Məhkəmə qərarları › İş №e-2-2(113)-2319/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2319/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2319/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada əsas məbləğ borcu 4.986,26 manat, əsas məbləğə hesablanmış faiz borcu 561,19 manat, cərimə borcu 370,13 manat, cəmi borc 5.917,58 manat məbləğində kredit borcunun, dövlət rüsumu ilə bağlı ödənilmiş 79,18 manat məbləğində "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyun 2023-cü ildə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 373984 nömrəli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan "xxxx" MMC-yə 12 iyun 2043-cü il tarixədək (20 il müddətində) 5.000.00 (beş min) manat məbləğində kredit kartı limiti (kredit xətti) açır. “Kart\əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə edilmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Bununla yanaşı bоrcalanın 12 iyun 2023-cü il tarixli, 373984 nömrəli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh2 ilə 12 iyun 2023-cü il tarixli 373984/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də "xxxx" MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-ə оlan bоrclarını ödəməmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X2 Azərbaycan” QSC (bank, borcverən) ilə Cavabdeh1 MMC (kart sahibi, borc alan) arasında xx.xx.2023-cü il tarixli, 373984 saylı Worldcard Business Kredit Kartı müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən kart sahibi kart hesabı/hesablarına bağlı olan bütün kartların, kart nömrə və gizli şifrələrin istifadəsindən yaranmış və yarana biləcək bütün borlarına görə məsuliyyət daşıyır.

11. Müqavilənin 13.5.1-ci bəndinə əsasən nağd pul vəsaitinin alınması/çıxarılması faizi illik 28% təşkil edir.

12. Müqavilənin 13.5.3-cü bəndinə əsasən alqı-satqı faizi hesab çıxarışında göstərilən dövr borcunun hamısını son ödəniş tarixinədək tam ödəməyərək kreditləşdirilmə seçildiyi təqdirdə, nağd pul vəsaitinin alınmasına/çıxarılmasına aid edilməyən xərclər üçün hesab fakturası tarixindən etibarən dövr borc balansı üzərinə gündəlik olaraq tətbiq edilməklə illik 28% təşkil edir.

13. Müqavilənin 13.5.6-cı bəndinə əsasən kart istifadəsindən yaranan borclara mürəkkəb faiz tətbiq edilmir. Gecikmə/cərimə faizi illik 42% təşkil edir.

14. Müqavilənin 25-ci bəndinə əsasən müqaviləyə əsasən bank 20 il müddətinə 5.000 manat məbləğində kart sahibinə kredit kartı limitini açır. Kart sahibi isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı öhdəsinə götürür.

15. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli 373984/1 saylı zaminlik müqaviləsi bağlanmışdır.

16. Kredit və zaminlik müqaviləsi tərəflərin imzaları, hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

20. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

22. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Belə ki, bankla Cavabdeh1 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə bank tərəfindən nəzərdə tutulmuş 5.000 manat məbləğində kredit limiti açılmışdır. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

24. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən xx.xx.2023cü il tarixli Worldcard Business Kredit Kartı müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2025ci il tarixə əsas borcu 4.986,26 manat, faiz borcu 561,19 manat müəyyən olumuşdur.

25. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

26. Yalnız Cavabdeh2 məhkəməyə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət göndərməklə kifayətlənmişdir.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.986,26 manat, faiz borcu üzrə 561,19 manat məbləğində pul Ramoil Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 250 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

31. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,18 manat məbləğində pulun tələb olunması ilə bağlı Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 77,97 manat təşkil edir.

32. Odur ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,97 manat məbləğində pul Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

33. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 373984 saylı kredit kartı müqaviləsinə əsasən əsas borc üzrə 4.986 (dörd min doqquz yüz səksən altı) manat, 26 (iyirmi altı) qəpik faiz borcu üzrə 561 (beş yüz altmış bir) manat, 19 (on doqquz) qəpik, cərimə borcu üzrə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 5.797 (beş min yeddi yüz doxsan yeddi) manat, 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar