Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2328/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, kredit müddətindən sonra faiz, dəbbə pulunun azaldılması, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 31 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3328,03 manat əsas borc, 710,89 manat faiz borcu, 667,13 manat cərimə borcu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 95,35 manat olmaqla ümumilikdə 4801,4 manat məbləğində pulun və ödənilmiş 68,01 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 200000 manat kredit limiti ayrılmışdır. Bundan sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 19 faizlə 24 ay müddətinə 50000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. 2.2. 2023-cü il dekabr 22-dək Cavabdeh2 iddiaçıya xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3328,03 manat əsas borcu, 710,89 manat faiz borcu, 1334,26 manat cərimə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 95,35 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5468,53 manat borcu vardır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1334,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 667,13 manat məbləğində tələb olunur. 2.3. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Belə ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 445.7, 472-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2328/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izah verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi kreditin müddəti bitdikdən sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin kredit müqaviləsi üzrə əsas borca silindiyini qeyd etdi.
8. Cavabdeh2 məhkəmənin ikinci hazırlıq iclasında iştirak edərək, tələb edilən əsas borc və kredit müddətinə hesablanmış faiz məbləği ilə razı olduğunu, lakin kredit müddətindən sonra hesablanmış faiz borcuna etiraz etdiyini qeyd etdi.
9. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Cavabdeh2 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, baxış iclasının həmin cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
11. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlara göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla, telefonoqramlar ötürülməklə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakları olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində Cavabdeh2) əsasən, kredit limitinin məbləği 200 000 manat (həmçinin kreditin verildiyi məqamda mövcud olan Bankın xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində), müddətini 120 ay, illik faiz dərəcəsini 30%, cəriməsini 72% (illik) təşkil edir. Həmin razılaşmanın 5-ci bəndinə görə, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Adıçəkilən razılaşmanın 7ci bəndinə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusu bu razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində Cavabdeh2) əsasən, kreditin məbləği 50000 manat, müddəti 24 ay, faiz dərəcəsi 19%, təyinatı biznes məqsədi, faktiki illik faiz dərəcəsi (FİFD) 19,52%, cərimə 72% (illik) təşkil edir.
17. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit məbləği üzrə ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla 50000 manat əsas məbləğ, 10515,42 manat faiz məbləği şərtləşdirilmişdir.
18. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli Z/06979/21 nömrəli (iddiaçı kreditor qismində; Cavabdeh1 zamin qismində), xx.xx.2021-ci il tarixli Z/06978/21 nömrəli (iddiaçı kreditor qismində; Cavabdeh3 zamin qismində) zaminlik müqavilələrinin şərtlərindən görünür ki, müqavilənin predmeti xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrıldığı vəsaitdir (1.2). Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 200 000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləğindən ibarətdir); 120 ay təşkil edən kredit limitini qaytarılma müddəti; kredit limiti üzrə illik 30 faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi kreditor tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir, kreditorun bu müqavilə üzrə faiz borcunun tələbi isə bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (2.1).
19. Həmin müqavilələrin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (4.1). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (4.2). Zamin borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə kreditor qarşısında ona (zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, 30000 manat, xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən təhvil alınmışdır.
21. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə əsas borc 3328,03 manat (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 1500 manat), kreditin bitmə tarixinə faiz borcu 344,92 manat (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 0,63 manat), 22 dekabr 2023-cü il tarixə faiz borcu 710,89 manat təşkil edir.
22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh2 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh2 kredit məbləğini təşkil edən 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
23. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 3328,03 manat əsas borc, 710,89 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.
24. Cavabdeh2 əsas və müqavilə müddətinə hesablanmış faiz borcu ilə razı olduğunu bildirir və iddiaya kredit müddətindən sonra hesablanmış faiz borcu hissəsində etiraz edir.
25. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmirlər.
26. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
27. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
31. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
32. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
33. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
34. Cavabdeh2 bank hesabından xx.xx.2021 – xx.xx.2024-cü il dövrlərini əhatə edən çıxarışı təhlil etdikdə aydın olur ki, əsas borcdan 46671,97 manat, faiz borcundan 10470,44 manat ödəniş olmuşdur.
35. Bundan başqa bank hesabından çıxarışdan görünür ki, iddia tələbinin əsaslandığı maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixdən sonra hər hansı ödəniş olmamış, sonuncu ödəniş arayışda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixdə 1500 manat məbləğində olmuş və əsas borca silinmişdir.
36. Kredit məbləğindən istifadə üçün ödənilməli olan faiz məbləğinə münasibətdə isə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərar).
37. Belə olan halda, iddiaçının kredit müddətinin sonu olan xx.xx.2023-cü il tarixdən sonra da kredit məbləğində istifadə üçün faizlər hesablaması və əlavə olaraq 365,97 (22 dekabr 2023-cü il tarixə faiz borcu: 710,89 manat – xx.xx.2023-cü il tarixə faiz borcu: 344,92) manat məbləğində pul tələb etməsi əsassız olmuşdur.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə əsas borc 3328,03 manat, faiz borcu isə 344,92 manat təşkil edir.
39. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədə və həmin tarixli zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilə kredit limitinin ayrılmasına dair razılaşma və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
44. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli 4- MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3328,03 manat əsas borc, 344,92 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
45. İddiaçı 667,13 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.
46. xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit verilməsinə dair müqavilənin müvafiq olaraq 3 və 7-ci bəndi ilə illik 72% cərimə nəzərdə tutulmuşdur.
47. xx.xx.2021-ci il tarixli Z/06979/21 və Z/06978/21 nömrəli zaminlik müqavilələrinin 2.1.4-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda illik 72 faizdən çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ daxildir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir.
51. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlər tutulmalı cərimə məbləğinin 170 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
52. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 170 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
53. İddiaçı xx.xx.2021-ci il tarixli 4-MCR-1-1601-21/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 95,35 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.
54. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası) .
55. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
56. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2023-cü il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır (iddiaçı tərəfindən faizin hesablandığı xx.xx.2023-cü il tarixədək).
57. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilən 113 gün üçün 51,52 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
58. İddiaçı ödənilmiş 68,01 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
59. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 68,01 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
60. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
61. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 4-MCR-1-1601-21 saylı xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bağlanmış 4-MCR-1- 1601-21/1 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3328 (üç min üç yüz iyirmi səkkiz) manat 03 (üç) qəpik əsas borc, 344 (üç yüz qırx dörd) manat 92 (doxsan iki) qəpik faiz borcu, 170 (bir yüz yetmiş) manat cərimə borcu, əsas borca illik 5% ilə hesablanmaqla 51 (əlli bir) manat 52 (əlli iki) qəpik olmaqla, ümumilikdə 3894 (üç min səkkiz yüz doxsan dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova