Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2328/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 2.670,00 (iki min altı yüz yetmiş manat) manat əsas borc, 480,60 (dörd yüz səksən manat altmış qəpik) manat ƏDV borcu, 310,00 (üç yüz on) manat məbləğində gecikdirilmiş günlər üçün cərimə borcu olmaqla cəmi 3.460,60 (üç min dörd yüz altmış manat altmış qəpik) manat və ödənilmiş 60 manat mediasiya xərcinin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC və cavabdeh "xxxx" MMC arasında bağlanan ofis icarəsinə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 44,5 kv.m. sahəsinin icarəsinə görə 890 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və 211.01 saylı hesab kartında qeyd edilmiş 984264 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən mart, aprel və may ayları üçün hər hansı ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə elektron qaimələr və hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2021-ci ilin mart, aprel və may ayları olmaqla 3 ay üçün 890,00*3=2.670,00 (iki min altı yüz yetmiş) manat əsas borcu, 160,20*3=480,60 (dörd yüz səksən manat altmış qəpik) manat ƏDV borcu olmaqla ödənilməmiş cəmi 2.670,00+480,60=3.150,60 (üç min yüzəlli manat altmış qəpik) manat icarə haqqı borcu mövcuddur. Cavabdeh MMC-nin icarə haqqını gecikdirməyə görə 310,00 (üç yüz on) manat cərimə borcu vardır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarəyəverən” İddiaçı MMC, “icarəçi” "xxxx" MMC olmaqla xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinə əsasən “icarəyə verən” Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən “Caspian Plaza”-da əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında “icarəçi”yə verir. Həmin müqavilənin 8-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2021-ci il tarixindən, xx.xx.2022-ci il tarixədək qüvvədədir. Tərəflərdən biri digərinə icarə müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış müqavilənin müddətini uzatmaq isətəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildirişi verməlidir. Əks halda müqavilənin müddəti 1 (bir) il uzadılmış hesab edilir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əlavə 1-ə əsasən 1.1-ci bəndinə əsasən icarəyə verən icarəçiyə binanın 9-cu mərtəbəsində yerləşən 44.5 kv.m sahəni icarəyə verir. 2.1-ci bəndə əsasən icarəçi xx.xx.2021 tarixindən xx.xx.2022 tarixinədək 890 AZN + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz üzərinə götürür. Ödəniş 6 (altı) aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. EBBB seriyalı 984264 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən 2.670,00 (iki min altı yüz yetmiş) manat əsas borc, 480,60 (dörd yüz səksən manat altmış qəpik) manat ƏDV borcu olmaqla cəmi 3150.60 (üç min yüz əlli manat altmış qəpik) manat Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmş hesab kartında 2020-ci ilin yanvar ayından 2022-ci il tarixinin dekabr ayınadək Cavabdeh MMC-nin 3.150 manat məbləğində borcu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etməmiş, nəticədə cavabdehin icarə müqaviləsi üzrə borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi icarə haqqı, ƏDV məbləği və cərimə borcu hissəsində əsaslı olduğundan təmin olunmalı, Cavabdeh MMCdən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 2.670,00 (iki min altı yüz yetmiş manat) manat əsas borc, 480,60 (dörd yüz səksən manat altmış qəpik) manat ƏDV borcu, 310,00 (üç yüz on) manat məbləğində gecikdirilmiş günlər üçün cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Əlavə olaraq iddiaçı iddia tələbində tərəflər arasında imzalanmış ofis icarəsi müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş tərəflər arasında imzalanan müaqvilənin məzmunundan məlum olur ki, qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən 2.670,00 (iki min altı yüz yetmiş manat) manat əsas borc, 480,60 (dörd yüz səksən manat altmış qəpik) manat ƏDV borcu, 310,00 (üç yüz on) manat cərimə borcu və ödənilmiş 60 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2328/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2328/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver