ci maddəsinin tələbləri pozularaq nə sahibkar kimi hazırkı mülkiyyətçiyə, nə də əvvəlki mülkiyyətçisi İddiaçı2 öz hüquq və vəzifələri barədə məlumat verilmiş, yoxlayıcı orqanın (yoxlayıcının) qərarından çıxarış təqdim olunmamış, yoxlama vaxtında həyata keçirilməmiş, yoxlama başlamazdan əvvəl xidməti vəsiqələri (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim edilməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməklə sahibkara sənədlərlə tanış olmaq imkanı yaradılmamışdır. Buna görə də həmin Qanun 4-3.1.1.2-ci maddəsində nəzərdə tutulmuş, müəyyən edilən müddətlər pozulmaqla aparılan yoxlamanın aparılmasına icazə verməmək hüququndan hazırkı mülkiyyətçi mərhum olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunsa da, qeyd edilən Qanunun 31-ci maddəsinin tələbləri pozularaq həmin aktda yoxlamaya vahid məlumat reyestrindən verilən kod; yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumatlar əks etdirilməmişdir. Buna görə də, qanunsuz aparılmış yoxlama nəticəsində hesablanmış 11340 manat borcun hüquqi əsasının olmadığını qeyd edərək silinməsini tələb edir.

17. Cavabdeh iddiaya etiraz edərək yoxlamanın qanuni olduğunu və reyestrdə qeydə alındığına istinad edərək iddianın rədd olunmasını xahiş edir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Əvvəla, göstərilməlidir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

20. Məhkəmə qeyd edir ki, qazın talanması ilə bağlı dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsinə yalnız o halda yol verilir ki, qazın talanmasında istehlakçının təqsirli olması müəyyən edilsin. Həmin təqsir isə Energetika Nazirliyi (“Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il tarixli Fərmanının 2.15.-ci bəndinə əsasən) və ya məhkəmə (inzibati xəta və ya cinayət icraatı qaydasında işə baxan məhkəmə) tərəfindən müəyyən edilir.

21. Lakin iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi, aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Qeyd edilən Qanunun tələbi isə hazırkı icraat çərçivəsində inzibati xəta və ya cinayət tərkibi baxımından məhkəmə tərəfindən istehlakçının təqsirli olması faktının müəyyənləşdirilərək qiymətləndirilməsini də qeyri-mümkünə çevirir.

22. Bundan başqa, “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

23. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

26. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

29. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

30. Qeyd edilməlidir ki, qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.

32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

33. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.

34. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.

35. Lakin hazırkı iş üzrə 22 sentyabr 2023-cü il tarixdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231984736 nömrəsi ilə qeydə alınsa da, dəymiş ziyanın hesablanmasının əsasında duran təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt 27 sentyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Həmin aktdan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmışdır. Cavabdeh yoxlamanın xx.xx.2023-cü il tarixdə həyata keçirildiyini, aktın tərtib olunduğu qeyd etsə də, qeyd olunan hal iş materialları ilə təsdiqlənmir. Belə ki, cavabdehin yoxlamada iştirak edən əməkdaşları yoxlamanın məhz xx.xx.2023-cü il tarixdə keçirildiyini aktda təsbit etmişdir. İddiaçı isə cavabdehin əməkdaşlarının qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə gəldiklərini təsdiq edir.

36. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 31.5 və 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır və imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. Məhkəmə qeyd edir ki, fərz olunsa ki, yoxlama həqiqətən də xx.xx.2023-cü il tarixdə keçirilmiş, bu zaman aktın tərtib olunması ilə bağlı qanunvericiliyin tələbi pozulmuş, akt yoxlama başa çatdığı gün tərtib olunub yoxlayıcılar tərəfindən imzalanaraq imzalanmaq üçün istehlakçıya təqdim olunmalı olduğu halda tərtib olunmamış, istehlakçıya imzalanmaq üçün təqdim olunmamışdır.

37. Bundan başqa, məhkəmə qeyd edir ki, yoxlama (baxışın) aparılması üçün yoxlamaların vahid məlumat reyestrinə qanunvericilikdə nəzərdə tutulan məlumatlar reyestrə daxil edilməlidir.

38. Həmin məlumatlar sırasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir.

39. Lakin hazırkı iş üzrə yoxlama bu baxımdan da sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY231984736 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X1 iştirak edəcəyi göstərilmiş, lakin 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktda, 27 sentyabr 2023-cü il tarixli yoxlama aktında reyestrsə qeyd alınmayan Arif Məhəmmədov, Anar Çələbizadə, Gülnamə Bilalova adlı şəxslərin iştirak etdiyi göstərilmişdir.

40. Göründüyü kimi, yoxlayıcı kimi qeyd olunan şəxs yoxlamada iştirak etməmiş, adları qeyd olunmayan şəxslər iştirak etmişdir. İddiaçı yoxlama aparılarkən obyektdə olmadığını, işçilərinin orada olduğunu, işçilərin isə cavabdehin əməkdaşlarının texniki şərtin verilməsi ilə bağlı obyektə baxış keçirdiklərini hesab etdiklərini, yoxlamadan məlumatsız olduğundan yoxlamanın aparılmasına icazə verməmək hüququndan məhrum olduğunu bildirir.

41. Məhkəmə qeyd edir ki, yoxlamada iştirak edən şəxslərin, yəni yoxlayıcıların hüquq və vəzifələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-1 və 4-2-ci maddələrində qeyd olunmuş, yoxlama zamanı yoxlayıcıya verilən səlahiyyətlər və əməl etməli olduğu tələblər qanunvericilikdə dəqiq əksini tapmışdır. Yoxlayıcının hüquq və vəzifələrinin, səlahiyyətinin dairəsinin qanunvericilikdə dəqiq tənzimlənməsi onu deməyə əsas verir ki, yoxlamaların vahid məlumat reyestrində yoxlayıcı şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların təfsilatı ilə qeyd olunması tələbinin qoyulması təsadüfi deyildir. Belə ki, həmin şəxslər yoxlayıcı kimi qanunun onlara verdiyi səlahiyyətdən istifadə etməklə yanaşı, tələb olunan vəzifələrə əməl etməli, səlahiyyətləri çərçivəsində hərəkət etməlidirlər. Reyestrdə həmin şəxslərlə bağlı məlumatların dəqiq göstərilməsi şəffaflığı təmin etməklə yanaşı, gələcəkdə həmin şəxslərlə bağlı ortaya çıxa biləcək məsuliyyət tədbirləri ilə bağlı cavabdehliyi təmin edir.

42. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 27 sentyabr 2023-cü il tarixli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.

43. Lakin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı2 ilə cavabdeh arasında 11 fevral 2020-ci il tarixli AMX-0710/20 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlansa da, İddiaçı2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən qazla təmin edilən qeyri-yaşayış sahəsini özgəninkiləşdirmiş, İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmiş, İddiaçı1 əvvəlki abonent kodu ilə qazdan istifadəni davam etdirmiş, hazırda silinməsi tələb olunan borc məbləği də qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətində və istifadəsində olduğu dövrdə yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, hesablanmış borc məbləği hüquq və mənafeyinə toxunmadığından İddiaçı2 hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur, iddia onun tələbi ilə deyil, mübahisəli borc qeyd edilən zaman qazdan istifadə edən və borc məbləğinin mövcudluğu hüquq və mənafeyinə toxunan İddiaçı1 tələbi ilə təmin edilə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh İB tərəfindən **********00001 nömrəli abonent koduna 27 sentyabr 2023-cü il tarixli akt əsasında hesablanmış 11340 manat məbləğində borc silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı eyni zamandan ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, İddiaçı1 tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 126 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

47. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 124 manatdır.

48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Beləliklə, məhkəmə borcun silinməsi tələbinin əsaslı olduğunu, dövlət rüsumunun İddiaçı1 tərəfindən ödənildiyini və sonuncunun subyektiv hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı1 ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00001 nömrəli abonent koduna 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 11340 (on bir min üç yüz qırx) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar