Məhkəmə qərarları › İş №e-2-2(113)-232/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-232/2023

11.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-232/2023 11.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçı X4 oğlunun iştirakı ilə, iddiaçı X4 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt ilə əsassız olaraq hesablanmış 1080 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus və onun xüsusi mülkiyyətindədir. Sözügedən ünvanda yerləşən ona məxsus olan qeyriyaşayış sahəsinin istehlakçı hesabına əsassız borc hesablanmışdır. Belə ki, Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış sahəsində istifadəsində olan qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1802AZ**********29 nömrəli öncədən ödənişli (smart kart tipli) qaz sayğacında nasazlıq yaranmışdır və həmin nasazlıq yarandığı üçün xx.xx.2021-ci il tarixdə Sumqayıt qaz istismar sahəsinin nümayəndələri tərəfindən sayğac G-4 markalı, ******* nömrəli yeni qaz sayğacı ilə əvəz edilmiş və sayğacların müayinəsi laboratoriyasına göndərilmişdir. Daha sonra ona Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında əvəzlənmiş qaz sayğacına baxış keçirilmiş və sayğacın hesablama mexanizminin işləmədiyi keçən qazın sərfini qeyd etmədiyi barədə rəy verilmişdir. Verilmiş rəyə əsasən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunaraq guya ki, itirilmiş qazın bərpası məqsədi ilə ona əsassız olaraq 1080 manat borc yazılmışdır. Qeyd edir ki, Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış sahəsində 2017-ci ildən qaz çəkilsə də, 2021-ci il tarixində istifadə etmək istəsələr də, sayğacda nasazlıq yaranmışdır. Sözügedən sayğacı digər G-4 markalı, ******* nömrəli yeni qaz sayğacı ilə əvəz edildikdə həmin dövrdə ümumiyyətlə qaz təminatı dayandırdığı üçün ümumiyyətlə qazdan istifadə olunmayıb. Bu səbəbdən qəbul edilən aktla razı deyil. Tərtib olunan akt əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə olaraq onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən ona təhvil verilməmişdir. Cavabdehnə və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləyən Agentliyinin Sumqayıt filialına pretenziya məktubu göndərərək borcun silinməsi barədə və ona tərtib olunan aktın təqdim olunmaması barədə bildirsə də, sözügedən məktubuna bu günədək heç bir cavab verilməmişdir. Daha sonra iddiaçı X2 ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X3 əsl iddiaçı X7 ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında X5 məxsus qeyri-yaşayış sahəsinin ərazisində quraşdırılmış qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “G-4 markalı 1802AZ**********29 №-li sayğacın klapanı sınıqdır, hesablayıcı mexanizmi işləmir, keçən qazın sərfini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu, ALARM-1 rejimi qeydə alınmayıb” yazılmışdır. Belə ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli Metrologiya Departamentinin rəyinə, ******* №-li, xx.xx.2022-ci il tarixli Akta və Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4m3x12 saatx90gün=4320m3x0.25 qəpik=1080 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaların 4.2ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu da onu göstərir ki, iddiaçı qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Tərəflərindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2018-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, 5-ci mkr ərazisində yerləşən (sifarişçi (istehlakçı) Əliyeva Zakirənin) qeyri-yaşayış sahəsində Smart kart tipli, G-4 markalı, 1802AZ**********29 nömrəli qaz sayğacı ilkin olaraq quraşdırılmışdır. Aktda “birləşmə nöqtəsində qaynaq olunmadığı üçün sızmanı yoxlamaq mümkün olmadı” qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli notariat qaydasında təsdiq olunmuş X2 Cavabdeh İB-yə etdiyi müraciətə (ərizəyə) əsasən müəyyən edilir ki, Z.Əliyeva Cavabdeh İB tərəfindən ona verilmiş abonent kodunun X4 adına açılmasına, onunla təbii qazın alqı-satqı müqaviləsinin bağlanmasına, hesaba dair məlumatları əldə etməsinə və öz VÖEN-indən istifadə etməsinə etiraz etmir. - Cavabdeh İB (Qaz paylayıcısı) ilə X7 (istehlakçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/3024 nömrəli Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələri icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən X5 məxsus qeyri-yaşayış sahəsində PQ adlı 1 ədəd qaz qurğusunun istifadə edilməsi müəyyən edilmişdir. Müqavilənin 4.4-cü maddəsinə görə obyektə G-4 markalı 1802AZ**********29 saylı qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və qaz paylayıcısının möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən (sifarişçi (istehlakçı) X4) qeyri-yaşayış sahəsində quraşdırılmış Smart kart tipli, G-4 markalı, 1802AZ**********29 nömrəli qaz sayğacı “müvəqqəti əvəzləmə” səbəbi ilə çıxarılmış, əvəzinə Elster tipli, G-4 markalı, ******* nömrəli olan qaz sayğacı quraşdırılmışdır. Aktda “(M-1 (38,00), M-2 (73,00)) sayğac qazı buraxmır, klapan hərəkətsizdir və sayğacın içərisində su aşkar olundu” qeyd edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman D/Y-yə göndərilmiş G4 markalı 1802AZ**********29 nömrəli qaz sayğacı rəyə əsasən klapanın sınıq olduğu, hesablama mexanizminin işləmədiyi, keçən qazı qeyd etmədiyini, Alarm 1 rejiminin qeydə alınmadığı aşkar edildiyindən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı (nümayəndəsi) Əliyev Rauf aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən akta əsasən, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Orxan Cabbarlı və Ələsgər Həsənov tərəflərindən abonent X7 (abonent kodu: **********00163) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 28 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 4320 m3 qazın dəyərində olması müəyyən edilmişdir. -“Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 01 mart 2022-ci il tarixli, MSK- 29/1640-02717-28 saylı aktdan görünür ki, G4 markalı smart-kart tipli qaz sayğacına xx.xx.2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın klapanının sınıq olduğu, ekranda açıq işarəsinin olduğu, sayğacın hesablama mexanizminin işləmədiyi, keçən qazın sərfinin qeyd etmədiyini, Alarm 1 rejiminin qeydə alınmadığı müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, X5 (abonent kodu: **********00163) qaz sərfiyyatına görə 2022-ci ilin fevral ayında akt əsasında 1080 manat məbləğində borc hesablanmış, abonentin həmin ayın sonuna 1083,25 manat borcu olmuş, 2022-ci ilin mart ayında 5 manat ödəniş edilmiş, həmin aya və 2022-ci ilin oktyabr ayına kimi abonentin 1078,25 manat borcu qalmışdır. - Cavabdeh İB-yə ünvanlanmış pretenziya məktubu ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız hesablanmış 1080 manat pul məbləğini 10 gün müddətində iddiaçının abunə hesabından silinməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddiaçı X4 iddiası qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 olan qeyri-yaşayış sahəsinin qaz sərfiyyatını qeydiyyata almaq üçün quraşdırılmış smart kart tipli qaz sayğacına baxış keçirilmiş və həmin sayğac nasazlığın mövcud olması – sayğacın qazı buraxmaması, sayğaca su yığılması, klapanın hərəkətsiz olması əsası ilə çıxarılaraq müvəqqəti sayğacla əvəzlənmiş, sonradan sayğac laboratoriya yoxlamasına göndərilərək laboratoriya rəyi ilə sayğacın klapanının sınıq olması, hesablama mexanizminin işləməməsi, keçən sərfiyyatı qeyd etməməsi müəyyən edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən abonentə sayğac tərəfindən qeydə alınmamış təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq 1080 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı R.Əliyev həmin borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı X4 mübahisələndirdiyi borc məbləği sayğacın yararsız olması ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin maddələrin məzmunundan göründüyü kimi istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda məsuliyyət daşıyırlar. Bundan başqa tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqavilədən də görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qaz sayğacının yararsız vəziyyətə düşməsinə (hazırkı halda sayğacın klapanının sınıq olması, ekranda açıq işarəsinin olması, sayğacın hesablama mexanizminin işləməməsi, keçən qazın sərfinin qeyd edilməməsinə) görə iddiaçı X4 məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarından isə görünür ki, Cavabdeh İB xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən və sayğac müvəqqəti sayğacla əvəzlənərkən sayğacın üzərinə vurulmuş möhürün toxunulmazlığının pozulması faktı aşkar edilməmişdir. Belə olan halda isə sayğacın kənar müdaxilə nəticəsində sıradan çıxması faktiki olaraq istisna edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, sayğacda yaranmış nasazlıq səbəbindən Cavabdeh İB-yə maddi zərər vurulması faktı, eləcə də dəyməsi ehtimal olunan zərərin məbləği də Cavabdeh İB tərəfindən sübuta yetirilməmişdir. Əksinə Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər sonuncuya maddi zərər vurulması (qaz itkisinin baş verməsi) faktının özünü də şübhə altına alır. Belə ki, qaz sayğacına yerində baxış nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qaz sayğacında aşkar olunmuş digər nasazlıqlarla yanaşı “sayğacın qazı buraxmaması” da qeyd edilmişdir. Göstərilən hal isə sayğacdan qazın qeydiyyata alınmadan keçməsini (və ümumiyyətlə keçməsi) və son nəticədə qaz itkisinin baş verməsini istisna edir. Bununla yanaşı “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, 1080 manat məbləğində borc məbləği cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmışdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 1080 manat məbləğində borcun 1,75 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir, odur ki, mübahisəli borcun hazırda mövcud olmayan sözügedən hissəsinin silinməsi mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçı X5 (abonent kodu **********00163) xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1078,25 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən iddiaçı X5 hesablanmış 1.078,25 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30,80 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı X5 (abonent kodu **********00163) xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1078,25 manat məbləğində borc silinsin. Mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar