Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2319/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndələri Heydarı Alı, vəkil X3 və cavabdeh “X18 Azərbaycan” QSCnin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X18 Azərbaycan” QSC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X7” MMC) qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 AG şirkəti tərəfindən təklif edilən 17.03.2017-ci il buraxılışlı “Mersedes Benz PKW” E 220 AMG line markalı, selenitqray metallik rəngli avtomobili almaq üçün göndərdiyi və Bank tərəfindən səhv göndərilmiş 32990,01 avro məbləğində pulun və 6 aydan artıq müddətdə ona vurulmuş sonsuz mənəvi sarsıntılara görə 5000 avro olmaqla cəmi 37990,01 avro məbləğdə pulun kompensasiya kimi iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o hüquai şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə Bakıda istilik sistemlərinin xaricdən gətirilib satılması ilə məşğul olur. Məşğul olduğu sahibkarlıq fəaliyyəti ilə əlaqədar Almaniyanın “Mobil D” saytına girərək, orada satılan Mersedes markalı avtomobillərlə maraqlandı və X8 AG şirkəti tərəfindən təklif edilən 17.03.2017-ci il buraxılışlı “Mersedes Benz PKW” E 220 AMG line markalı, selenitqray metallik rəngli avtomobili təklif olunan qiymətə almaq qərarına gəldi. 25.09.2020-ci il tarixdə həmin avtomobili almaq məqsədi ilə X8 AG şirkətinin İBAN GB61TSBS**********5588 hesab nömrəsinə 32990,01 euro vəsaiti X16 X14 filialından köçürmüşdür. Lakin sonradan avtomobilin göndərilməsi ilə maraqlandıqda məlum olmuşdur ki, göndərdiyi qeyd olunan pul vəsaiti X8 AG şirkətinin deyil, X12 AG şirkətinin hesabına daxil olmuşdur. Cavabdeh bankın təşəbbüsü ilə ad düzəlişi ilə əlaqədar pul hesaba oturmadığı üçün 06.10.2020-ci il tarixdə ad düzəlişi etmişlər, lakin məlum olmuşdur ki, həmin vəsait 28.09.2020-ci il tarixdə X12 AG şirkətinin hesabına daxil olmuşdur. O X8 AG şirkətindən avtomobil almaq istədiyini bildirdiyi halda, cavadeh bank tərəfindən vəsaitin bank sənədində qeyd edildiyi kimi guya X12 AG şirkətinin hesabına göndərilmişdir. O qeyd olunan vəsaiti avtomobil almaq üçün göndərəkən cavabdeh banka bildirmişdir ki, göstərilən hesab Mersedes Benz AG şirkətinin hesabıdırsa, pul köçürülsün. Bankda isə ona bildiriblər ki, hesab Mersedes Benz AG şirkətinin hesabıdır və Mersedeslə əlaqədar hər hansı bir problemin olmayacağına inanaraq və həmin hesabın Mersedes Benz AG şirkətinin hesabı olduğunu cavabdeh bank da bildirdikdən sonra pulu avtomibil almaq üçün ğödərmişdir. Bank tərəfindən ona verilmiş ödəniş sənədində vəsaitin X5 AG şirkətinin hesabına oturduğu göstərilmişdir. Lakin almaq istədiyi avtomobil göndərilmədiyi üçün maraqlandıqda məlum olmuşdur ki, həmin vəsait ümumiyyətlə Mersedes Benz AG şirkətinin hesabına daxil olmamışdır. Buradan da görünür ki, həmin vəsait cavabdeh bankın təqsiri üzündən aidiyyəti üzrə göndərilməmişdir. O həmin pul vəsaitinin geri qaytarılması üçün həm yazılı şəkildə həm də dəfələrlə şifahi şəkildə cavabdeh banka müraciət etmiş, lakin indiyə qədər səhv ünvana göndərilmiş pul vəsaitim geri qaytarılmamışdır və həmin ərizələri ilə əlaqədar yalnız 26.01 2021-ci il tarixli məktubla ona cavab veilmişdir və məktubda göstərilmişdir ki, vəsaitin geri qaytarılması üçün müxbir bank vasitəsilə qarşı banka araşdırma açılmış və nəticəsi gözlənməkdədir və nəticəsi barədə qarşı bankdan soruşulsa da, nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. İngiltərənin TSB Bankına nümayəndə göndərərək, cavabdeh bankın iştirakı olmadan, səhv köçürülmüş pulunu geri almağa cəhd etmiş. Orada isə nümayəndəyə bildirmişlər ki, “həmin məbləğ yalnız pulu köçürmüş Bank vasitəsilə geri alına bilər. Başqa cür pulun geri qaytarılması variantı yoxdur.” Bundan başqa, nümayəndəsi vasitəsilə X5 AG şirkətinə göndərərək İBAN GB61TSBS**********5588 hesab nömrəsinin bu şirkətə aid olub-olmadığını araşdırdıqda oradan bildimişlər ki, X5 AG şirkətinin belə hesab nömrəsi yoxdur. Yuxarıda qeyd etdiyi kimi cavabdeh banka səhv göndərilmiş xarici valyutanın geri qaytarılması xahişi ilə dəfələrlə rəsmi şəkildə və şifahi qaydada müraciət etsə də, bu günə kimi onun haqlı və qanuni tələbi təmin edilməmişdir. Ona gələn sənədlərdə “Mersedes” avtomobili almaq üçün ödədiyi pulun Londonun “Mersedes Benz AG” şirkətinin hesabına daxil olduğu göstərilsə də, həmin şirkətə göndərdiyi nümayəndəsinə Londonun “Mersedes Benz AG” şirkətinin İBAN GB61TSBS**********5588 hesab nömrəsinin mövcud olmadığını bildirmişlər. Buradan isə görünür ki, onun “Mersedes” avtomobili almaq üçün ödədiyi pul hətta Londonun da “Mersedes Benz AG” şirkətinin hesabına daxil olmamışdır. Bu isə cavabdeh bankın kobud səhvi deməkdir, belə ki, külli miqdarda pulu göndərməmişdən əvvəl həmin şirkətin məlumatlarını dəqiqləşdirməyə borclu idi. Cavabdeh “X18 Azərbaycan” QSC iddiaya etiraz verərək, bildirmişdir ki, banklarının sahibkar fiziki şəxs müştərisi olan İddiaçı 25.09.2020-ci il tarixində banklarına yaxınlaşaraq xarici ölkədən avtomobil almaq istədiyini və alacağı avtomobilin ödənişini banklarındakı avro hesabından köçürmək istədiyini bildirmişdir. Müştəri bu köçürməni həyata keçirmək üçün ödəmə məlumatlarını özündə əks etdirən ödəniş tapşırığını (müştəri İddiaçı tərəfindən imzalanmış), qarşı tərəfdən müştərinin adına yazılmış olan proforma invoice (müştəri İddiaçı tərəfindən imzalanmış) və sifariş formunu (müştəri İddiaçı tərəfindən imzalanmış) Banka təqdim etmişdir. Bu köçürmə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarf’nm 4.3.1 və 4.3.1.3-cü maddələrinə uyğun olaraq bankları tərəfindən müştərinin imzaladığı ödəniş tapşırığına əsasən alıcı bank İngiltərənin “TSB Bank”ı və alıcı müştəri “Mercedes Benz AG Branch in Nurenberg” şirkəti olmaqla icra edilmişdir. 29.09.2020-ci il tarixində banklarına müxbir bankdan sorğu gəlmişdir ki, alıcı adında uyğunsuzluq var. Gələn bu sorğu əsasında müştəriləri İddiaçı məlumat verilmişdir. 06.10.2020-ci il tarixində İddiaçı verdikləri məlumatdan sonra banklarına köçürmə ilə bağlı düzəliş ərizəsi təqdim etmiş və düzəliş ərizəsində alıcı müştərinin adını “Mercedes Benz AG” olaraq dəyişdirilməsini xahiş etmişdir. 06.10.2020-ci il tarixində bankları tərəfindən müştərinin düzəliş ərizəsinə əsasən MT 199 swift mesaji göndərilmişdir. 13.10.2020-ci il tarixində müxbir banklarından gələn MT 199 swift mesajında (alici bank (TSBSGB2AXXX) cavabına istinadən) vəsaitin alıcı tərəfin hesabına keçdiyi qeyd edilmişdir. 13.10.2020-ci il tarixində İddiaçı banklarından köçürdüyü vəsaitin geri qaytarılması ilə bağlı ərizə təqdim etmişdir. 15.10.2020-ci il tarixində bankları tərəfindən vəsaitin geri tələbi ilə bağlı MT 199 swift mesajı göndərilmişdir. 21.10.2020-ci il tarixində İddiaçı banklarına yaxınlaşaraq özü də, ərizəsində bildirmişdir ki, qarşı tərəfdən aldığı məlumata görə köçürmə ərizəsində təqdim etdiyi iban nömrəsi (alıcı hesab nömrəsi) saxtalaşdırılmış iban nömrəsidir və bu səbəbdən də vəsaiti geri tələbi ilə bağlı təkrar ərizə təqdim etmişdir. 22.10.2020-ci il tarixində bankları tərəfindən vəsaitin geri tələbi ilə bağlı MT 199 swift mesajı göndərilmişdir. Müştərilərinin 21.10.2020-ci il tarixli ərizəsindən sonra Bankları tərəfindən vəsaitin geri qaytarılması tələbi ilə bağlı müxbir banka, vasitəçi banka və birbaşa olaraq alıcı banka dəfələrlə müvafiq sorğu göndərilmişdir. Lakin qarşı banklar vəsaitin alıcının mesajda göstərilən rekvizitlərə mədaxil olunduğunu bildirərək vəsaiti geri qaytarmamışlar. Ən son 19.01.2021-ci il tarixində alıcı bankdan aldıqları məlumata əsasən Bank daxili müvafiq bölüm əməkdaşlarının bu işlə məşğul olduğunu və onlara cavab verəcəkləri bilgisi alınmışdır. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, nümayəndəsi vasitəsi ilə araşdırma apararkən məlum oldu ki, köçürmə ərizəsindəki iban nömrəsi heç alıcı şirkətə aid deyilmiş. Bank köçürməni edərkən pulun göndərildiyi şirkətin məlumatlarını dəqiqləşdirməli idi. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı iddiası tamamıilə əsassızdır. Belə ki, müştərinin sifariş etdiyi avtomobilin İddiaçı göndərilməməsi və ya vəsaitin geri qaytarılmaması Banklarının səhvi ucbatından yaranmamışdır. Bir daha qeyd etmək istəyirlər ki, İddiaçı tərəfindən imzalanmış ödəniş tapşırığı və təqdim etdiyi proforma-invoice əsasında ölkə xaricinə köçürmə həyata keçirilmişdir. Vəsait müştərinin ödəniş tapşırığındakı göstərdiyi ünvana köçürülmüş və alıcı hesaba çatdırılmışdır. Bununla bağlı müvafiq sənədlər İddiaçı təqdim edilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, Bank müştərinin təqdim etdiyi ödəniş tapşırığındakı qarşı tərəfin rekvizitlərin yoxlanılmasında yükümlü deyil və bu məlumatlar bank sirrinə aid edildiyindən yoxlanması mümkün deyildir. Beləliklə, Bankın “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” çərçivəsində hərəkət etməsini və iddia ərizəsində qeyd edilənlərin əsassız və qanunsuz olmasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi və iddia tələbinin rədd edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Heydarı Alı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, avtomobili almaq üçün sahibi ilə elektron yazışmanın olduğunu, qiymətlə bağlı razılıq əldə ediləndən sonra elektron poçt vasitəsi ilə satıcı tərəfindən göndərilən və alman dilində tərtib edilmiş bank hesabını və digər rekvizitləri əks etdirən sənəd “X18 Azərbaycan” QSC-yə təqdim edilmiş, lakin sözügedən sənəd alman dilində olduğundan geri qaytarılmış və ingilis dilində tərtib edilmiş sənədin təqdim edilməsi xahiş edilmişdir. Bank hesabını və digər rekvizitləri əks etdirən ingilis dilində olan sənədi əldə etmək məqsədi ilə avtomobil sahibinə elektron poçt vasitəsi ilə bir daha müraciət edilmiş və sonuncunun elektron poçtla göndərdiyi sənəd banka təqdim edilmişdir. Həmin sənəddə göstərilən hesaba pul köçürülsə də, bankın dediyinə görə avtomobil satıcının ünvanı səhv olduğundan pul hesaba oturmamış, daha sonra bankın təklifi ilə avtomobil satıcısının ünvanı “Mercedes Benz AG Branch in Nurenberg” kimi deyil, “Mercedes Benz AG” ünvanı göstəriləndən sonra, pul hesaba köçürülmüş, lakin avtomobil satıcısı ilə bir neçə gün ərzində əlaqə saxlasa da, sonuncu pulun hesaba oturulmadığını bildirmişdir. İngilis dilində tərtib olunan bank hesabını və digər rekvizitləri əks etdirən sənədlə bağlı müəyyən şübhələr olduğuna görə avtomobilin satıcısı ilə elektron yazışmaları yoxlamaq üçün dəvət edilmiş İT (informasiya texnologiyaları) mütəxəssisi məhz ingilis dilində tərtib olunan bank hesabını və digər rekvizitləri əks etdirən sənədin avtomobil satıcısının elektron poçt ünvandan istifadə etməklə başqa bir elektron ünvandan göndərildiyini bildirmiş, həmçinin pulun köçürüldüyü bankın (TSB Bank) Almaniyada deyil, İngiltərədə yerləşdiyi onlara məlum olmuşdur. Onlar dəfələrlə banka düzgün göndərilməyən pulların qaytarılması üçün müraciət etsələr də, cavabdeh bununla bağlı heç bir tədbir görmədiyinə görə iddia tələbinin əsaslı olduğundan təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “X18 Azərbaycan” QSC-nin nümayəndəsi X11 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, ingilis dilində tərtib edilmiş bank hesabını və digər rekvizitləri əks etdirən sənəd iddiaçı tərəfindən təqdim edilmiş, bank isə sadəcə olaraq iddiaçının təqdim etdiyi sənəddə əks etdirilən bank hesabına pul köçürməklə xidmət göstərmiş, lakin “Mercedes Benz AG Branch in Nurenberg” ünvanına pulun köçürülməsi mümkün olmamış və bu haqda İddiaçı məlumatlandırılmış və sonuncunun təklifi (ərizə işə əlavə edilib) ilə pul alanın ünvanı “Mercedes Benz AG” göstəriləndən sonra, pul hesaba köçürülmüşdür. Lakin sonradan müştəri banka müraciət edərək, pulun səhv bir hesaba köçürüldüyünü bildirərək pulun geri qaytarılmasını xahiş etmişdir. Bank tərəfindən vəsaitin geri tələbi ilə bağlı bir neçə dəfə müxbir banka, vasitəçi banka və birbaşa olaraq alıcı banka dəfələrlə müvafiq sorğu göndərilmişdir. Lakin qarşı banklar vəsaitin alıcının mesajda göstərilən rekvizitlərə mədaxil olunduğunu bildirərək vəsaiti geri qaytarmamışlar. Bank pulun köçürülməsində heç bir səhvə yol vermədiyindən, həmçinin yalnız pulun köçürülməsi ilə bağlı xidmət göstərdiyindən və pulun qaytarılması üçün mümkün olan tədbirlər gördüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15.09.2020-ci il tarixli Mercedes-Benz Nuremberg branch company tərəfindən İddiaçı göndərilmiş ingilis dilində tərtib edilmiş (əsli ilə düzdür sözləri qeyd edilmiş) sənədin surətindən görünür ki, 32990,01 euro məbləğində pul vəsaitinin TSB Banka (İBAN: GB61TSBS**********5588, BİC: TSBSGB2AXXX) köçürülməsi qeyd edilmişdir. 25.09.2020-ci il tarixli, 0036 nömrəli (əsli ilə düzdür sözləri qeyd edilmiş) köçürmə ərizəsinin surətindən görünür ki, (ödənişi verən müştəri) İddiaçı tərəfindən 32990,01 avro məbləğində pul vəsaiti “X18 Azərbaycan” vasitəsilə “Mercedes-Benz AG X17in bank hesabına (TSB Banka) köçürülmüşdür. 06.10.2020-ci il tarixli (əsli ilə düzdür sözləri qeyd edilmiş) ərizənin surətindən görünür ki, İddiaçı “X18 Azərbaycan” QSC-nin X2 müraciət edərək, 25.09.2020-ci il tarixində AZ37KABA******************** EUR hesabından Mercedes Benz AG X17 firmasına göndərdikləri 32990,01 euro məbləğində pul vəsaitinin alıcı adında Mercedes Benz AG kimi düzəliş edilməsində köməklik göstərilməsini xahiş etmişdir. 13.10.2020-ci il tarixli (əsli ilə düzdür sözləri qeyd edilmiş) ərizənin surətindən görünür ki, İddiaçı “X18 Azərbaycan” QSC-nin X2 müraciət edərək, 25.09.2020-ci il tarixində AZ37KABA******************** EUR hesabından Mercedes Benz AG firmasına göndərdikləri 32990,01 euro məbləğində pul vəsaitinin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. 21.10.2020-ci il tarixli (əsli ilə düzdür sözləri qeyd edilmiş) ərizənin surətindən görünür ki, İddiaçı “X18 Azərbaycan” QSC-nin rəhbərliyinə müraciət edərək, 25.09.2020-ci il tarixində X9 AG şirkətinə maşın almaq məqsədi ilə 32990,01 euro vəsaiti İBAN GB61TSBS**********5588 hesab nömrəsinə X13 X14 filialından köçürmüş, lakin həmin İBAN nömrəsi saxtalaşdırılmış İBAN nömrəsi olduğundan 28.09.2020-ci il tarixində qarşı tərəfin hesabına mədaxil edilmiş həmin vəsaitin geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. 973.3-cü maddəsinə əsasən ödəniş tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir. 974.1-ci maddəsinə əsasən ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. 976.1-ci maddəsinə əsasən müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. 976.2-ci maddəsinə əsasən tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər. 976.3-cü maddəsinə əsasən əgər bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması pul vəsaitinin qanunsuz tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Banklar haqqında Azərbaycan Respublikasının Qanunun: 38.1-ci maddəsinə əsasən banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. 38.2-ci maddəsinə əsasən banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının: 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X6 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). 4.3.1.3-ci bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. 4.3.1.5-ci bəndinə əsasən idxal müqaviləsi üçüncü şəxsin xeyrinə bağlandıqda, malın (xidmətin) dəyəri idxal müqaviləsinin şərtlərinə uyğun olaraq malı (xidməti) alan üçüncü şəxs və/və ya müqaviləni bağlayan şəxs tərəfindən ödənilə bilər. Belə ödənişlər müvafiq müqavilə və malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətin göstərilməsini təsdiq edən sənəd) bu Qaydaların 4.3.1.1-ci və 4.3.1.2-ci yarımbəndinə müvafiq qaydada təqdim edilməklə icra olunur. Belə əməliyyatların həyata keçirilməsi zamanı qabaqcadan ödənişin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur. Məhkəmə ilk öncə qeyd edir ki, işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, iddiaçı Heydəri X1 Mersedes Benz AG şirkəti tərəfindən təklif edilən 17.03.2017-ci il buraxılışlı “Mersedes Benz PKW” E 220 AMG line markalı, selenitqray metallik rəngli avtomobili təklif olunan qiymətə almaq üçün 32990,01 euro məbləğində vəsaiti “X18 Azərbaycan” QSC vasitəsilə “Mercedes-Benz AG” (İBAN GB61TSBS**********5588) hesab nömrəsinə (TSB Banka) köçürmüşdür. Məhkəmə hesab edir ki, 32990,01 euro məbləğində vəsait “Mercedes-Benz AG” ünvanına (İBAN GB61TSBS**********5588) hesab nömrəsinə (TSB Banka) köçürülməsi “X18 Azərbaycan” QSC-nin təqsiri ucbatından olmamışdır. Belə ki, həm tərəflərin izahatları, həm işin faktiki halları, qanunvericiliyin normaları və iş materiallarına əlavə edilmiş sənədlər məcmu halda qiymətləndirilərkən müəyyən olunur ki, “X18 Azərbaycan” QSC İddiaçı tərəfindən banka təqdim olunan köçürmə ərizəsi üzrə 32990,01 avro məbləğində pul vəsaitini “Mercedes-Benz AG” TSB Bankda olan (İBAN GB61TSBS**********5588) hesabına köçürmüşdür. Lakin sonradan müəyyən edilmişdir ki, bank hesabını və digər rekvizitləri əks etdirən sənəd avtomobil satıcısının elektron poçt ünvanından istifadə etməklə başqa bir elektron ünvandan göndərilmiş, yəni avtomobil satıcısının elektron poçt ünvanına “haker”in müdaxiləsi nəticəsində saxta bir bank hesabı əks etdirən sənəd iddiaçının elektron poçt ünvanına göndərilmiş və sonuncu məhz həmin sənədi banka təqdim etdiyinə görə pul sözügüdən hesaba, əvvəl “Mercedes Benz AG Branch in Nurenberg” daha sonra iddiaçının təklifi ilə “Mercedes-Benz AG” ünvana köçürülmüşdür. Göründüyü kimi bank pul köçürülməsi ilə bağlı xidmət göstərmiş və bank hesabı və ünvanı ilə bağlı hərf və rəqəm səhvlərinə yol verməmiş, hətta pulun qaytarılması ilə bağlı müvafiq tədbirlər görmüş, lakin onlardan asılı olmayan səbəblərdən pulu geri qaytara bilməmişlər. Göründüyü kimi iddiaçının vəsaitini köçürən “X18 Azərbaycan” QSC mülki hüquq pozuntusuna yol verməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X18 Azərbaycan” QSC-yə qarşı X8 AG şirkəti tərəfindən təklif edilən 17.03.2017-ci il buraxılışlı “Mersedes Benz PKW” E 220 AMG line markalı, selenitqray metallik rəngli avtomobili almaq üçün göndərdiyi və Bank tərəfindən səhv göndərilmiş 32990,01 avro məbləğində pulun və 6 aydan artıq müddətdə ona vurulmuş sonsuz mənəvi sarsıntılara görə 5000 avro olmaqla cəmi 37990,01 avro məbləğdə pulun kompensasiya kimi iddiaçıya ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh “X18 Azərbaycan” QSC-yə qarşı X8 AG şirkəti tərəfindən təklif edilən 17.03.2017-ci il buraxılışlı “Mersedes Benz PKW” E 220 AMG line markalı, selenitqray metallik rəngli avtomobili almaq üçün göndərdiyi və Bank tərəfindən səhv göndərilmiş 32990,01 avro məbləğində pulun və 6 aydan artıq müddətdə ona vurulmuş sonsuz mənəvi sarsıntılara görə 5000 avro olmaqla cəmi 37990,01 avro məbləğdə pulun kompensasiya kimi ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2319/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2319/2021
17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver