Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2327/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Özdemir Leventə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Özdemir Leventə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Çinar Plaza” İş Mərkəzi) 9-cu mərtəbəsində sahəsi 112 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 aprel 2018-ci il tarixli, 284 №-li müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 07 mart 2019-cu il tarixli üçtərəfli razılaşma üzrə 31 mart 2019-cu il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 16,303.07 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 16,333.47 manat məbləğinin cavabdehlər Cavabdeh1 MMC və Özdemir Leventdən İddiaçı MMC-nin xeyrinə birgə qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh1 MMC (VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Çinar Plaza” İş Mərkəzi) 9-cu mərtəbəsində, sahəsi 112 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 aprel 2018- ci il tarixli, 284 №-li müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlak üçün aylıq icarə haqqı ƏDV xaric 2.300 manat məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.3-cü bəndinə əsasən İddiaçı ilə yazılı surətdə başqa razılaşma yoxdursa, Cavabdeh1 MMC icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet, habelə müqavilənin 3.2-ci bəndində göstərilən kommunal xidmətlər istisna olmaqla, binada və icarəyə verilən əmlakda təchiz olunan və Cavabdeh1 MMC-nin birbaşa və ya dolayısı ilə istifadə etdiyi və ya faydalandığı digər xidmətlərə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.5- ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 10 günü ərzində həyata keçirilərək, Cavabdeh1 MMC tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdeh1 MMC-yə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (21 noyabr 2018-ci il tarixli, FMG01/212 №-li və 22 fevral 2019-cu il tarixli, FMG01/19/046 №-li xəbərdarlıq məktubları göndərilmişdir) MMC tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdardaziyan vurulmuşdur. Borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə iddiaçı, Cavabdeh1 MMC və zamin qismində çıxış edən Cavabdeh1 MMC-nin həmtəsisçisi, Türkiyə Respublikasının vətəndaşı Özdemir Levent arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 07 mart 2019-cu il tarixli üçtərəfli razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar razılaşmanın imzalandığı tarixə (07.03.2019-cu il) yığılmış borc məbləğinin ƏDV daxil 16,301.54 manat təşkil etdiyi və Cavabdeh1 MMC tərəfindən müvafiq borc məbləğinin ödənişinin 12 mart 2019-cu il tarixinədək ƏDV daxil 5.428 manat, 2019-cu ilin aprel ayından başlayaraq isə ardıcıl gələn hər ayın ilk 10 günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.714 manat olmaqla, 2019-cu ilin iyul ayının sonunadək tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 2-ci bəndinə əsasən razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləğinin ödənilməsi “xxxx” MMC-ni icarə müqaviləsi üzrə aylıq icarə haqqının və digər ödənişlərin vaxtlı-vaxtında təmin edilməsinə dair öhdəliyin icrasından azad etmir və müvafiq ödənişlər borc məbləğinə əlavə olaraq hər ay həyata keçirilməlidir. Razılaşmanın 4-cü bəndinə əsasən Cavabdeh1 MMC borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün Cavabdeh1 MMC-yə bütün güzəştlər edilmiş və uzunmüddətli olsa belə, hissə-hissə ödəməklə cavabdehlərin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Razılaşmanın 5-ci bəndinə əsasən iddiaçı razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 6-cı və 7-ci bəndlərinə əsasən cavabdeh Özdemir Levent razılaşmanı imzalamaqla, Cavabdeh1 MMC-nin razılaşma və icarə müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür və Cavabdeh1 MMC razılaşmadan və ya icarə müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Özdemir Levent iddiaçı qarşısında Cavabdeh1 MMC-nin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 MMC Özdemir Leventin zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə cavabdehlər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Razılaşmanın 8-ci bəndinə uyğun olaraq Özdemir Levent Cavabdeh1 MMC-nin iddiaçı qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında iddiaçının bildirişini aldığı gündən 5 iş günü ərzində Cavabdeh1 MMC-nin iddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. Lakin cavabdehlər razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından da yayınmış və iddiaçının etibarını bir daha yanıltmışdır. Beləliklə, cavabdehlər tərəfindən borcun ödənilməsi üzrə razılaşma şərtlərinə də əməl olunmamış və iddiaçıya ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Bu səbəblə icarə müqaviləsinin 7.1-ci, 8.5.2-ci və 8.5.3-cü bəndlərinin müddəaları rəhbər tutularaq 31 mart 2019-cu il tarixində iddiaçının tələbi ilə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə müqaviləsinin 7.1-ci bəndinə əsasən Cavabdeh1 MMC ödəniş vaxtı çatmış icarə haqqını və ya müqavilədən irəli gələn digər ödənişləri ödəmədikdə, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 təqvim günü ərzində bu cür pozuntuları aradan qaldırmalıdır. Lakin Cavabdeh1 MMC çoxsaylı yazılı və şifahi bildirişlərə baxmayaraq, mövcud borcun ödənişini təmin etməmişdir. İcarə müqaviləsinin müvafiq olaraq 8.5.2-ci və 8.5.3-cü bəndlərinə əsasən iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün iki aylıq icarə haqqı məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilməsi iddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. İcarə müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi tələbi barədə iddiaçı tərəfindən göndərilmiş xitam və pretenziya bildirişində icarə müqaviləsinə xitam verilməsinin qanunvericiliyə, icarə müqaviləsinin və razılaşmanın müvafiq şərtlərinə əsasən cavabdehləri xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmədiyi bildirilmiş və xitam tarixinə yığılmış ümumilikdə ƏDV daxil 16,303.07 manat əsas borc məbləğinin həmin bildirişin verildiyi tarixdən etibarən 10 iş günü ərzində ödənilməsi tələbi təsbit edilmişdir. Əlavə olaraq, 13 may 2019-cu il tarixində Özdemir Leventə də razılaşma üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi və mövcud borcun ödənişinin təmin edilməsi haqqında FMG01/19/154 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edilərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, vurulmuş bütün zərərin əvəzinin ödənilməsinin cavabdehlərdən birgə qaydada tələb ediləcəyi bildirilmişdir. Cavabdehlər sözügedən pretenziya məktublarına da məhəl qoymamış və xitam tarixindən təqribən 1 il 11 aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənişi təmin edilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, iddia tələbinin ƏDV daxil 16.331,47 manat məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən ümumi sahəsi 38780.7 m2 olan əmlak kompleksi kimi müəssisə “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1855 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 29 mart 2018-ci il tarixli “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqavilədən görünür ki, mülkiyyətçi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin (Çinar Plaza) mülkiyyətçisidir. İdarə edən binanı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilinə idarə etmək üçün idarə edənə idarəetməyə və icarəyə vermək niyyətindədir. İdarə edən binanı bu müqaviləyə uyğun olaraq icarəyə götürmək, idarə etmək və üçüncü şəxslərə icarəyə/kirayəyə vermək niyyətindədir və bunun üçün lazımi təxrübə, heyət və digər imkanlara malikdir. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən idarə edən binanı və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud binanı birgə istifadə etmək hüququna malikdir. 4.1-ci bəndinə görə bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh1 MMC (icarəçi) arasında 01 aprel 2018-ci il tarixdə “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasında aşağıdakı qeyri-yaşayış sahə(lər)sini icarəçiyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür: 1.1.1-ci bəndinə uyğun olaraq binanın 9-cu mərtəbəsində 112 kv.m. qeyri-yaşayış sahəsi. 1.2-ci bəndinə əsasən icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi icarəyə verilən əmlak)ları subicarəyə verə bilməz. 2.1-ci bəndinə görə icarə müddəti 01 aprel 2018-ci il tarixdən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona xitam verilməyincə 31 mart 2019-cu il tarixində, saat 23:59-da başa çatır. 3.1-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1-ci bəndinə görə 1.1.1-ci yarımbənddə göstərilən icarəyə verilən əmlaka görə ƏDV xaric 2300.00 manat aylıq icarə haqqı. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2018-ci il tarixli, 284 saylı müqaviləyə 1 saylı əlavə (binadan və icarəyə verilən əmlak(lar)dan istifadəyə dair əlavə öhdəliklər) ilə müəyyən edilir ki, icraçının əlavədə göstərilən öhdəliklərə əməl etməyə razılaşmış və təmin etməyi öhdəsinə götürmüşdür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2018-ci il tarixli, 284 saylı müqaviləyə 2 saylı əlavə ilə müəyyən edilir ki, icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri razılaşdırılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2018-ci il tarixli, 284 saylı müqaviləyə 3 saylı əlavə ilə müəyyən edilir ki, icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlər razılaşdırılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2018-ci il tarixli, 284 saylı müqaviləyə 4 saylı əlavə ilə müəyyən edilir ki, icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətləri razılaşdırılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən), Cavabdeh1 MMC (icarəçi) və Cavabdeh1 MMC-nin həmtəsisçisi Özdemir Levent arasında 07 mart 2019-cu il tarixdə “İcarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında” razılaşma ilə müəyyən edilir ki, həmin razılaşmanın: 1-ci bəndinə görə tərəflər təsdiq edirlər ki, icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar bu Razılaşmanın imzaladığı tarixə ödənilməmiş borc məbləği ƏDV daxil 16.301,54 manat təşkil edir. 1.1-ci bəndinə əsasən 12 mart 2019-cu il tarixinədək ümumi borc məbləğindən ƏDV daxil 5.428 manat ödənilməlidir. 1.2-ci bəndinə görə 2019-cu ilin aprel ayından başlayaraq ardıcıl gələn hər ayın ilk 10 günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.714 manat ödənilməklə, 2019-cu ilin iyul ayının sonunadək ümumi borc məbləğinin ödənişi tam təmin edilməlidir. 5-ci bəndinə əsasən icarəyə verən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. 6-cı bəndinə görə həmtəsisçi bu razılaşmanı imzalamaqla, icarəçinin bu razılaşma və icarə müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. 7-ci bəndinə əsasən icarəçi bu razılaşmadan və ya icarə müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə həmtəsisçi icarəyəverən qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. 9-cu bəndinə görə icarəçi həmtəsisçinin zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazimınca icra etmədikdə icarəçi və həmtəsisçi icarə verən qarşısında birgə məsuliyyət daşıyır. 16-cı bəndinə görə bu razılaşma tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunması şərti ilə 07 mart 2019-cu il tarixindən qüvvəyə minir və icarəçi və/və ya həmtəsisçi bu razılaşma və icarə müqaviləsi üzrə öz öhdəliklərini tam təmin edənədək öz qüvvəsində qalır. Razılaşma tərəflərin imzası və icarəyə verən və icarəçinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1nə və Özdemir Leventə ünvanlanmış 13 may 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1” MMC-dən və Özdemir Leventdən borc məbləğinin 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 aprel 2018-ci il tarixli, 284 saylı icarə müqaviləsinə əsasən Cavabdeh1 MMC iddiaçının istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 112 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 MMC və Özdemir Levent arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında 07.03.2019-cu il tarixli razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 MMC iddiaçıya icarə müqaviləsi üzrə ƏDV daxil 16.301,54 manat məbləğində borcunun olmasını təsdiq etmiş və 2019-cu ilin mart ayının 12-dək ƏDV daxil 5.428 manat, 2019-cu ilin aprel ayından başlayaraq ardıcıl gələn hər ayın ilk 10 günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.714 manat ödənilməklə, 2019-cu ilin iyul ayının sonunadək ümumi borc məbləğinin ödənişini tam təmin etməyi öhdəsinə götürmüş, digər cavabdeh Özdemir Levent isə Cavabdeh1 MMC -nin göstərilən öhdəliyini icra edəcəyinə zamin durmuşdur. Mülki Məcəllənin: 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 07.03.2019-cu il tarixli razılaşmaya əsasən Cavabdeh1 MMC-nin iddiaçıya 16.301,54 manat məbləğində borcunun olmasını etiraf etdiyini və həmin borcu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, eləcə də digər cavabdeh Özdemir Levent Cavabdeh1 MMC-nin göstərilən öhdəliklərinə zamin durduğundan həmin öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC 16.301,47 manat məbləğində borcun Cavabdeh1 MMC-dən və Özdemir Leventdən müştərək (birgə) qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Özdemir Leventdən müştərək qaydada 16.301,47 manat (on altı min üç yüz bir manat qırx yeddi qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2327/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2327/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver