Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2339/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) “Dostluq” filialı ilə cavabdeh arasında bağlanmış 03 avqust 2017-ci il tarixli DSF0001A nömrəli kredit müqaviləsinə əsasən Cavabdehndən 18.142,97 manat məbləğində əsas kredit borcunun, ona hesablanmış 9.652,05 manat məbləğində faiz borcunun, müqavilə üzrə borcu gecikdirdiyinə görə 2.687,65 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 408,24 manat faiz borcunun, cəmi 30.890,91 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (ləğv prosesindədir) “Dostluq” filialı ilə Cavabdeh MMC arasında bağlanmış 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) avtomobilin alınması məqsədilə 36 ay müddətinə illik 20% hesablanmaq şərti 24.000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh MMC-nin mülkiyyətində olan “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması ilə bağlı 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 03.08.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan Şöbəsi ÇİXARİŞ AA, № 137519). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 47.700 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələr lazımınca yerinə yetirilməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 29 aprel 2021-ci il tarixinə 18.142,97 manat məbləğində əsas kredit borcunun, ona hesablanmış 9.652,05 manat məbləğində faiz borcunun, müqavilə üzrə borcu gecikdirdiyinə görə 2.687,65 manat məbləğində məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 408,24 manat faiz borcunun, cəmi 30.890,91 manat məbləğində borc yaranmışdır. İddiaçı tərəf sonuncu məhkəmə iclası ilə bağlı ərizə göndərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki iclasda iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li krеdit müqaviləsi bağlanmış və sonuncuya “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) avtomobilin alınması məqsədilə 36 ay müddətinə, illik 20% hesablanmaq şərti 24.000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı AZİDMAN SERVİCES” MMC-nin mülkiyyətində olan “Toyota RAV 4” minik markalı (Tip: Universal, Buraxılış ili 2017, Ban- JTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4216 saylı, 10 avqust 2021-ci il tarixli rəyindən görünür ki, 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) borcu müqavilə müddətinin bitmə tarixinə (03.08.2020) və iddia ərizəsinin verilmə tarixinə (29.04.2021) əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə müqavilə müddətinin bitmə tarixinə (03.08.2020) 7.469,98 manat borcu vardır. Həmçinin həmin rəydə ekspert əsas borca illik 5 faiz hesablanmaqla olan məbləği ayrıca göstərməmiş və 29.04.2021-ci il tarixə illik 5 faiz hesablanmaqla, müqavilə ilə nəzərdə tutulmuş faiz məbləği ilə birgə hesablamiş və 8132,32 manat qeyd etmişdir. Belə olan halda illik 5 faiz hesablanmaqla olan məbləğ 662,34 (8132,32-7469,98) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq və ekspert tərəfindən verilmiş rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə 7469,98 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından da göründüyü kimi tələb edilən cərimə müqavilədən irəli gələn dəbbə puludur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 avqust 2017-ci il tariхli, DSF0001A №-li krеdit müqaviləsinin 5.3-cü bəndindən görünür ki, kredit alan tərəfindən ödənişlərin gecikdirilmiş olduğu təqdirdə 200 manat məbləğində cərimə hesablanacağı birbaşa göstərilmişdir. Belə olan halda iddiaçının 2687,65 manat cərimə hesablayaraq tələb etməsi əsassız olmasının nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə əsas borca illik 5 faiz hesablamaqla 408.24 manat tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 03.08.2020-ci il tarixdə başa çatmış, lakin cavabdeh həmin tarixə olan 17.927,95 manat əsas borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışdır. Yuxarıda qeyd edilmiş ekspert rəyindən də göründüyü kimi, illik 5 faiz hesablanmaqla olan məbləğ 662,34 manat təşkil edir. İddiaçının isə iddia ərizəsində tələb etdiyi məbləğin 408,24 manat olmasının nəzərə alaraq hesab edir ki, 408,24 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır və tutma ipoteka predmeti olan Toyota RAV 4” markalı (Tip:UNİVERSAL, Buraxılış ili-2017, BanJTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcununun ödənilməsinə yönəldilməlidir. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin 20 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməli, qalan 10 manat hissəsi iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.08.2017-ci il tarixli, DSF0001A saylı kredit müqaviləsinə görə əsas borc üzrə 17.927,95 manat, faiz borcu üzrə 7.469,98 manat, 200 manat cərimə, ödənilməmiş əsas borca illlik 5 % hesablanmaqla 408,24 manat, cəmi 26.006 (iyirmi altı min altı) manat, 17 (on yeddi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. 03.08.2017-ci il tarixli, DSF0001A saylı kredit müqaviləsi üzrə tutma “Toyota RAV 4” markalı (Tip:UNİVERSAL, Buraxılış ili-2017, BanJTMWDREV20J114311) ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcununun ödənilməsinə yönəldilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməli, qalan 10 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsi Cavabdeh MMC-dən, 20 manat məbləğində hissəsi İddiaçı ASC-dən (ləğv prosesindədir) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2339/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2339/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver