Məhkəmə qərarları › İş №e-2-2(113)-2321/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2321/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2321/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 150.000 manat məbləğində əsas bоrc,19.508.66 manat faiz borcu оlmaqla, cəmi 169.508,66 manat kredit borcunun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 150.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh3 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli və Cavabdeh1 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da kredit bоrcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddianın dəyişdirilməsinə dair ərizə təqdim edilərək, "xxxx" MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 dekabr 2020-ci il tarixli 108880- 949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə 01 dekabr 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 150.000 manat məbləğində əsas bоrc, 4.041,99 manat faiz borcu və 01 dekabr 2021-ci il taixdən 27 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 6.812,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 160.854.48 manat məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə1 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 01 dekabr 2020 il tariхdə, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 150.000 manat məbləğində krеdit vеrilmişdir. Qeyd edilən müqavilənin təminatı olaraq Bankla Cavabdeh3 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli və Cavabdeh1 arasında 01 dekabr 2020 il tariхli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsində qeyd edilmiş 150.000 manat məbləğində pul xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli X2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 dekabr 2020 il tariхli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə tələb hüquqlarını Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna güzəşt etmişdir. Qeyd edilən müqavilədə əsas borcun icra edilməmiş hissəsi 150.000, müqavilə üzrə icra edilməmiş faiz məbləği 3.908,66 manat, dəbbə pulu isə 23.066,67 manat müəyyən edilmişdir. Hazırda iddiaçı tərəf borcun ödənilmədiyini bildirərək, cavabdehlərdən iddianın dəyişdirilməsinə dair ərizədə qeyd edilmiş məbləğdə pulun tutulmasını xahiş edir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi həm də, iş üzrə zamin olan digər Cavabdeh3 əsas borc məbləği ilə razı olduğunu, faiz məbləğinin mühasiblərlə dəqiqləşdirməli olduğunu, pandemiya səbəbindən ödənişlərin edilə bilmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən "xxxx" MMC-yə 150.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bu halı məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 da təsdiq etmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4602 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) əsas borcu 150.000 manat, faiz borcu 11.933,33 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun yəni 150.000 manat borcun cavabdehlərdən müştərək qaydada tutulmasının tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. İddianın 4.041,99 manat faiz borcu borcunun tələb edilməsi hissəsində isə qismən əsaslıdır. Belə ki, hazırkı iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna tələb hüququ məhz Bankla bağlanmış olan xx.xx.2022-ci il tarixli X2 ilə keçmişdir, həmin müqavilədə isə Bank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna müqavilə üzrə yaranmış məhz 3.908,66 manat hissəsini güzəşt etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə üzrə faiz borcu olaraq 3.908,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddianın 01 dekabr 2021-ci il taixdən 27 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 6.812,49 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. İşdən görünür ki, Bankla "xxxx" MMC arasında bağlanmış olan kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia tələbini dəyişdirərək Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 6.812,49 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icrası təxmini 327 gün gecikdirilmişdir. İşin müəyyən olunmuş halının cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi təşkil etməsini də, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsaslı olmaqla 6.719 (150.000x5/100 =7500 (1 il üçün), 7500/365=20,54 (1 gün üçün) 20,54x327 gün=6.719,5 (327 gün)) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bank tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 59,51 manat məbləğində pul vəsaiti də, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa da, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin əvəzi olaraq 100 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 150.000 (yüz əlli min) manat və faiz borcu üzrə 3.908 (üç min doqquz yüz səkkiz) manat 66 (altmış altı) qəpik olmaqla, cəmi 153.908 (yüz əlli üç min doqquz yüz səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilsin. Əsas borca illik 5 % faiz hesablanmaqla 6.719 ( altı min yeddi yüz on doqquz) manat 50 (əlli) qəpik məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilsin. Mediasiya xərcinin olaraq 400 (altı yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti, Hacı-zadə X4 və Cavabdeh3 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar