Məhkəmə qərarları › İş №e-2-2(113)-2340/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2340/2023

22.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2340/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 17 yanvar 2023-cü il tarixli, MXD 007538 saylı Aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4082 manat borcun “F/Ş X4 adına olan 061021 saylı abunə hesabından silinməsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Kafe” yerləşir və fəaliyyət göstərir. Həmin kafeyə müqavilə əsasında Cavabdeh ASC tərəfindən 19/45331 saylı müqavilə ilə 061021 kodlu su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən 17 yanvar 2023-cü il tarixdə MXD- 007538 saylı akt tərtib edilərək 4082 manat dəyərində içməli su və X3 xidmətindən qeyri-qanuni istifadə edilməklə Cavabdeh ASC-yə ziyan vurulması qeyd edilmişdir. Aktda əlavə olaraq qeyd edilmişdir: “Su Haqqında” Qanun “Su Təchizatı və X3 X1 Görə Məsuliyyət” Bölməsinin 67ci:“Qanunsuz Qoşulma” Maddəsinin 1-ci bəndinə əsasən Su Təchizatı və Kanalizasiya müəsissəsinin razılığı olmadan Su Təchizatı və Kanalizasiya sisteminə qoşulmaq qadağandır. Aktda əlavə olaraq qeyd edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə” Qaydalarının 9.11.3-cü bəndinə əsasən əlavə sərfiyyat hesablanmışdır. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir. Bunlardan başqa Aktda qeyd edilir ki, ünvana baxış keçirilən zaman məlum olur ki, obyektdə kənar xətt vasitəsi ilə su çəkilibdir. “Su Təchizatı və X8” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər- 1) Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını tələb edə bilər. Lakin Cavabdeh ASC heç bir xəbərdarlıq eləmədən akt tərtib edərək güya ki, qanunsuz qoşulma aşkar edərək qanuni əsaslar olmadan cərimə yazmışdır. Halbuki, onlar tərəfindən “Su Təchizatı və X8” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən (Maddə 67.) Qanunsuz qoşulma 1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat)-içməli məqsədlər və su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir. Qeyd olunan təşkilata edilən şikayət və müraciət Cavabdeh ASC təşkilatı tərəfindən təqdim olunmuş 13 fevral 2023-cü il tarixli cavabla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, MXD-7538 saylı Akt-a əsasən 061021 saylı abunə koduna 4082 manat ziyan müəyyən olunmuşdur. Bu cərimə borcundan sonra dəfələrlə Cavabdeh ASCnin əməkdaşları tərəfindən və həmin cərimə borcu tezliklə ödənilmədiyi halda suyun verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, hətta bir neçə dəfə suyu kəsməyə cəhd göstərmişlər. Tərtib edilmiş aktda göstərilənlər və 4082 manat cərimə kimi əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar təqdim edilməmişdir. Aktla razı olunmadığı üçün imza edilməkdən imtina edilmişdir. Buna görədə Akt ləğv edilməli və onun əsasında hesablanmış əlavə cərimə kimi 4082 manat borc məbləği F/Ş X4 adına olan 061021 saylı abunə hesabından silinməlidir. Cavabdeh ASC-nin mühəndisləri İ.Quluzadə və N.Kərimov və Ə.Quliyev tərəfindən 17 yanvar 2023-cü il tarixdə Mehman Məmmədova məxsus, ünvan 2 ünvanda yerləşən obyektdə su təchizatı sisteminə baxış keçirilməsi qanunveriliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən qanunsuz hesab edilməli və nəticəsi ləğv edilməlidir. Cavabdehə hüquqa zidd əməl nəticəsində ziyan vurulmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş Aktda göstərilən hallar mövcud deyildir. Onlar tərəfindən aşkar edilərək göstərilmiş fakt faktiki olaraq movcud olmamışdır. Həmin xətt Azərsu ASCnin işçiləri tərəfindən yeni xətt və sayğac quraşdırılarkən onların özləri tərəfindən bağlanaraq üzərinin torpaqlama işləri aparılmışdır və onun üzərində faktiki tikinti işləri aparılmışdır. Həmçinin aşkar olunmuş xətt işlək vəziyyətdə deyildir və həmin xəttin işlək vəziyyətə gətirilməsi üçün Cavabdeh ASC-nin əməkdaşları xeyli sahəni dağıdaraq 40 dəqiqədən artıq vaxt sərf edərək buna nail olmuşlar. Digər tərəfdən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamiledilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqiaktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»na əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamışdır.

3. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli, MXD 007538 saylı Akt əsasında hesablanmış 4082 manat borcun “F/Ş X4 adına olan 061027 saylı abunə hesabından silinməsinin Azərsu ASC-yə həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 19.06.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 17 yanvar 2023-cü il tarixli,MXD 007538 saylı Akt əsasında əsassız hesablanmış 4082 manat borcun 2582 manat hissəsini “F/Ş X4 adına olan 061027 saylı abunə hesabından silinməsi və “Azərsu" ASC tərəfindən borca görə tutulmuş 1550 manat pul vəsaitinin 061027 saylı abunə hesabına köçürülməsi öhdəliyinin “Azərsu" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. 22.06.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 17 yanvar 2023-cü il tarixli, MXD 007538 saylı Akt əsasında əsassız hesablanmış 4082 manat borcun “F/Ş X4 adına olan 061027 saylı abunə hesabından silinməsi və “Azərsu" ASC tərəfindən borca görə tutulmuş 1550 manat pul vəsaitinin 061027 saylı abunə hesabına köçürülməsi öhdəliyinin “Azərsu" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək “Azərsu" ASC-nin əməkdaşlarının tərtib etdikləri 17 yanvar 2023-cü il tarixli, MXD 007538 saylı Aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4082 manat borcun “F/Ş X4 adına olan 061027 saylı abunə hesabından silinməsinin “Azərsu" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası gedişində müəyyən edilmişdir ki, X4 adına olan 061027 saylı abunə hesabına, sərfiyyata görə ödənilən pul vəsaitindən hesablanmış cərimə borcuna, qanunsuz olaraq 1550 manat pul vəsaiti tutulmuşdur.

II. Tərəflərin mövqeləri:

1. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, SSRİ dövründən həmin su xətti çəkilmişidr. Hazırda həmin ünvanda yerləşən obyektlər əvvəllər OPİT-in nəzdində olmuşdur. 90-cı illərdə isə onun adına özəlləşmişdir. Əvəzləşdirmə qaydasında öz yerini rəsmiləşdirərək 800 m2 torpaq sahəsini ona ayrılması barədə qərar verilmişdir. Pandemiyadan sonra həmin obyekt boş qalmışdır. Hazırda ona məxsus olan obyektin yanından axıb gələn suyun hansı mənbədən gəlməsinin ona aidiyyəti yoxdur. Azərsu ASC-nin nümayəndəsi tərfindən gəlib baxdıqdan sonra sayğacdan kənar su xətinin çəkildiyini bildirmişlər. Ümumiyyətlə tərtib edilmiş aktdan xəbəri olmamışdır. Yoxlama aparılan zaman aktın tərtib olunmasında iştirak etməmişdir. Yoxlama aparılacağı təqdirdə qurum tərəfindən səlahiyyət verilmiş şəxslər mütləq orderlə orada iştirak etməli idilər. Tərtib edilmiş akt üzrə 4082 manat cərimə məbləği hesablanmışdır, lakin müəssisənin suyunun fasiləsizliyini təmin etmək üçün məcbur qalaraq ödənişlər edilmiş, hər ödəniş məbləğindən 70 faiz cərimə məbləğinə çıxıldığından, tərəfindən əsassız çıxılmış 1550 manatın da qaytarılmasını tələb edir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azərsu ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmiş və 4082 manat dəymiz ziyan məbləği müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Obyektə baxış keçirilməsi yoxlama xarakterli olmuş, lakin həmin yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. Və dəymiş ziyana görə hesablanmış 4082 manat borcdan iddiaçı tərəfindən edilən ödənişlər nəticəsində 1551,31 manat həmin borca çıxılmışdır. İddia əsasız olduğu üçün rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

2. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

3. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı tərtib olunmuş inventar akta görə dəymiş zərər kimi hesablanmış borcu və həmin borca görə smart-sayğaca yüklənən puldan borca çıxılmalarını məhkəmədə mübahisələndirmişdir.

4. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007538 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və X8” AR Qanununun tələblərinə uyğun olaraq Məmmədov Mehmana məxsus ünvan 3 ünvanında yerləşən obyektin (kaferestoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində kaferestoranda d=20mm-lik su xəttindən qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu və əlavə xəttin tərəflərindən kəsilərək ləğv edildiyi , həmçinin Məmmədov Mehman tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesan və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunçmuşdur.

5. (007538 saylı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış) qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay (360 gün) götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq iddiaçı X5 (2041 m3) 4082 manat məbləğində borc hesablanmışdır.

6. Abonent haqqında məlumatlardan görünür ki, abonent X2 və X3 xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə 4082 (2041 manat və 2041 manat) manat borc hesablanmışdır, həmin borcdan 1550,31 manatlıq ödəniş edilmişdir, yekün qalıq borc kimi 2531,69 manat göstərilmişdir.

7. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 13-16-01/4/01-10/2-M-6xxxx/1771/2023 saylı müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdur ki, Səbail Sukanal İdarəsinin xidməti ərazisində yerləşən, abonent kodu 061027 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli MXD-7538 saylı inventar aktı tərtib olunmuş, 4082 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda su təchizatı və X3 xidmətlərindən istifadəyə görə hesabda yaranmış borcun 3787,69 manat təşkil etdiyi qeyd olunmuşdur.

8. X6 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda ünvan 4 ünvanında kafe fəaliyyət göstərdiyi və həmin yerə Cavabdeh ASCnin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli MXD 007538 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanış 4082 anat borcun X4 adına olan 061027 saylı abunə hesabından silinməsi xahiş olunmuşdur.

9. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

10. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007538 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və X8” AR Qanununun tələblərinə uyğun olaraq Məmmədov Mehmana məxsus ünvan 3 ünvanında yerləşən obyektin (kafe-restoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində kafe-restoranda d=20mm-lik su xəttindən qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu və əlavə xəttin tərəflərindən kəsilərək ləğv edildiyi , həmçinin Məmmədov Mehman tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur. Həmçinin (007538 saylı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış) qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay (360 gün) götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq iddiaçı X5 (2041 m3) 4082 manat məbləğində borc hesablanmışdır. Bundan başqa abonent haqqında məlumatlardan görünür ki, abonent X2 və X3 xidmətindən istifadəyə görə (smart karta etdiyi ödənişlərdən Azərsu ASC tərəfindən ödənişlərin müəyyən hissəsini həmin borca çıxmaqla) 2531,69 manat borcu qaldığı qeyd olunmuşdur.

12. Hazırda iddiaçı X6 ona əsassız hesablanmış 4082 manat məbləğində borcun silinməsini və smart-kartına ödədiyi pullardan həmin cərimə məbləğinə qanunsuz olaraq silinmiş 1550 manat məbləğin hesabına qaytarılmasını tələb edir.

13. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını iddiaçı X6 tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları (inventar aktlarında göstərilən video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.

14. Belə ki, məhkəməyə təqdim edilmiş 007538 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının imzası olmadan imtina etməsi və cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

15. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

18. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

19. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

20. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

22. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

23. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

24. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

25. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

26. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.

27. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4082 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

29. Bundan əlavə, məhkəmə iddiaçının ikinci tələbini - 1550 manat pul vəsaitinin 061027 saylı abunə hesabına köçürülməsi hissəsində də əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı Cavabdeh ASC-nin nümayəndəsinin verdiyi izahata və abonent saldosuna əsasən müəyyən olundu ki, məhz 007538 saylı akta əsasən dəymiş ziyan kimi hesablanmış 4082 manat borcun ödənişi kimi Cavabdeh ASC tərəfindən qanunsuz olaraq iddiaçı tərəfindən smart-kartına ödənilən pullardan silinmələr edilmişdir. Və yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 007538 saylı akta əsasən hesablanmış 4082 manat borc əsassız hesab edildiyi üçün, həmin borca görə aparılmış pul silinmələri də məntiqi davam olaraq qanunsuz və əsassız hesab edilməlidir.

30. Mülki Məcəllənin:

31. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

34. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

35. Göründüyü kimi cavabdeh orqan ilkin olaraq qanunsuz yoxlama aparmaqla iddiaçıya 4082 manat məbləğində su borcu hesablamış və həmin borc üzrə iddiaçıdan 1550,30 manat məbləğində ödənişlər tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 4082 manat məbləğində borc əsassız olduğundan və həmin öhdəlikdən kənar borc üzrə tutulmuş 1550 manat (iddiaçının ərizəsində 1550,31 manat deyil, 1550 manat qeyd olunmuşdur) pul vəsaiti iddiaçının hesabına qaytarılmalıdır.

36. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia qismən yəni 7316,20 manata borcun silinməsi hissəsində qismən təmin edilməli.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı X5 xx.xx.2023-cü il tarixli, 007538 saylı akta əsasən əsassız olaraq hesablanmış 4082 (dörd min səksən iki) manat məbləğində borc 061027 saylı abunə hesabından silinsin və həmin borcun tutulması ilə əlaqədar olaraq ödənilmiş 1550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı X4 061027 saylı abunə hesabına qaytarılması öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar