Məhkəmə qərarları › İş №e-2-2(113)-232/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-232/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-232/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2021ci il tariхli, 106875-285700\2 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 5717.72 manat, əsas borca hеsablanmış faiz borcu- 582.56 manat olmaqla, cəmi - 6300.28 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 83,41 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 15 oktyabr 2021-ci il tariхli, 106875-285700/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 14 faiz dərəcəsi ilə 24 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzil 15 oktyabr 2021-ci il tariхli, 106875- 285700/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh1 arasında 15 oktyabr 2021-ci il tarixli 106875-285700/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” ARnın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli, 001/007/1169/2024 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X4 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “ipoteka predmetindən çıxarılma və ipoteka predmetinin boşaldılması” tələbinə dair hissəsində iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2021-ci il tariхli, 106875- 285700\1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə illik 14 faiz dərəcəsi ilə 24 ay müddətinə 200000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə krеdit vеrilmişdir.

10. Müqavilənin 1 saylı Əlavəsində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödəniş tarixləri öz əksini tapmışdır.

11. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 15 oktyabr 2021-ci il tariхli, 106875-285700\1 nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka 5717,72 manat əsas borc və 582,56 manat faiz borcu olmaqla, cəmi 6300,28 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 133 gün təşkil edir.

12. İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 106875-285700\1 nömrəli zaminlik müqaviləsinə görə Cavabdeh1 15 oktyabr 2021-ci il tariхli, 106875-285700\1 nömrəli krеdit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyət götürmüşdür.

13. İddiaçı (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 106875-285700/1 nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa görə, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzilə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa görə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 9/6855 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixli 106875-285700\1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan əsas borc 9369,13 manat, faiz borcu 109,31 manat, xx.xx.2024-cü il tarixə olan əsas borc və faiz borcu o manat, artıq ödəniş isə 122,92 manat təşkil edir.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, LP-146/2024 saylı rəyə görə, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzilin bazar qiyməti 200000 manat, likvid qiymət 181000 manat təşkil edir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10674 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli, 106875- 285700\1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş hesabdan çıxarış iş materiallarında öz əksini tapmışdır. Həmin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2022ci il tarixdə ödənilmiş 9605 manat məbləğində vəsaitin 4122,72 manatı və xx.xx.2022-ci il tarixdə ödənilmiş 9603 manat məbləğində vəsaitin isə 100,80 manatı dövlət büdcəsinə olan vergi borcu üzrə silinmişdir. Yəni göstərilən məbləğlərin 15 oktyabr 2021-ci il tarixli, 106875- 285700\1 nömrəli kredit müqaviləsi üzrə olan borc məbləğindən silinmədiyi müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatları, 15 oktyabr 2021-ci il tarixli, 106875- 285700\1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə İddiaçı ASC-ə xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) olan əsas borcu 14221,97 manat, faiz borcu 165,92 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 4788,42 manat, faiz borcu 242,08 manat təşkil edir.

19. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

24. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir

25. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

30. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

32. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

33. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

35. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 arasında 15 oktyabr 2021-ci il tariхli, 106875-285700\1 nömrəli kredit müqaviləsi bağlanmış, bank tərəfindən borcalana illik 14 faiz dərəcəsi ilə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 106875-285700\1 nömrəli zaminlik müqaviləsi bağlanmış, eləcə də Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.

36. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq borc məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış 4788,42 manat əsas borc, 242,08 manat faiz borcu cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

39. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya yaranmış 4788,42 manat əsas borc, 242,08 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməli, satışdan artıq qalan vəsait mülkiyyətçiyə qaytarılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 4788,42 manat əsas borc, 242,08 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m-dən ibarət 77 saylı mənzilə yönəldilməli, göstərilən əmlak açıq hərracdan ilkin satış qiyməti 181000 manat müəyyən edilməklə satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70,31 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 12,70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 4788,42 manat əsas borc, 242,08 manat faiz borcu, 70,31 manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı, ümumilikdə 5151,81 (beş min bir yüz əlli bir manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 144 kv.m olan 77 saylı mənzilə - ilkin satış qiyməti 181000 (bir yüz səksən bir min) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 5151,81 (beş min bir yüz əlli bir manat səksən bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 12,70 (on iki manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar