Məhkəmə qərarları › İş №e-2-2(113)-235/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-235/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-235/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC (icarədar) ilə İddiaçı (icarəçi) arasında 05 aprel 2019-cu il tarixdə 58 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən: 1-ci bəndinə icarədar Bakı şəhər Alatava 2 ünvanında yerləşən ASC-nin ərazisindəki 105 kv.m. ərazini (bağlı sahə dəzgah təmiri) icarəyə verir, icarəçidən hər ay (ƏDV daxil olmaqla) 200 manat icarə haqqı alır. 4-cü bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: - xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən, “Alatava Avtonəqliyyat 2" ASC-yə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı və Qanuni nümayəndə əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. - Baş vermiş yanğın hadisəsi nəticəsində nəticədə alov genişlənərək qonşuluqda yerləşən, X11 və X21 icarə müqaviləsinə əsasən istifadə etdikləri təmir sexlərinə keçmiş, əmlaka maddi ziyan dəymişdir. - Yoxlama zamanı alınmış izahatlarla, yanğın haqqında aktla, alınmış rəylərlə və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, icarəyə verilmiş təmir sexində yanğın hadisəsi gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar təmir sexinin elektrik qurğularında nasazlığın olmasına baxmayaraq həmin qurğulardan istifadə olunduğuna görə, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.1, 3.5.2, 3.5.3.3 bəndlərinin və Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.5 bəndinin tələbləri sexin icarədarı İddiaçı tərəfindən və elektrik qurğularında yaranmış nasazlığın aradan qaldırılması təşkil olunmadığına görə “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 3.5.3.1,3.5.5.2, 3.5.4 bəndlərinin tələbləri "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən pozulmuşdur.

3. Fotoşəkillərdən görünür ki, dəzgahlar, “Mercedes Benz ML 400 Minik” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobil yanmış vəziyyətdədir.

4. İddiaçı tərəfindən tərtib edilmiş yanğında yararsız hala düşən dəzgah və avadanlıqların siyahısından görünür ki, həmin siyahıdadəzgah və avadanlıqların adı, modeli, sahibkarların adı, təyinatı, qiyməti, istehsal edildiyi il və ölkə göstərilmişdir.

1. Nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X25 ilə İddiaçı 17 fevral 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. 2001-ci il buraxılışı olan Mercedes benz 400 ML minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X12 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. 11.05.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində isə "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X24 Technology Co LTD-nin tapşırığı ilə X38 tərəfindən malı (printerler üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 1 ədəd bağlama (printer üçün hissələr) AR-in gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir.

4. 11.05.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannaməyə əlavəyə əsasən müəyyən edilir ki, (təmsilçi qismində isə "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) X39-Electronics Rm107 Bldg15 Jiangning China-nın tərəfindən malı (lazer dəzgahları üçün ehtiyat hissələri) qəbul edən (idxalatçı) İddiaçı 2 ədəd bağlama (motor) ARin gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir.

5. 30.08.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, (təmsilçi qismində isə "xxxx" MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) “X40 Technology Co” 250032 Jinan China tərəfindən malı (lazer dəzgahları üçün lampalar) qəbul edən (idxalatçı) İddiaçı 1 set (lazer dəzgahları üçün lampalar) AR-in gömrük sərhədindən keçirilərək İddiaçı göndərilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3685/2022 saylı iş üzrə qətnaməsi ilə İddiaçı 28.000 manat məbləğində pul vəsaitinin və 174 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 28.174 manat məbləğin X16 xeyrinə tutulması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli 9/9702 saylı ekspert rəyinə əsasən, 31 yanvar 2024-cü il tarixdə İddiaçı, cavabdehin nümayəndəsi və ekspert X7 iştirakı ilə əmlaka baxış keçirilmiş, baxış zamanı avadanlıqların yanaraq yararsız vəziyyətdı olduğunu nəzərəaə alaraq həmin avadanlıqların adlarını, texniki göstəricilərini və sayını müəyyən etmək mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə, internet saytlarının məlumatından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən əşyaların nəzəri orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. Avtomobil (model - Mİ320/2001-ci il) qiyməti - 10000 manat; Printerlər üçün ehtiyat hissələri (1 ədəd) -3000 manat, Lazer dəzgahına aid lampalar (5 ədəd-130-W-650 ABŞ dolları)- hər biri 800 manat, cəmi 4000 manat, Lazer Dəzgahları üçün ehtiyyat hissələri-3000 manat, İddia ərizəsində adları sadalanan avadanlıqların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 249980,0 manat müəyyən edilmişdir.

8. xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh ASC-yə pretenziya göndərilmiş, borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi tələb edilmişdir.

9. X9 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, 5 il müddətinə Alatava 2 küçəsində yerləşən sexdə həm işləmiş, həm icarəçi olmuşdur. Verilən suallara cavab olaraq, şahid yanğın baş verən zaman ona 35000 manat məbləğində zərər dəydiyini, üç nəqliyyat vasitəsi və diaqnostika aparatları yandığını, lakin zərərlə bağlı ona heç bir ödəniş edilmədiyini, tərəfindən polis orqanlarına müraciət edildiyini bildirdi. Ona aid əmlaka elektrik naqilləri iddiaçının istifadəsində olan sexdən çəkilmişdir. Şahid iddiaçıya hansı həcmdə ziyan dəydiyini və avadanlıqların hansı hissəsinin iddiaçıya məxsus olduğunu bilmədiyini bildirmişdir. X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh ASC-də çalışır. Yanğın hadisəsi elektrik enerjisi naqillərindən düzgün istifadə olunmaması nəticəsində, gecə saatlarında baş vermişdir. Suallara cavab olaraq şahid, elektrik işçisinin və hal şahidlərinin iştirakı ilə akt tərtib edilyini, iddiaçının sexdə avadanlığının sayının 2-3, lakin son vaxtlar çox olduğunu, yanğının İddiaçı sexinin giriş hissəsindən başladığını, iddiaçının sexindəki yanğın təhlükəsizliyinə onların cavabdeh olmadığını, onlara dəymiş zərərin həcminin 40000-45000 manat məbləğində olduğunu bildirmişdir. X2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, yanğın baş verən zaman ona 7000 manat məbləğində zərər dəymişdir. Suallara cavab olaraq şahid, yanğın hadisəsinin elektrik naqillərindən düzgün istifadə olunmaması nəticəsində baş verdiyini, elektrik naqilində nasazlıq olduğu vaxt Azər adlı şəxsə məlumat verdiklərini, toplam üç obyektə zərər deydiyini, zərərçəkən obyektlərə elektrik naqillərin iddiaçının icarəsində olan obyektdən çəkildiyini, ona dəymiş zərər ilə bağlı AR Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini bildirmişdir. X10 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o qeyri-yaşayış sahəsində gözətçi vəzifəsində çalışır. Suallara cavab olaraq şahid, mübahisəli yanğın hadisəsindən bir müddət əvvəl də iddiaçıya məxsus sexdə yanğın hadisəsinin baş verməsi barədə məlumatlı olduğunu, bununla bağlı akt tərtib olunduğunu, sayğacın obyektin giriş hissəsində solda yerləşdiyini, yanğın hadisəsinin gecə saatlarında baş verdiyini, ərazidə elektrik məsələlərinin tənzimlənməsinə nəzarət edən şəxsin Mikayılov Emin olduğunu bildirmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

10. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCdən vurulmuş maddi zərərə görə ümumilikdə 287.150 manat məbləğində pulun və ödənilmiş 578 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 aprel 2019-cu il tarixli, 58 nömrəli icarə müqaviləsi əsasında "xxxx" ASC-nin ərazisində yerləşən 105 kv.m ərazi ona mebel avadanlıqları dəzgahlarının təmiri və quraşdırılması üçün icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandığı gündən qüvvəyə minmiş və 31 dekabr 2021-ci il tarixədək qüvvədə olmuşdur. Müqavilənin 8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra tərəflərin birindən müqavilənin ləğv edilməsi və ya ona yenidən baxılması haqqında ərizə verilməzsə, müqavilə müddəti hər il uzadılmış hesab olunur. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən ”icarəçi icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır. Bütün bunların həyata keçirilməsi üçün hesab edir ki, müvafiq qaydada sahəni icarəyə verən şəxs bütün bu öhdəliklərin yerinə yetirilməsinin tələbi üçün icarəyə verdiyi sahə hər tərəfli texniki cəhətdən saz və şəraitli olmalıdır. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində "xxxx" ASC-yə məxsus ona icarəyə verilmiş təmir sexində başqa sexlərə onun icarəsində olan sexdən cavabdeh tərəfindən aparılmış yüksək gərginlikli kabellərin keyfiyyətsizliyi və yüklənmələri nəticəsində yanğın baş vermiş bununla da onun icarəsində olan təmir sexində yerləşən bütün mal və məhsullar, dəzgahlar yanaraq məhv olmuş, bununla da ona ümumilikdə 287.150 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində icarəsində olan təmir sexində baş vermiş yanğın nəticəsində iş adamlarına, sahibkarlara məxsus olan təmirdə və bərpada olan CNC, LAZER CO2, PLAZMA kəsim, Böyük formatlı Cap Printerləri, və sair ehtiyyat hissələri, diaqnostika avadanlıqları, ona məxsus elektronik təchizatlar, kompüter avadanlıqları, ofis ləvazimatları, şəxsi iş makinaları və Mercedes Benz Mİ320 markalı avtomobil tamamilə yanaraq məhv olmuşdur. Bunlardan əlavə sahibkar X17 34.000 manat dəyərində “Lazer FL 2130” 500W kəsim dəzgahı, X8 24.500 manat dəyərində “CNC 2136ATC” 7.5 KW Avtomatik MDF kəsim oyma dəzgahı, X22 14.000 manat dəyərində “CNC 240x120” 5kw, MDF kəsim oyma dəzgahı, X27 5.500 manat dəyərində “CNC 60x40” 1.5 kw, MDF kəsim oyma dəzgahı, X18 9.000 manat dəyərində “Lazer 9060 Kaitian 100w”, Lazer kəsim aparatı, X26 15.000 manat dəyərində “Lazer FL 1325” Lazer kəsim dəzgahı, X3 9.000 manat dəyərində “Lazer 1410” Lazer kəsim dəzgahı, ona məxsus 18.000 manat dəyərində “Plazma FL 1535” Plazma dəmir kəsim dəzgahı, X23 25.000 manat dəyərində “Mimaki S1320 s4” Yaponiya istehsalı böyük formatlı X44, X57 oglunun 9.000 manat dəyərində “Yingle 180 sm” eko solcap printeri, Səlim Həsənova məxsus 12.000 manat dəyərində “İnfiniti 320” reklam çap printeri, X15 18.000 manat dəyərində “Mimaki DS160” tekstil çap printeri, Aydın Abdulrzayevə məxsus 25.000 manat dəyərində “Skayjet UV 2412” Dəmir çap printeri, X4 9.000 manat dəyərində “Times T2” eko solvent çap printeri, X19 6.000 manat dəyərində “Epson UV 4880” köynəyə çap edən printer, X20 məxsus 6.000 manat “Epson UV 4480” köynəyə çap printeri, ona məxsus qalan avadanlıqlar, lazer kəsim. CNC və çap printerləri, ofis avadanlıqlarınıın yararsız vəziyyətdə düşmüşdür. Cavabdeh ona icarəyə verdiyi sexdən digər icarədə olan sexlərə yüksək gərginlikli elektrik kabelləri aparmış, yanğın həmin kabellərin keyfiyyətsizliyi və elektrik xətlərinə nəzarətsizliyin ucbatından baş vermişdir. Hadisənin baş vermə vaxtından və baş vermə saatından görünür ki,əraziyə gecə vaxtı nəzarət icarəyə verənin üzərinə düşmüşdür. Yanğın hadisəsi zamanı hadisə ilə bağlı izahatları alınmış digər icarəçilər X21, X5 və Cəfərov Anar adlı şəxsin icarələrində olan sahələrin işıq xətləri ona icarəyə verilmiş sahədən aparılmış və bununla da cavabdeh tərəfindən yanğın texniki təhlükəsizlik qaydaları ciddi surətdə pozulmuşdur. Cavabdeh təşkilatın səlahiyyətli şəxsləri, ondan hər ay icarə haqqını alan Cahanğirov Müslüm və Əliyev Azər adlı şəxslərdən icarəsində olan sahədən qonşu sahələrə aparılan yüksək gərginlikli kabellərin onun icarəsində olan sahədən çıxarılmasını dəfələrlə tələb etsə də cavabdeh tərəfindən heç bir qanuni tədbir görülməmişdir. Cavabdeh tərəfindən ona icarəyə verilmiş sahənin tavanı penoplast tikinti materialı ilə üzlənilmişdir ki, yanğın hadisəsi zamanı yanğının güclənməsinə səbəb olan əsas amillərdən biri həmin tikinti materialı olmuşdir. Ona icarəyə verilmiş sahənin giriş açarının bir nüsxəsi texniki qaydalara nəzarət üçün Müslüm və Azər adlı şəxslərə təhvil verilmiş, cavabdehə məxsus digər şəxslərə cəkilmiş yüksək gərginlikli kabellərə nəzarəti həmin şəxslər həyata keçirirdilər. Cavabdehin icarəyə verdiyi bütün sahələr tikinti texniki, yanğın tekniki təhülkəsizlik qaydalarına cavab vermir, hər an təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Hesab edir ki, cavabdehin təqsiri üzündən gecə vaxtı baş vermiş yanğın hadisəsi zamanı icarəsində olan sexdə yanmış və məhv olmuş əmlakların dəyəri olan 287.150 manat məbləğində maddi zərər cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməlidir. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində müvafiq qaydada araşdırma aparılmış 09 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. X33 Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli yanğın haqqında aktı ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus ərazidə İddiaçı icarəyə verilmiş təmir sexində baş vermiş yanğına səbəb elektrik naqillərində yaranmış qısa qapanma olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/4509 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən təmir sexində baş vermiş yanğının mənbəyi təmir sexinin arxa hissəsindəki sayca ikinci otağa daxil olduqda sağ divarın üzərinə quraşdırılmış eletrik lövhəsinin yerləşdiyi zonada olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək sexin diğər sahələrinə yayılmışdır.

12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1099-cu maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

15. Cavabdehin MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -493.1-ci maddəsinə görə əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. -509.1-ci maddəsinə görə birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. -1114.2-ci maddəsinə görə birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. - 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

19. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

21. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.3-cü və 3.4-cü bəndlərinə görə Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə məxsus İddiaçı icarəsində olan ünvan 2 ünvanında yerləşən təmir sexində yanğın baş vermişdir. Yanğın nəticəsində sexdə yerləşən İddiaçı və digər şəxslərə məxsus əmlaklara zərər vurulmuşdur.

24. Hazırda İddiaçı icarəsində olan təmir sexində yerləşən özünə, eləcə də digər şəxslərə məxsus əmlaklara yanğın nəticəsində dəymiş zərərin əvəzi olaraq 287.150 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tələb edir.

25. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmadığını araşdırmağı zəruri sayır.

26. Sözügedən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı özü iddia ərizəsində icarəsində olan sexdə yerləşməklə yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsini iddia etdiyi əşyaların bir hissəsinin ona deyil, üçüncü şəxslərə (dəzgah və avadanlıqlarını təmir edilməsi üçün təmir sexinə qoyan digər sahibkarlara) məxsus olduğunu göstərmişdir.

27. İş materialları ilə isə iddiaçının üçüncü şəxslərin (X28 və digərlərinə) mülkiyyətində olan həmin əmlaklar üzərində qanunla qorunan hər hansı əşya hüququna malik olması öz təsdiqini tapmamışdır.

28. Sözügedən şəxslərin onlara məxsus əmlaklara dəymiş zərərin əvəzini ondan tələb etmələri, o cümlədən həmin şəxslərdən X16 ona qarşı iddiasının Yasamal rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi ilə təmin edilərək Sərdar Nuruyevə dəymiş zərərə görə 28.000 manat məbləğində pul vəsaitinin ondan tutulmasının qət edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, üçüncü şəxslərin dəymiş zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməsi faktı özü-özlüyündə iddiaçıya üçüncü şəxslərə vurulmuş zərərin əvəzini tələb etmək hüququ vermir. Belə ki, Mülki Məcəllənin 1114.2-ci maddəsinin tələbləri baxımından yalnız zərərçəkmiş şəxslərə dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi halda iddiaçının digər zərərvuran şəxsə qarşı reqres qayda tələb hüququ yaranır.

29. Odur ki, üçüncü şəxslərə məxsus olan əmlaklara vurulmuş zərərin ödənilməsi hissəsində iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

30. Mülkiyyət hüququ X12 adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilməlidir ki, Vüsalə Əliyeva İddiaçı arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və İddiaçılərin birgə mülkiyyəti hesab edilir. Odur ki, İddiaçı Mülki Məcəllənin 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir.

31. İddianın mahiyyətinə gəldikdə qeyd etmək lazımdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələri təşkil edir.

32. Həmin maddələrin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən təqsirli hüquqazidd əməlin törədilməsi, iddiaçıya maddi zərər vurulması, hüquqazidd əməllə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu, eləcə də vurulmuş maddi zərərin məbləği müəyyən edilməlidir.

33. Məhkəmə tərəfindən müəyyən edilməli olan birinci məsələyə, yəni cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsi məsələsinə münasibətdə qeyd etmək lazımdır ki, mübahisəli yanğın hadisəsinin Cavabdeh ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir.

34. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi Qanuni nümayəndə hüquqazidd təqsirli əməlini fiziki şəxs qismində deyil, cavabdeh şirkətin kollegial icra orqanının rəhbəri, yəni hüquqi şəxsi təmsil edən və onun iradəsini ifadə edən şəxs qismində törətdiyindən onun törətdiyi təqsirli hüquqazidd əməl Cavabdeh ASC tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl kimi qiymətləndirilməlidir.

35. İcarə müqaviləsinin şərtlərinə əsasən yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edilməsinə görə icarəçinin məsuliyyət daşıması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, icarəçinin yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət etmək öhdəliyi daşıması icarəyə verənin də öz növbəsində icarə sahəsində quraşdırılmış ona məxsus elektrik qurğularının (hazırkı halda elektrik naqillərinin) işlək vəziyyətdə saxlamaq və həmin qurğularda yaranmış qüsurları aradan qaldırmaq öhdəliyi daşımasını istisna etmir.

36. Müəyyən edilməli olan ikinci və üçüncü hala, yəni cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl nəticəsində iddiaçıya maddi zərər vurulub-vurulmamasına gəldikdə yanğın nəticəsində iddiaçının icarəsində olan sexdə yerləşən əmlakların, o cümlədən Vüsalə Əliyevanın adına qeydiyyatda olan avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi yuxarıda istinad edilən cinayət işin başlanmasının rədd edilməsi barədə qərarla, iş materiallarında olan fotoşəkillər və videoyazı, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapır.

37. Beləliklə, işin yuxarıda göstərilən halları ilə Cavabdeh ASC tərəfindən törədilmiş delikt nəticəsində İddiaçı əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

38. Yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş real maddi zərərin həcminə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, iddiaçı yanğın hadisəsi baş verərkən sexdə yerləşən ona məxsus əşyaların siyahısını məhkəməyə təqdim etsə də, həmin avadanlıqların həqiqətən yanğın baş verərkən sexdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halın məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının gedişində də müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan əlavə İddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların əksər hissəsinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları da (gömrük bəyannamələri, alqı-satqı müqavilələri və s.) məhkəməyə təqdim edə bilməmişdir.

39. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin İddiaçı tərəfindən AR-ə idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Vüsalə Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir.

1. Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə münasibətdə qeyd edilməlidir ki, sözügedən avtomobilin yanğın hadisəsi nəticəsində yararrsız vəziyyətə düşməsi cinayət işin başlanmasının rədd edilməsinə barədə qərarla, eləcə də məhkəməyə təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir.

2. AR-ə gətirilməsinə dair gömrük bəyannaməsi təqdim edilən digər üç adda əşyalara münasibətdə isə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir.

3. Odur ki, avtomobilin, eləcə də printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyyat hissələrinə dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır.

4. Həmin əşyalara dəymiş zərərə görə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi ilə həmin əşyaların orta bazar qiymətlərinin ümumilikdə 20.000 manat (Avtomobil - 10000 manat; printerlər üçün ehtiyat hissələri (1 ədəd) -3000 manat, lazer dəzgahına aid lampalar - hər biri 800 manat, cəmi 4000 manat, Lazer dəzgahları üçün ehtiyyat hissələri-3000 manat) təşkil etməsi müəyyən edilmişdir.

5. Məhkəmə cavabdehdən tutulacaq məbləği müəyyən edərkən həmçinin nəzərə alır ki, cinayət işin başlanmasının rədd edilməsi qərardan da göründüyü kimi yanğın hadisəsi yalnız cavabdehin idarə heyətinin sədri tərəfindən deyil, eyni zamanda İddiaçı tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş vermişdir.

6. Odur ki, məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən həmin halı da zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə alır və belə qənaətə gəlir ki, zərərin yaranmasında cavabdehlə yanaşı iddiaçı da təqsirli olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulacaq zərərin əvəzi olaraq məbləğ iddiaçıya dəyməsi müəyyən edilmiş zərərin yarısı həcmində, yəni 10.000 manat məbləğində müəyyən edilməlidir.

7. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.

8. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 178 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

9. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 577 manat təşkil edir.

10. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdehdən, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən dəymiş zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti, eləcə də ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdehdən, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar