Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2327/2022 14.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmlaka dəymiş zərərə görə 2290 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-50 gün) hesablanmış 114,5 manat (2290 X 0,1%=2,29; 50 X 2,29=114,5) dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat xidmət haqqı və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalı olan avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Porsche Cayenne” (buraxılış ili-2012) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Porsche Cayenne” (buraxılış ili-2012) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 895 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “Porsche Cayenne” (buraxılış ili- 2012) minik markalı 90-AL444 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2.290 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixində pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Porsche Cayenne” (buraxılış ili-2012) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 895 manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat haqq iddiaçı tərəfindən ödənilmişdir. “Porsche Cayenne” (buraxılış ili-2012) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PORSCHE servisdə təmir olunmuş və bununla əlaqədar İddiaçı ASC tərəfindən 2290 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək, İddiaçı ASC –nin "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən rədd edilməlidir: - 1. İşin halları. İş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixində ,üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Ford Transit” markalı **-UY-*** d.q.n. avtomobilin və iddiaçıya məxsus olan “Porsche Cayenne” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, YNH-nin təfərrüatları barədə Nəsimi rayon DYPŞ-nın arayışından da göründüyü kimi sığortalı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində “Porsche Cayenne” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 895 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün olması bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 2290 manat tələb etmiş və təklif olunan 895 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - 2. İddiaçının qanunla müəyyən edilmiş tənzimləmə qaydalarına riayət etməməsi ilə bağlı. Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla -nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 24.1.4-cü maddəsinə əsasən, müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil, ekspertin təyin edilməsini tələb etmək, zərərçəkənin hüquqlarına aid edilmişdir. Zərərçəkən (iddiaçı) tərəfindən isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni, sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi yə ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt “mübahisə”nin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasını ehtiva edir. Mülki Prosessual Məcəllənin 2.1ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desələr, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (məsələn, Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli qərar və s.) da təsbit etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki: “Məhkəmə bir daha qeyd edir ki, “mülki” sahə üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi üçün daxili qanunvericilikdə heç olmasa mübahisəli əsaslarla tanına bilən «hüquq» barəsində mübahisə olmalıdır. Mübahisə həqiqi və ciddi olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu, kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən də “başqa şəxslərdən tələb etmək hüququnun ” yaranmasından söhbət gedə bilməz. - 3. İddiaçının qanunla müəyyən edilmiş təminatdan artıq məbləğ tələb etməsi ilə bağlı. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri. İstinad edilən normaların tələblərindən də göründüyü kimi, sığorta ödənişi zərərə məruz qalmış əmlakın yenisi ilə əvəz edilməsini deyil, həmin əmlakın təmiri və ya bərpasını ehtiva edir. Hazırkı halda, nə avtomobil, nə də onun zərərə uğramış hissəsi “məhv olmuş” hesab edilmədiyi üçün sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərinin ödənilməsi tələbi tamamilə əsassızdır. Həmçinin nəzərə almaq lazımdır ki, sığorta təminatı, xüsusilə də icbari sığorta üzrə sığorta təminatı zərər nəticəsində əmlakın bazar qiymətinin aşağı düşməsi hallarından təminat vermir. - 4. İddiaçının gecikdirilmiş hər günə görə cavabdehdən dəbbə pulu tələb etməsi ilə bağlı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.3-cü maddəsinə əsasən pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırkı işdə cavabdehin öz öhdəliyini vaxtında icra etməsinə səbəb kimi, iddiaçının ona təklif edilən icranı qəbul etməməklə və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununvericiliyinin tərkib hissəsi olan Mülki Məcəllənin 445.5, 446.1, 446.3, 448.2-ci maddələrində müəyyən edilən yaratmaqla dəbbə pulu tələb etmək hüququnu itirmişdir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. - 5. Vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının və ödənilmiş dövlət rüsumunun tələb edilməsi ilə bağlı. Əvvəla, hesab edirlər ki, yuxarıda qeyd etdikləri hallara əsasən mübahisənin olmadığı aşkar surətdə görünür. "xxxx" ASC zərər məbləği olaraq 895 manatı "xxxx" ASC-yə ödəməyə hazırdır. İşin məhkəmə müstəvisində baxılması "xxxx" ASC-nin zərər məbləğindən daha daha artıq pulu istəməsidir. Bunun üçün də vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqmm verilməsinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi olduqca absurtdur. Digər tərəfdən iddiaçı vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqının verilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 04 aprel 2022-ci il tarixli, 0271 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədə 300 manat xidmət haqqı müəyyən olunsa da, onun vəkilə ödənilməsini təsdiq edən hər hansı qəbz təqdim olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qəradadı ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İcbari sığorta müqaviləsinə dair məlumatla təsdiq edilir ki, "xxxx" ASC (sığortaçı) ilə X7 (sığortalı) arasında bağlanmış PXA********** saylı, 07 oktyabr 2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “Ford Transit” markalı, ** UY *** dövlət qeydiyyat nömrəli avtomobil sığorta məbləği 5.000 manat, müqavilənin qüvvədə olma müddəti xx.xx.2021xx.xx.2022-ci il (12 ay) müəyyən edilməklə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. AB N 841695 nömrəli X2 Şəhadətnaməsinə əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən “Ford Transit” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsinə əsasən idarə edən X4 xx.xx.2021-ci il tarixdə dayanmış vəziyyətdə olan X5 idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobili vurmaqla yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində “Ford Transit” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 təqsirli olması müəyyən edilmiş və İddiaçı ASC-nin mülkiyyətində olan X5 idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobilə zərər dəymişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirilmə aktına əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 550 manat, digər xərclər 345 manat olmaqla, cəmi 895 manat təşkil edir. "xxxx" MMC (Porsche Servis) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 1630 manat, digər xərclər 660 manat olmaqla, cəmi 2290 manat təşkil edir. "xxxx" MMC-nin (Porsche Servis) xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Porsche Cayenne” markalı, **-AL-*** dövlət qeydiyyat nömrəli avtomobil Porsche Servisdə təmir olunmuş (yol nəqliyyat hadisəsi nəticəsində) və bununla əlaqədar İddiaçı ASC tərəfindən 2290 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4218 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 2290 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 1630 manat, təmir-bərpa işlərinin qiyməti 660 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Fotoşəkillərdən görünür ki, “Porsche Cayenne” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil zədəli vəziyyətdədir. Hüquqi yardımın göstərilməsi haqqında 04 aprel 2022-ci il tarixli, 0271 nömrəli müqaviləyə əsasən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddiaçı ASC-yə göstərilən hüquqi yardım haqqının məbləği 300 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, göstəriləcək hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək, əmlaka dəymiş zərərə görə 2290 manat məbləğində sığorta ödənişinin ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun: 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “Ford Transit” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində İddiaçı ASC-yə məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs İddiaçı ASC-nin zərərvurmuş şəxs X1 mülki məsuliyyətini sığortalamış cavabdeh "xxxx" ASC-dən sığorta məbləği həddində dəymiş zərərin ödənilməsini (sığorta ödənişini) tələb etmək hüququ yaranmışdır. İşin mübahisəli halı isə mülki hüquq pozuntusu nəticəsində avtomobilə dəymiş zərərin və belə olan halda iddiaçıya ödənilməli olan sığorra ödənişinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı məhkəməyə "xxxx" MMC (Porsche Servis) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktını təqdim edərək, **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərcin 1630 manat, digər xərclərin 660 manat olmaqla, cəmi 2290 manat olmasını iddia edir, cavabdeh isə məhkəməyə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirilmə aktını təqdim edərək, **-AL-*** dövlət qeydiyyat nömrəli, “Porsche Cayenne” markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərcin 550 manat, digər xərclərin 345 manat olmaqla, cəmi 895 manat olmasını iddia edir və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmir. Bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4218 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 2290 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 1630 manat, təmir-bərpa işlərinin qiyməti 660 manat) olması müəyyən edilmişdir. 22 avqust 2022-ci il tarixli, 9/4218 saylı ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4218 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdeh "xxxx" ASC-dən 2290 manat məbləğində sığorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 2290 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% olmaqla 114,5 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, "xxxx" ASC sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən, qanunda isə sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 114,5 manat (2290 X 0,1%=2,29; 50 X 2,29=114,5) dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə pulu tələbi ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı təsdiq olundu ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən 2290 manat məbləğində sığorta ödənişinin tələb etməkdə haqlıdır və belə olan halda iddiaçı cavabdeh tərəfindən ona təklif edilən 895 manat sığorta ödənişini (icranı) qəbul etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilən hallar isə ona dəlalət edir ki, iddiaçıya sığorta ödənişinin verilməsinin gecikdirilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının qanunla müəyyən edilmiş tənzimləmə qaydalarına riayət etməməsi ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin özünün də etirazında göstərdiyi kimi əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək, zərərçəkənin hüquqlarına aid edilmişdir, yəni, zərərçəkənin əmlaka dəyən zərərin həcminin müəyyən edilməsi məqsədilə müstəqil ekspertin təyin edilməsini tələb etmək vəzifəsi olmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək zərərçəkənin hüququdur. Belə olan halda iddiaçı (zərərçəkən) avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə (Porsche Servis) müraciət etməklə və bundan sonra həmin qiymətləndirmə aktına (rəyinə) istinad etməklə məhkəmədə iddia qaldırmaqla qanunvericiliyin hər hansı tələblərini pozmamışdır. Azərbaycan Respublikası MPM-in: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının qanunla müəyyən edilmiş təminatdan artıq məbləğ tələb etməsi ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həm cavabdehin özünün təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirilmə aktında, həm iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin (Porsche Servis) xx.xx.2022-ci il tarixli qüsur aktında, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4218 saylı ekspert rəyində avtomobilin bəzi ehtiyat hissələrinin (sağ yan güzgünün alt-üst korpusu, motoru və s.) dəyişdirilməsi, eləcə də bəzi hissələrin təmiri nəzərdə tutulmuş, bu da hər üç rəydə zərərin məbləğinin əmlakın təmiri və ya bərpası xərcləri formasında hesablanmasına dəlalət edir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş rəydə zərərin əmlakın sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri formasında hesablanması barədə cavabdehin etirazının dəlilləri də əsassızdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3.1-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri zərərin məbləğinə aiddir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 44,05 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2290 (iki min iki yüz doxsan) manat məbləğində sığorta ödənişi, 114,5 manat (yüz on dörd manat əlli qəpik) məbləğində dəbbə pulu, cəmi 2404,5 manat (iki min dörd yüz dörd manat əlli qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat və vəkil xərclərinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2327/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2327/2022
14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver