Məhkəmə qərarları › İş №e-2-2(113)-2319/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2319/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2319/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit borcunun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi borcu 20.600,71 manat, bundan 8.509,32 manat əsas, 6.261,95 manat faiz, 4.630,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.198,88 manat faiz borcu və iş üzrə ödənilmiş 151,8 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə vəsaitinin artırılması məqsədi ilə 12 (on iki) ay müddətinə illik 17% olmaqla 14.200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2 və Cavabdeh3ilə Bank arasında 130015938/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 001 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8158.03 (səkkiz min yüz əlli səkkiz dollar, 03 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişlərə əsasən kredit Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş (1 USD=1.42 AZN) 11377.05 (on bir min üç yüz yetmiş yeddi manat, 05 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 18 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********431 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

3. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445, 445.2.1-445.2.2 və s. maddələrini göstərmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin tutulmasıni gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya 12 (on iki) ay müddətinə illik 17 (on yeddi) faiz olmaqla 14.200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edlmiş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 10 avqust 2015-ci il tarixli 130015938/ZM saylı Zaminlik müqaviləsi bağlanmışdır.

11. Bankla Cavabdeh1 arasında 10 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 001 nömrəli və xx.xx.2017-ci il tarixdə 01 nömrəli əlavə sazişlər imzalanmışdır.

12. 10 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə sazişə Əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 8.158,3 (səkkiz min yüz əlli səkkiz dollar 3 sent) ABŞ dolları təşkil etmiş, kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Əlavə Sazişin 1.3-cü bəndinə əsasən kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilir.

13. 10 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 001 nömrəli Əlavə sazişə Əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,42 AZN) 11.377,05 (on bir min üç yüz yetmiş yeddi manat beş qəpik) AZN təşkil etmiş, restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əlavə Sazişin 1.2-ci bəndində əsasən restrukturizasiya edilmiş kredit üzrə borclalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 faiz ödənilir.

14. Bundan əlavə Bankla Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında 10 avqust 2015-ci il tarixli 130015938/ZM saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 001 saylı və xx.xx.2017-ci il tarixli əlavə sazişlər imzalanmışdır.

15. Kredit müqaviləsi, zaminlik müqaviləsi və əlavə sazişlər bankın imzası və möhürü, borcalan və zaminin imzaları ilə təsdiq olunmuşdur.

16. İddiaçı tərəf cavabdehin borcunun qaldığını bildirərək, pulun tutulmasını xahiş edir.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

19. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh1 kredit verilmişdir.

21. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən o nəticəyə gəlinir ki, Cavabdeh1 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

22. Məhkəmə tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə (xx.xx.2017-ci il tarixli əlavə saziş nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas və faiz borcu və hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4144 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 LP İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 8.508,73 manat, faiz borcu 4.720,15 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 8.508,73 manat, faiz borcu 4.720,15 manat, 5% ilə faiz borcu 1.182,95 manat təşkil edir.

24. Cavabdeh məhkəmənin hazırlıq iclasında məhkəməyə izahat verərək kredit müqaviləsinin imzalandığını və kredit vəsaitinin götürdüyünü mübahisələndirmədiyini, ekspert rəyində əks olunan əsas və faiz borcu ilə razı olduğunu, cərimə borcunun artıq hesablandığını bildirmişdir.

25. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh1 Bankın xeyrinə Əsas borc üzrə 8.508 (səkkiz min beş yüz səkkiz) manat 73 (yetmiş üç) qəpik, faiz borcu üzrə 4.720 (dörd min yeddi yüz iyirmi) manat, əsas borca illik 5 faiz hesablanmaqla 1.198 (bir min yüz doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul tutulmalıdır.

26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

27. Hazırkı işin hallarından görünür ki, cavabdehin 8.509,32 manat əsas borcuna münasibətdə iddiaçı 4.630,56 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, iddia digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilə bilməz.

29. Belə ki, işdən də, göründüyü kimi, kredit müqaviləsinin müddəti artıq xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı tərəf isə mediasiya təklifini xx.xx.2023-cü tarixdə göndərmişdir. Göründüyü kimi, Bank əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

30. Məhkəmə 151,8 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

31. İşə əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 151,8 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

32. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 134,43 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Əsas borc üzrə 8.508 (səkkiz min beş yüz səkkiz) manat 73 (yetmiş üç) qəpik, faiz borcu üzrə 4.720 (dörd min yeddi yüz iyirmi) manat 15 (on beş) qəpik, cərimə borcu üzrə 400 (dörd yüz) manat olmaqla, cəmi 13.628 (on üç min altı yüz iyirmi səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 1.198 (bir min yüz doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 134 (bir yüz otuz dörd) manat 43 (qırx üç) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar