Məhkəmə qərarları › İş №e-2-2(113)-2316/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2316/2025

19.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2316/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, sayğacın işləmədiyi və olmadığ dövr üçün sərfiyyatın hesablanması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən iddiaçıya məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacı ilə bağlı adına açılmış **********00096 saylı abonent koduna cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 436,2 manat, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 676 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 1 451,8 manat, 30 iyul 2021-ci il tarixli akta əsasən hesablanmış 18252 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 2760,5 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 9 626,5 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 9295,25 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 9989,50 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 9394,75 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1397,75 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 5850 manat və 2021-ci ilin iyul ayında yazılmış 3145 manat olmaqla ümumilikdə 72305,25 manat məbləğində borc əsassız hesab edilməklə həmin borca görə iddiaçıdan alınmış 45424,64 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması və həmin borcun ödənilməmiş 26880,61 manat hissəsinin **********00096 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən xidmət obyekti iddiaçıya məxsusdur. İddiaçı həmin ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. İddiaçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə də iddiaçı fiziki şəxs olaraq çıxış etmişdir. Cavabdehin əməkdaşları guya iddiaçıya məxsus xidmət obyekti üçün quraşdırılmış qaz sayğacında müəyyən nasazlıqlar olduğunu əsas gətirərək xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, 30 iyul 2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə akt tərtib etmişlər. 2.2. Cavabdehin əməkdaşları xx.xx.2020-ci il tarixdə tərtib etdikləri akta görə 436,20 manat, xx.xx.2020-ci il tarixdə tərtib etdikləri akta görə 676,0 manat, xx.xx.2021-ci il tarixdə tərtib etdikləri akta görə 1451,80 manat, 30 iyul 2021-ci il tarixdə tarixdə tərtib etdikləriakta görə 18 252 manat, xx.xx.2021-ci il tarixdə tərtib etdikləriakta görə 2760,50 manat, xx.xx.2021-ci il tarixdə tərtib etdikləri akta görə 9 626,50 manat, xx.xx.2021-ci il tarixdə tərtib etdikləri akta görə 9 295,25 manat, xx.xx.2022-ci il tarixdə tərtib etdikləri akta görə 9 989,50 manat, xx.xx.2022-ci il tarixdə tərtib etdikləriakta görə 9 394,75 manat, xx.xx.2022-ci il tarixdə tərtib etdikləri akta görə 1 397,75 manat, xx.xx.2022-ci il tarixdə tərtib etdikləri akta görə isə 5850,0 manat məbləğində əsassız borc yazılmışdır. xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktlarda guya qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı əvvəlki ayların orta günlük sərfiyyatına, əvvəlki illərin cari ayının günlük sərfiyyatına, mövcud qaz cihazlarının saatlıq sərfiyyatına uyğun hesabat aparılmaqla borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli aktda guya iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacının keçən qazın sərfiyyatını qeyd etməməsi və guya gövdədə taxta parçasının aşkar olunması, xx.xx.2021-ci il tarixli aktda guya iddiaçıya məxsus xidmət obyektində çıxardılmış qaz sayğacının dişli çarxının kənar təsir nəticəsində kəsilməsi qeyd olunmuşdur. 2.3. Cavabdeh tərəfindən aktlara daxil edilmiş məlumatlarla iddiaçı razı deyildir. Belə ki, xx.xx.2020- ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktlarda guya sayğacın işləmədiyi qeyd edilsə də, həmin dövr üçün sayğac istifadə edilən qazın həcmini qeyd etmiş, buna görə də həmin obyektə hər ay qaz sərfiyyatı hesablanmışdır. Birliyin qeyd etdiyi guya sayğacın kənar müdaxiləyə məruz qalması halı da doğru deyildir. Belə ki, cavabdehin əməkdaşları xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli akt tərtib edərkən iddiaçının iştirakını təmin etməmiş, akta yalnız cavabdehin əməkdaşları imza etmişdir. Bu isə aktın həqiqiliyini şübhə altına alır. Əgər sayğaca müdaxilə öz təsdiqini tapsa idi belə, buna görə iddiaçı təqsirli hesab edilərək hər hansı məbləğdə borcun hesablanması heç bir halda qanuni və ədalətli olmaz. Ona görə ki sayğac iddiaçıya məxsus xidmət obyektindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün sayğaca yoldan keçən istənilən şəxs müdaxilə edə bilər. Sayğacı isə bütün il ərzində sutkada 24 saat fiziki, meteroloji və s. təsirlərdən mühafizə etmək mümükün deyildir. 2.4. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə, bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə edilmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən, iddiaçı ilə qərəzliyi və düşmənçiliyi olan şəxslər tərəfindən, o cümlədən də cavabdehin öz işçiləri tərəfindən qəsdli şəkildə törədilmiş ola bilər. Göründüyü kimi, cavabdeh yuxarıda qeyd oluan borcu hesablayarkən sayğaca müdaxilə və sayğacın nasaz olmasını əsas gətirmişdir. Halbuki aktların tərtib olunduğu dövrdə, həmin dövrlərdən əvvəl və sonrakı müddətlərdə sayğac qaz sərfiyyatını qeyd etmiş, buna görə də ödənişlər edilmişdir. Qanunverici fiziki şəxs olan istehlakçılara məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılması öhdəliyini qazpaylayıcının üzərinə qoymuşdur. Cavabdehin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. 2.5. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Digər tərəfdən, cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf cavabdehin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın cavabdehin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Beləliklə, iş materiallarında olan sübutlar və qanunvericilikdə müəyyən olunmuş normaların tələblərindən tam aydın olur ki, mövcud işin hallarında iddiaçının təqsirli hərəkətlərinin nəticəsində cavabdehə ziyan dəyməsi sübut olunmur. Bu onu deməyə əsas verir ki, iddiaçıya hesablanmış borcun heç bir hüquqi əsası yoxdur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin olunmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclaslarında işirak edərək bildirmişdir ki, abonentin saldosunun “qalıq və aktlar” bölməsinə 2020-ci ilin noyabr-2021-ci ilin yanvar ayları üzrə daxil edilmiş 463,2 manat, 676 manat və 1451,8 manat sayğacın elektron hissəsi işləmədiyi dövrdə mexaniki hissədə qeydə alınan sərfiyyata əmsal tətbiq edilməklə hesablanmış məbləğdir. Belə ki, sayğac saz və işlək vəziyyətdə olanda mexaniki hissədə qeydə alınan sərfiyyata avtomatik əmsal tətbiq olunaraq elektron hissədə sərfiyyat qeydə alınır və həmin sərfiyyat real sərfiyyatı göstərir. Hazırkı halda elektron hissə işləmədiyindən abonentin saldosunun “sərfiyyat məbləği” bölməsinə mexaniki hissənin qeydə aldığı sərfiyyat, “qalıq və aktlar” bölməsinə isə əmsal tətbiq edilməklə qeydə alınmayan sərfiyyat daxil edilmişdir. Abonentin saldosunun “qalıq və aktlar” bölməsinə 2021-ci ilin oktyabr-2022-ci ilin mart ayları üzrə daxil edilmiş 2760,5 manat, 18921,75 manat, 9989,5 manat, 9394,75 manat, 1397,75 manat məbləğ qazdan sayğacsız istifadəyə görə hesablanmış borcdur və oktyabr ayında qismən hesablama aparılmışdır. Abonentin saldosunun “qalıq və aktlar” bölməsinə 2021-ci ilin iyul, avqust ayları üzrə daxil edilmiş 3148 manat və 18252 manat, 2022-ci ilin iyun ayı üzrə daxil edilmiş 5850 manat isə qazdan istifadəyə görə hesablanmış məbləğdir. Qazdan istifadə qaydalarının pozulmasına görə akt tərtib olunarkən keçirilmiş yoxlama isə reyestrdə qeydiyyata alınmamışdır.

7. İddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən obyektə qaz təchizatı iddiaçının adına olan **********00096 nömrəli abonent kodu əsasında həyata keçirilir; - İddiaçının abonent koduna qaz sayğacının işləmədiyi əsası ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 463,2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 676 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 1451,8 manat məbləğində sərfiyyat hesablanaraq abonentin saldosuna “qalıq və aktlar” bölməsinə daxil edilmişdir; - İddiaçının abonent koduna qaz sayğacının olmadığı dövr üçün xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 2760,5 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 9626,5 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 9295,25 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 9989,5 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla 1 ay üçün 9394,75 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla 1397,75 manat məbləğində borc hesablanaraq abonentin saldosuna “qalıq və aktlar” bölməsinə daxil edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarla hesablanmış borc məbləğinin cəmlənərək abonentin saldosuna 2021-ci ilin dekabr ayı üzrə daxil edildiyi müəyyən olunur. Bundan başqa müəyyən olunur ki, 2021-ci ilin oktyabr ayı üzrə saldonun “qalıq və aktlar” bölməsinə daxil edilmiş borc məbləği sayğacın işləmədiyinin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən sonrakı tarixə hesablanmış, həmin tarixədək sayğacın qeydə aldığı sərfiyyat isə “sərfiyyat məbləği” bölməsinə daxil edilmişdir; - İddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən obyektə xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, sayğacın elektron hissəsi işləmədiyindən sayğac çıxarılaraq yoxlamağa göndərilmiş, xx.xx.2021-ci il tarixli qeyriəhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-00448 nömrəli aktla korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu və mexaniki hissədən keçən 103 374 kub metr qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmiş, 30 iyul 2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən dəymiş zərərin hesablanması tələb edilmiş, xx.xx.2021-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 12592 kub metr hesablanaraq iddiaçının abonent saldosuna 2021-ci ilin 8-ci ayı üzrə daxil edilmişdir (3148 manat). Daha sonra xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, sayğac çıxarılaraq yoxlamağa göndərilmiş, xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-01849-4 nömrəli aktla dişli çarxın kənar təsir nəticəsində kəsildiyi göstərilmiş, 31 avqust 2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən dəymiş zərərin hesablanması tələb edilmiş, xx.xx.2021-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 91260 kub metr hesablanaraq iddiaçının abonent saldosuna 2021-ci ilin 8-ci ayı üzrə daxil edilmişdir (18252 manat). Bundan başqa, xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, sayğac çıxarılaraq yoxlamağa göndərilmiş, qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-00621 nömrəli aktla gövdədə taxta parça aşkarlandığı göstərilmiş, 28 may 2022ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən dəymiş zərərin hesablanması tələb edilmiş, xx.xx.2022-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 23400 kub metr hesablanaraq iddiaçının abonent saldosuna 2022-ci ilin 6-cı ayı üzrə daxil edilmişdir (5850 manat).

12. İddiaçı ayrı-ayrı aktlar əsasında hesablanmış ümumilikdə 26880,61 manat borcun silinməsi, artıq ödənilmiş 45424,64 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz edərək iddianının rədd edilməsini tələb edir.

14. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini və qaytarılmasını tələb etdiyi məbləğ cavabdeh tərəfindən iddiaçıya hesablanan 3 növ aktdan irəli gəlir. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, iddiaçıya 1) təbii qazdan istifadə qaydalarının pozulması (2021-ci ilin iyul, avqust, 2022-ci ilin iyun ayları üzrə); 2) sayğacın işləməməsi (elektron göstəricinin; 2020-ci ilin noyabr-2021-ci ilin yanvar ayları üzrə) və 3) sayğacın olmadığı (qaz sərfinin tamamilə qeydə alınmadığı; 2021-ci ilin oktyabr (qismən)-2022-ci ilin mart ayları üzrə) əsası ilə borclar hesablanmışdır.

15. Məhkəmə əvvəla təbii qazdan istifadə qaydalarının pozulması əsasında hesablanmış borcun silinməsi, artıq ödənilmiş vəsaitin qaytarılması hissəsində aşağıdakıları qeyd edir.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

19. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

20. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

22. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

23. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

26. Qeyd edilməlidir ki, qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

27. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya 30 iyul 2021-ci il tarixli ******* nömrəli akt əsasında 3148 manat, 31 avqust 2021-ci il tarixli ******* nömrəli akt əsasında 18252 manat və 28 may 2021-ci il tarixli ******* nömrəli akt əsasında 5850 manat olmaqla cəmi 27250 manat sərfiyyat hesablamış, lakin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur. Lakin 30 iyul 2021-ci il tarixli ******* akta əsasən 3148 manat hesablansa da, iddiaçı ərizəsində 3145 manatın silinməsini tələb etmişdir.

28. Açıq informasiya mənbələrindən əldə edilmiş məlumatlarla tətbiq edilən 27250 manat məbləğdən 1207,1 manat ödənildiyi, qalıq borcun 26042,9 manat olduğu görünür.

29. Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

30. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Göründüyü kimi, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun tələb edilə bilər və əsassız varlanma zamanı isə qanuni əsas və ya müqavilə əsası mövcud olmur.

33. Həmin normaları işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh hüquqi qüvvəsi olmayan akta əsasən 27250 manat borc hesablamış, iddiaçı isə həmin borcdan 1207,1 manat məbləğini ödəmişdir. Halbuki borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası mövcud olmamışdır. Başqa sözlə, cavabdeh 1207,1 manat pulun ödənilməsi ilə əsassız varlanmışdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də iddiaçıya məxsus **********00096 nömrəli abonent koduna hesablanan mövcud 26042,9 manat borc silinməli, 1204,1 manat (qanunsuz hesablanmış 27250 manat-silinən 26042,9 manatsilinməsi tələb olunmayan 3 manat (3148-3145)) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Məhkəmə sayğacın işləməməsi (elektron göstəricinin) və sayğacın olmadığı (qaz sərfinin tamamilə qeydə alınmadığı) əsası ilə hesablanan borclara münasibətdə isə aşağıdakıları göstərir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

37. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

38. Göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Qaz sayğacının olmadığı müddət ərzində isə qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bu, yuxarıda adı çəkilən Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni hazırkı işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçirməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyəti yoxdur.

39. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

41. Həmin Qaydaların 4.2-ci bəndinə (29 aprel 2016-cı il tarixli redaksiyası) əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

42. Həmin Qaydaların 4.9-cü bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

43. Qaydaların tələbini təhlil etdikdə aydın olur ki, zədələnmiş qaz sayğacının təmir olunması və dəyişdirilməsinə (yenisi ilə əvəz edilməsi) görə yalnız məişət abonentinin məsuliyyəti məsələsi təqsirdən asılı edilmişdir. İddiaçı isə sənaye qaz qurğusunun istifadəçisi olan fərdi sahibkardır və zədələnmiş qaz sayğacının təmir olunmasına, dəyişdirilməsinə görə (yenisi ilə əvəz edilməsi) təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. İddiaçı isə sayğacın qismən və tam işləmədiyi dövrdə təmir olunması və dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etməsi, sayğacın təmir və ya yenisi ilə əvəz edilməsi üçün müqavilə bağlaması, ödəniş etməsi, bir sözlə saz və işlək sayğacdan istifadə edə bilmək üçün özündən asılı olan addımları atmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir.

44. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlarla hesablanmış borc sayğacın işləmədiyi (tam və ya qismən-elektron hissə) və olmadığı dövr üçün qanunvericiliyə uyğun hesablanmış, iddiaçı isə həmin məbləğin nə üçün qanunsuz olduğu ilə bağlı hər hansı dəlil göstərməmişdir.

45. İş materiallarında olan aktlara nəzər yetirdikdə isə görünür ki, iddiaçı və nümayəndəsi yalnız təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyul 2021ci il tarixli ******* nömrəli, 31 avqust 2021-ci il tarixli ******* nömrəli və 28 may 2022-ci il tarixli ******* nömrəli aktlara imza etməkdən imtina etmiş, sayğacın işləmədiyi və ya olmadığı müddətdə qazın hesablanması haqqında aktlara imza etmişlər. Həmçinin abonentin saldosundan aydın olur ki, iddiaçı məhz təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən hesablanmış borcun ödənilməsindən yayınmağa çalışmış, həmin aktlara əsasən hesablanmış məbləğlərə uyğun ödənilməmiş borc saxlamışdır.

46. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

47. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

48. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

49. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

50. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

51. Məhkəmə qeyd edir ki, iddiaçı sayğacın işləmədiyi və ya olmadığı müddətdə qazın hesablanması haqqında aktlara əsasən hesablanmış borc məbləğinin ödənilməsini xahiş etmişdir. Lakin işin müəyyən olunan hallarından iddiaçının və nümayəndəsinin sayğacın işləmədiyi və ya olmadığı müddətdə qazın hesablanması haqqında aktlara imza etdiyi, borc məbləğini ödədiyi və uzun müddət mübahisələndirmədiyi görünür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq qəbul etdiyi borclarını məhkəmə icratında mübahisələndirmişdir.

52. Belə olan halda məhkəmə iddia tələbinin sayğacın işləməməsi (elektron göstəricinin) və sayğacın olmadığı (qaz sərfinin tamamilə qeydə alınmadığı) əsası ilə hesablanan borclara (artıq ödənilmiş məbləğə) münasibətdə təmin edilməməsi qənaətinə gəlir.

b) Məhkəmə xərcləri ilə bağlı

53. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 310 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İB-dən 116 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00096 nömrəli abonent koduna hesablanmış 26042,9 manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 1204,1 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar