Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2315/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, prosessual maraq, qanuni faiz və borclunun icranı gecikdirməsi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsi üzrə 13810,25 manat əsas borc, 2485,85 manat ƏDV məbləği, əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada illik 5 faizlə hesablanmış 814,8 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə müqavilə ilə müəyyən olunmuş nəqliyyat vasitələrini icarəyə verməyi, cavabdeh isə iddiaçıya müqavilə üzrə razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Belə ki, iddiaçı 3 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsinin 1 və 2-ci bəndlərində və nəqliyyat vasitələri və xüsusi texnikaların cavabdehin tikinti obyektlərində işləməsi barədə tabellərdə nəzərdə tutulmuş xidmətləri lazımınca və vaxtında icra etmişdir. 2.2. Bu xidmətlərin müqabilində xx.xx.2022-ci il tarixli EBBU 910315 nömrəli elektron qaimə-fakturaya əsasən 12836,75 manat, xx.xx.2022-ci il tarixli EBBV 864072 nömrəli elektron qaimə-fakturaya əsasən 3459,93 manat məbləğində olmaqla cəmi 16296,10 manat məbləğində borc yaranmışdır. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən müəyyənləşdirilmiş 13810,25 manat məbləğində əsas borc və 2485,85 manat məbləğində ƏDV ödənilməmişdir. xx.xx.2022-ci il tarixindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (mal-materialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqlarının ödənilməsi) vaxtında və lazımınca yerinə yetirə bilməmiş və buna görə də iddiaçıya qarşı ayrı-ayrı məhkəmələrdə dəymiş ziyan ödənilməsi və digər əsaslarla iddialar qaldırılmışdır. Əlavə olaraq, xx.xx.2022-ci il tarixindən gecikdirilən ƏDV daxil 16296,10 manat borca Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 814,80 manat hesablanmışdır. Həmçinin iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı 320 manat xərc (vəkilə ödənilmiş xidmət haqqı), 210 manat məbləğində mediasiya xərci çəkmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 390, 399, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkilləri Vəkil1 və Vəkil2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və Vəkil2 qeyd etdi ki, məhkəmə icraatının gedişində cavabdeh tərəfindən ƏDV-siz 10878,6 manat məbləğində icarə haqqını əks etdirən akt da möhürlə təsdiq edilmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri sonuncunun hüquqi ünvanına (qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanla eyni ünvan) göndərilməklə, AVİS-də yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər göndərilməklə və telefonoqram ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyəverən qismində) ilə cavabdeh (icarədar qismində) arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, aşağıda göstərilmiş nəqliyyat vasitələri ilə müqavilə obyektinin təyinatına uyğun işlərini yerinə yetirməyi, İcarədar isə bunun müqabilində İcarəyəverənə, aşağıda qeyd edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürür (1-ci hissə): “330LC” model, 2012-ci il buraxılışı, 01/**********33 mühərrik nömrəli, 10-X-060 dövlət qeydiyyat nişanlı paletli ekskavator üçün 28 iş günü üçün vergi xaric olmaqla 10000 manat. Əlavə 1-də qeyd olunan məbləğ işlənmiş ay üçün nəzərdə tutulduğuna görə əgər İcraçı tərəfindən boşdayanmalar baş verərsə (müqavilə obyektinin xarab olması, sürücünün işə çıxmaması və s. kimi hallar) həmin gün üçün İcraçıya ödəmə həyata keçirilməyəcək (2.1). Müqavilənin obyektinin xidmətinə görə ödənişin işin başa çatmasına görə hesablanması (əgər boşdayanmalar baş veribsə) hər iki tərəfin iştirakı ilə hazırlanaraq imzalanmış Akt əsasında həyata keçiriləcək (2.2). Müqavilə üzrə xidmətlərin yerinə yetirilməsi zaman İcarədar işin əvvəli üçün 50 faiz, işin sonu üçün isə digər 50 faizi miqdarında ödənişi həyata keçirir (2.3). Bu ödəmə ilə bağlı İcarədar tərəfindən yaranmış digər vergi öhdəliklərinə görə İcarəyəverən məsuliyyət daşımır (2.4). İcarəyəverən daşıma və yükləmə işlərini həyata keçirərək müqavilə obyektlərinin İcarədarın ünvanına çatdırılması işini həyata keçirir (2.5).
12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixli EBBN 881266 seriya və nömrəli elektron qaimə (2021-ci ilin noyabr ayı üçün) ƏDV daxil olmaqla 12263,62 manat, xx.xx.2022-ci il tarixli EBBS 936898 seriya və nömrəli elektron qaimə (2022-ci ilin yanvar ayı üçün) ƏDV daxil olmaqla 13342,38 manat, xx.xx.2022-ci il tarixli EBBS 936939 seriya və nömrəli elektron qaimə (2022-ci ilin fevral üçün) ƏDV daxil olmaqla 15160,88 manat, xx.xx.2022-ci il tarixli EBBU 910315 seriya və nömrəli elektron qaimə (2022-ci ilin mart ayı üçün) ƏDV daxil olmaqla 12836,75 manat, xx.xx.2022-ci il tarixli EBBV 864072 seriya və nömrəli elektron qaimə (2022-ci ilin aprel ayı üçün) ƏDV daxil olmaqla 3459,93 manat olmaqla ümumilikdə 57063,56 manat icarə haqqı üçün tərtib edilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Həmçinin görünür ki, dekabr ayı üçün xidmətlərə görə göndərilən EBBP 566791 seriya və nömrəli elektron qaimə ləğv olunaraq ləğvi təsdiqlənmişdir.
13. Məhkəməyə təqdim edilən ödəniş tapşırığı və icra qeydlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 10392,9 manat (noyabr ayı üçün göstərilən xidmətlərə görə), xx.xx.2022-ci il tarixdə 14401,8 manat (EBBP 566791 seriya və nömrəli elektron qaiməyə əsasən) və xx.xx.2022-ci il tarixdə 9754 manat (EBBS 936939 seriya və nömrəli elektron qaiməyə əsasən) olmaqla ümumilikdə 34548,7 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.
14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 1870,72 manat, xx.xx.2022-ci il tarixdə 2592,32 manat və xx.xx.2022-ci il tarixdə 1755,72 manat olmaqla ümumilikdə 6218,76 ƏDV məbləği iddiaçının depozit hesabına köçürülmüşdür.
15. İş materiallarına əlavə edilən hər iki hüquqi şəxsin möhürü və direktorlarının imzası ilə təsdiq edilən tabel cədvəllərindən görünür ki, icarə haqqı 2022-ci ilin fevral ayı üçün ƏDV-siz 12848,2 manat, 2022-ci ilin mart ayı üçün 10878,6 manat, 2022-ci ilin aprel ayı üçün 12848,2 manat olaraq təsdiq edilmişdir.
16. Məhkəməyə təqdim edilən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən iddiaçıya ünvanlanan ərizədən görünür ki, cavabdehin nümayəndəsi 3 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsi üzrə cavabdehin ƏDV daxil 16296,1 manat borcu yarandığını, şirkətin əldə etdiyi mənfəətin azalması səbəbindən borcun ödənilmədiyi, barışıq sazişinin imzalanması üçün vaxt verilməsini xahiş etmişdir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə razılaşdırılan texnikanı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli EBBN 881266, xx.xx.2022-ci il tarixli EBBS 936898, xx.xx.2022-ci il tarixli EBBS 936939, xx.xx.2022-ci il tarixli EBBU 910315 və xx.xx.2022-ci il tarixli EBBV 864072 seriya və nömrəli elektron qaimələr ümumilikdə ƏDV daxil olmaqla 57063,56 manat icarə haqqı üçün tərtib edilmiş, həmin qaimələr üzrə ƏDV daxil olmaqla 40767,46 manat ödəniş edilmiş, qalıq məbləğ üzrə icarə haqqı borcu da hər iki tərəfin təsdiq etdiyi tabel cədvəllərinə əsaslanmışdır.
18. İddiaçı 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsi üzrə 2485,85 manat ƏDV daxil olmaqla 16296,1 manat icarə haqqının tutulmasını tələb edir.
19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
25. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
27. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
28. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
29. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsi üzrə 2485,85 manat ƏDV daxil olmaqla 16296,1 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) İcarə müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
35. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 814,8 məbləğində pulun da tutulmasını tələb edir.
36. Belə ki, Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
38. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
39. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
40. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
41. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
42. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
43. Tərəflər arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli HİS-44-21 nömrəli icarə müqaviləsinin 2.3-cü maddəsinə əsasən, müqavilə üzrə xidmətlərin yerinə yetirilməsi zaman İcarədar işin əvvəli üçün 50 faiz, işin sonu üçün isə digər 50 faizi miqdarında ödənişi həyata keçirir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən bənd faktiki olaraq tətbiq edilməmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər elektron qaimələrin tərtib edilməsindən uzun müddət sonra olmuş, həmçinin sonuncu elektron qaimə xx.xx.2022-ci il tarixdə tərtib edilsə də, ötən müddət ərzində isə iddiaçı pulun ödənilməsini tələb etməmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
44. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 142 gün üçün həyata keçirilməlidir.
45. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 316,99 manat (16296,1 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 142 gün (gecikdirilən gün sayı)) təşkil edir.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 316,99 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
47. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 210 manat, hüquqi yardım xərcinin 320 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-3979/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
49. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
50. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin noyabr-dekabr ayı) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2023) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
51. Bundan başqa, “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Vəkil1 arasında müqavilə bağlanaraq hüquqi yardım haqqı 320 manat olaraq müəyyən edilmişdir.
52. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 960 manat məbləğində pul "xxxx" MMC, Cavabdeh MMC və "xxxx" MMC-nin məhkəməsi üçü Bakı şəhəri 5 saylı vəkil bürosunun bank hesabına köçürülmüşdür.
53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
57. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), iddia ərizəsinin Vəkil1 tərəfindən məhkəməyə təqdim olunduğunu, həmin vəkilin məhkəmə iclasında və icraatında iştirakını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
58. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 2485 (iki min dörd yüz səksən beş) manat 86 (səksən altı) qəpik ƏDV daxil olmaqla 16 296 (on altı min iki yüz doxsan altı) manat 10 (on) qəpik əsas borc, əsas borca illik 5 % ilə hesablanmaqla 316 (üç yüz on altı) manat 99 (doxsan doqquz) qəpik olmaqla ümumilikdə 16 613 (on altı min altı yüz on üç) manat 09 (doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Nərmin Əhmədova